z
24 YANVAR / 2024 / 13:06
Metropolitendə hərəkətin təşkili və tənzimlənməsi, idarəetmə sistemlərinin fəaliyyəti, infrastrukturun normal fəaliyyəti, təhlükəsizliyi baxımından 2023-cü ildə rəqəmsal texnoloji inkişaf baxımından seçilib.
“Xocəsən” stansiyası və ən əsası, elektrik deposunun istismara verilməsi bu işlərin sürətini artırıb. Hələ konseptual inkişaf sxemi təsdiq edilərkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən, yeni xətlərdə ən müasir sistemlərin tətbiqi nəzərdə tutulub. Məhz layihələndirmə zamanı infrastruktur idarəetməsində müasir SCADA və gələcəkdə qatarların hərəkətinin təşkilində isə radiodalğaların (CBTC) sistemlərinin tətbiqi məqsədilə işlər məhz təməldən planlı aparılır. Bununla bağlı hələ 2019-cu ildə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransaya rəsmi səfəri çərçivəsində “Thales” şirkəti ilə “Xocəsən” elektrik deposunun müasir sistemlərlə təchizatı məsələsində müqavilə imzalanaraq, depo infrastrukturunun qurulması məhz bu əsasla təmin edilmişdi.
Yeni deponun istismara verilməsi həm də xəttin funksional fəaliyyətinin qurulmasında irəliyə addımdır. 2023-cü ildə Bənövşəyi xəttin “Xocəsən” elektrik deposunun yol sektorlarında, “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiya yollarının girişlərində SAT sistemi tətbiq edilməklə ən yeni sistemlər tətbiq olunub, qatarların təhlükəsiz hərəkətinin təşkili təmin edilib. Bu xüsusda Bənövşəyi xəttin və stansiyalarının sxematik planları elektronlaşdırılıb. “Avtovağzal” və “8 Noyabr” stansiyalarının marşrutlarının və yoldəyişdiricilərin qarşılıqlı asılılıq cədvəlləri də elektron əsasda qurulub. Bənövşəyi xəttin texniki techizatının başlanğıcı olan avadanlıqların pasportlaşmasında dəyişikliklər aparılıb.
Yeniliklər sürət hədləri ilə bağlı təhlükəsizlik tədbirlərinə də baxışı dəyişir. Bununla əlaqədar xəttin mənzil və stansiyalarında sürətə nəzarət və tənzimləmə qurğuları quraşdırılıb və hərəkətin təşkilinin yeni tələblərinə uyğun sürətin avtomatik tənzimlənməsinin prinsipial sxemində dəyişikliklər edilib. “Xocəsən” elektrik deposunda vaqonların təmiri sexində işlərə başlanılması səbəbilə 8 səsyayım avadanlığı quraşdırılmaqla müvafiq xəbərdarlıq sistemləri ilə təchiz olunub.
Mühüm təşkilati vəzifələrdən SCADA proqram təminatının yeni versiyası tətbiq, yarımstansiyaların bu sistemlə qoşulması məqsədilə şəbəkə dəstəyinin verilməsi qeyd oluna bilər. Ən vacibi, “Elmlər Akademiyası” stansiyasının inzibati binasında xəttin mərkəzləşdirilmiş dispetçer məntəqəsinin işləri təkmilləşdirilməklə yenidən qurulmağa hazır vəziyyətə gətirilib. "Avtovağzal" stansiyasında yerləşən mərkəz buraya köçürülüb. Ümumiyyətlə, burada ən müasir rəqəmsal sistemlərlə təchiz edilmiş yeni vahid dispetçer mərkəzinin yaradılması istiqamətində tədbirlər davam etdirilir.
2023-cü ildə mühüm yeniliklər, sədəcə, Bənövşəyi deyil, digər xətlərdə də həyata keçirilib. Bu sırada Bakı metropoliteni stansiyalarında mərkəzləşdirmə məntəqələrinin rəqəmsallaşdırılması baxımından mühüm yeniliyin təməli qoyulub. Bununla stansiyaların idarə edilməsinin avtomatlaşdırılması həyata keçiriləcək. Bu xüsusda müvafiq avadanlıqların quraşdırılması ilə “Əhmədli” stansiyasında uğurlu test sınaqları aparılıb. Metropoliten daha bir yeniliyin astanasındadır. Yoldəyişdiricilərin yeni diaqnostika cihazı əsasında araşdırılmalar yekunlaşmaqla hazırlıq tətbiqlərinə başlanılıb. “Nərimanov”, “Koroğlu”, "Elmlər Akademiyası", “Nəsimi”, “Memar Əcəmi” (Bənövşəyi xətt) stansiyalarında yeni müasir tipli tunelə keçidə nəzarət qurğusunun tətbiqi qeyd edilən stansiyalarda avtomatlaşdırmaya keçidin daha bir nümunəsidir.
Metropolitendə yeni sistemlərin tətbiqi öz yerində, onların təhlükəsizliyinin və etibarlı proqram təminatının qurulması da vacibdir. Bu mənada innovasiyalar və təkmilləşdirmə qrupunun formalaşdırılaraq fəaliyyətinin gücləndirilməsi xüsusi diqqət çəkir. Təhlükələrdən maksimum qorunması məqsədilə təhlükəsizlik proseslərinin uzlaşdırılması və serverlərdə optimallaşdrıma tədbirləri görülüb. Həmçinin ehtiyatda olan FEP tətbiqlərinin sistemdə əks olunması təmin edilib.
