z

20 Yanvar tarixi Bakı metropolitenində qeyd edilir

20 Yanvar tarixi Bakı metropolitenində qeyd edilir

20 YANVAR / 2024 / 09:08

1990-cı ilin qanlı 20 yanvar gecəsinin 34-cü ildönümü Bakı metropolitenində xüsusi tədbirlərlə qeyd edilir. Xalqımızın azadlıq tarixinin təməli qoyulan o müdhiş gecəni adında əbədiləşdirən “20 Yanvar” stansiyasının tərtibat işləri gecə növbəsində səhər saatlarına qədər yekunlaşdırılıb.
Stansiyada platformanın sütunlarına qərənfillərdən çələnglər qoyulub. Platformanın əsas giriş vestibülünün ön hissəsində üzərinə “20 Yanvar. Unutmadıq, unutmayacağıq” ifadələri yazılmış qərənfillərdən kompozisiya yerləşdirilib. Şəhidlərimizin əziz xatirəsinə xüsusi ehtiramın əlaməti kimi günorta saatlarına qədər platforma boyunca hər iki stansiya yoluna işçilərdən ibarət qarovul dəstəsi düzülüb. 
Stansiyanın hər iki vestibülündə 1990-cı ilin 20 yanvar gecəsinin və 1994-cü ilin 19 mart terroru qurbanlarının adları həkk olunmuş xatirə lövhələri olan divarlara qərənfillərdən çələnglər yerləşdirilib.
Bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi vasitəsilə vətənpərvərlik mövzusunda günün ruhuna uyğun musiqi parçaları və marşlar yayımlanır. Qatarlarda stansiyaların elanları ənənəvi musiqi parçaları və radioinformator elanı ilə deyil, maşinistlər tərəfindən səsləndirilir.
Saat 12:00-da metropoliten tunellərində olan bütün qatarlar stansiyalara çıxarılacaq və ölkə ərazisində bütün nəqliyyat vasitələrində olduğu kimi, stansiyalarda fasiləsiz fit səsi ilə müşayiət olunan anım dəqiqəsi keçiriləcək. Ənənəsinə sadiq qalan kollektiv nümayəndələri anım dəqiqəsini “20 Yanvar” stansiyasının platformasında sərnişinlərin və buraya gəlmiş ictimaiyyət nümayəndələrinin əhatəsində qeyd edəcəklər.
Hər il olduğu kimi, “Bakı Metropoliteni” QSC-nin kollektivinin nümayəndələri gün ərzində Şəhidlər xiyabanını ziyarət edir, Azərbaycanın azadlıq salnaməsinin qəhrəmanlarının məzarları önünə gül dəstələri qoyur, ruhlarına dualar oxuyurlar. 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə qətlə yetirilmiş Bakı metropoliteninin iki əməkdaşı - “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov Şəhidlər Xiyabanında günahsız qurbanların cərgəsində uyuyur.
Sovet qoşunlarının müxtəlif istiqamətlərdən şəhərə soxularaq silahsız insanları amansızlıqla güllə-barana qərq etdiyi o müdhiş gecə metro rəhbərliyin qərarı ilə sübhədək işləyərək atəş yağmurundan xilas olmaq istəyən, sığınacaq axtaranların ümid yerinə çevrilib. Fədakarlıqla yaralanmış insanların xəstəxanalara çatdırılmasında, küçələrdə yardıma ehtiyac duyanların dadına çatmış, bir sözlə, əsl qəhrəmanlıq nümunəsi göstərmiş Bakı metropoliteni kollektivinin faciənin miqyasının dəfələrlə böyük olmasının qarşısının alınmasında əvəzsiz xidmətləri olub.