z

Yenidən kabelləşmə enerji təhlükəsizliyini daha da optimallaşdırıb

Yenidən kabelləşmə enerji təhlükəsizliyini daha da optimallaşdırıb

24 YANVAR / 2024 / 09:53

Bakı metropolitenində qatarların hərəkəti əsas götürülməklə, həlledici əhəmiyyətə malik olan sahələrdə hər yenilik və innovativ həll təhlükəsizliyin artırılmasında xüsusi rol oynayır. 2023-cü il bu mənada, əsasən, üç istiqamətdə xüsusi işlərlə yadda qalıb.
Artıq qatarların hərəkətini təmin edən dartı yarımstansiyalarından xətlərin birləşdiyi sahədən ən vacib istiqamətlərdə kabel xətlərinin tamamilə yenilənib. Qatarların məhz elektrik enerjisi ilə hərəkət etməsini nəzərə alsaq, hərəkətin təhlükəsizliyi baxımından bu ən vacib müsbət yenilikdir. “28 May”, “Gənclik”, “Sahil”, “İçərişhər”, “Xətai”, “Nizami” istiqamətləri və mənzil yollarına, eləcə də rayon yarımstansiyalarına, ümumilikdə, 6 kV markalı 18 min 636 metr kabel xətləri çəkilərək yenilənib. Həmçinin müxtəlif istiqamətlər üzrə paytaxtın rayon yarımstansiyalarından metropolitenə gələn 10 kV markalı 5400 metr nəzərə alınmaqla, həmçinin və fərqli mənzillərdə 0,4 kV və 0,23 kV kabellərin də daxil olduğu 34 min 450 metr uzunluğunda müxtəlif diametrli kabel marşrutları yenidən qurulub.
Bütün bunlar 1967-ci ildən bu yana mövcud olan əsas elektrik təchizatının ən vacib tərkib hissi olan xətlərin tamamilə yenidən qurulması kimi mühüm təhlükəsizlik tədbirinin həyata keçirilməsi deməkdir. Bu işlərin ilboyu davamı kimi, şaxtalar, maşın zalları, platformaaltı sahələr, kabel kollektorları, depolar və s. nəzərə alınmaqla, daha 17 min 973 metr kabel xətləri də yenilənib.
İl ərzində elektrik təsərrüfatı ilə bağlı, növbəti mühüm yenilik yarımsatansiyaların inşası və yenidən qurulması ilə bağlı olub. Bunlardan birincisi şərti adı “B-04” olan stansiyanın elektrik təchizatının qurulması ilə bağlı olub. “28 May” yarımstansiyasının yenidən qurulması layihəsi isə tam həllini taparaq, istehsal olunmuş avadanlıqlar Bakıya göndərilib. Bununla bağlı, Bakı metropoliteni nümayəndələrinin Avstriyaya, eləcə də “Siemens”in rəhbər və mütəxəssis heyətinin Bakıya səfərləri məhsuldar alınıb. 
Sahələrdə və elektrik yarımstansiyalarında dövri təmir və yenilənmə tədbirləri sırasında avadanlıq və sistemlərin fəaliyyətini təmin edən yeniliklər də kifayət qədər olub. “Elmlər Akademiyası” və “28 May” (II çıxış) stansiyalarında, ümumilikdə, 3 güc transformatorunun, “Xətai” yarımstansiyasında 70 akkumulyator batareyalarının quraşdırılması qeyd oluna bilər.
İşıqlanma sistemində yeniliklər stansiyalarda həm texniki, həm də estetik və memarlıq görkəminin yaxşılaşdırılmasına əsaslı təsir edib. Yenidənqurma “Elmlər Akademiyası”, “20 Yanvar”, “Qara Qarayev” və “Sahil” stansiyalarında, eləcə də “Nərimanov” elektrik deposunun 2 texniki baxış-qulluq sahəsində tətbiq edilib. Bununla müasir sistemlərin tətbiqinə, ən əsası, elektrik enerjisinə qənaətə nail olunub. Həmin sistemlərə qulluq daha da asanlaşaraq sadələşib.
İlin üçüncü ən mühüm enerji təminatı yeniliyi yeni avtolaboratoriyanın istifadəyə verilməsidir. Yüksək texnoloji avadanlıqlarla təchiz edilmiş maşın 35 kV-a qədər yüksək gərginlikli kabellərin zədəli nöqtələrini, dərinliyini, qüsurların xarakterini qısa müddətdə dəqiqliklə aşkara çıxarmağa imkan verir.