z

Qanlı yanvar faciəsinin 34-cü ildönümü

Qanlı yanvar faciəsinin 34-cü ildönümü

20 YANVAR / 2024 / 09:40

20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Bu, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan millətin tarixində şərəfli bir səhifədir. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar.
O gecə məsum insanlara açılan atəş tarixin axarını tam dəyişdi, milli intibahın, azadlıq hərəkatının qədərini müəyyən edən hadisə oldu.
    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilərək dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. 
Bu faciə əvvəlcədən planlaşdırılmış hərbi cinayət idi. 1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdir. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi.
Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.
1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılıb. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.
 Azərbaycan xalqı 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını unutmur. Hər il yanvarın 20 saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.
Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi, həm də əbədi yazıldı, Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider Heydər Əliyev dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı.
Ulu Öndərin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan ordusunun daha da qüdrətlənməsi, ən müasir döyüş silahları ilə təchiz olunması üçün həyata keçirdiyi siyasətin nəticəsidir, ki, torpaqlarımızın hər bir qarışı yağı düşməndən azad olunub, Milli Ordumuz düşmənin hər bir təcavüzünə layiqincə cavab verib, şəhid Vətən övladlrının qanı yerdə qalmayıb.
 “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur” – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.
     
Allah bütün şəhudlərimizə rəhmət eləsin!