2023-cü ildə Qırmızı xəttin avadanlıqlarının pasportlaşması müvafiq dəyişikliklər əsasında aparılıb. Qırmızı və Yaşıl xətlərdə 47 svetoforda közərmə lampalarının əvəzinə müasir işıqdiodlu başlıqlar quraşdırılması başa çatdırılmaqla, sxemlərdə, 2 svetoforun elektromexaniki avtostopunun elektrik intiqalında müvafiq dəyişikliklər yerinə yetirilib və bu da hərəkətin təhlükəsizliyində daha bir yenilikdir. Tunellərdə hərəkətin təşkilində xüsusi əhəmiyyət kəsb edən drossel-transformatorların yeni nəsil avadanlıqlarla əvəzlənməsi də davam etdirilib. 2023-cü il ərzində 38 müasir tipli, daha güclü yeni drossel-transformatorlarla əvəz edilməsi yeni dövrün tələblərinə uyğun olaraq, qatarların dartı gücünü təmin edən elektrik enerjisinin daha müasir qaydada ötürülməsinə xidmət edir. Daha 11 rels dövrəsində drossel-transformatorların müvafiq hissələri yenidən yığılıb. Təkmilləşdirmə işləri srasında metropoliten üçün xüsusi əhəmiyyətə malik “Nizami-28 May” mənzil yolunda svetoforun marşrut göstəricisinin yerinin dəyişdirilməsi hərəkətin təşkilində daha münasib yanaşmanı təmin edib.
Sərnişinə xidmət sahəsinin mühüm işləri sırasında "Gənclik", " Nərimanov", "Ulduz", “Dərnəgül”, "Memar Əcəmi", “20 Yanvar” stansiyalarının istiqamət göstəricilərinin normativ müddətləri çatdığından idarəetmə sxemlərində dəyişikliklər edilməsi mümkün uyğunsuzluqların qarşısını alıb. "Memar Əcəmi" və “Elmlər Akademiyası” stansiyalarında dəyişikliklərlə əlaqədar müvafiq sistemlərə düzəliş edilməklə yanaşı, mərkəzləşmə məntəqəsində yeni tipli panel quraşdırılıb və effektivliyi müəyyən edildiyindən bu işlər davam etdiriləcək.
Yenidən qurulan “Cəfər Cabbarlı-Xətai” mənzilində isə bir yolda magistral xəttin sxemi elektronlaşdırılıb.
Sərnişinlərin bəzən hiss etdikləri, qatarların qəfil əyləcləməsi ilə bağlı tədbirlər də effektivliyini artırır. Bununla əlaqədar Qırmızı və Yaşıl xətt rels dövrələrində tezliyin olmaması adlandırılan hallarının qarşısının alınması məqsədilə müvafiq qurğuların prinsipial sxemlərində dəyişikliklər aparılaraq elektronlaşdırılıb. “Neftçilər” stansiyasının dəvətedici işarələrin prinsipial sxemlərində də dəyişikliklər edilməklə tam elektronlaşdırılıb. Tezliklə “Həzi Aslanov” stansiyasının dalan yollarında əsaslı təmir və yenidənqurma işləri başlanılacaq. Bununla əlaqədar kabel planında dəyişikliklər aparılmaqla elektronlaşdırma işinin həyata keçirilməsi gələcəkdə burada hərəkətin təşkili baxımından problemlərin yaranmamasını təmin edəcək. Ümumiyyətlə, burada təmir başlandıqdan sonra metropoliten xətlərində hərəkətin təşkilində bir sıra əsaslı dəyişikliklər edilməlidir və buna uyğun olaraq, qatarların hərəkətinin texniki detalları ilə bağlı əsas hazırlıq tədbirləri yekunlaşdırılıb.
Metropoliten üçün idarəetmə sistemlərində mühüm rol oynayan rabitə sistemlərinin müasirləşdirilməsinin və təhlükəsizliyinin artırılmasının xüsusi əhəmiyyəti var. İstismar müddətini başa vuran avadanlıqlar çıxarılır və müasirləri tətbiq olunur. 2023-cü ildə “28 May” stansiyasında selektor rabitəsinə yeni "Kaskad-14(Р)" tipli kommutator tətbiq edilib. Bundan savayı, stansiya və yol mənzillərində 80, yoldəyişdirici və yerli rabitə məqsədilə 18 köhnəlmiş telefon rabitə qurğusu müasir tipli aparatlarla əvəzlənib. Bundan savayı, bir sıra stansiyaların müxtəlif sahələrində də müasir rabitə aparatları quraşdırılıb.
İlk baxışda, xətlərdə hərəkətin təşkili, sadəcə, qrafiklərin dövri yenilikləri ilə aparılır. Lakin əslində bunun üçün kifayət qədər lokal texniki tədbirlər görülür. Mahiyyəti açıq görünməsə də, bəzi məqamları sadalayaq:
• İl ərzində istismar müddətini başa vurmuş və ya sıradan çıxmış 4500 rele və 600 SAT aparatları, 1375 qoruyucu, 125 köhnəlmiş cemper atqısı, yol davamiyyətli stansiyalarda 52 rele sisteminə xidmət göstərən 52 xüsusi tipli akkumulyator dəyişdirilib.
• "Cəfər Cabbarlı" ilə yanaşı, “Dərnəgül” stansiyasının montaj sxemlərində dəyişikliklər aparılıb.
• Qırmızı və Yaşıl xətlərin stansiyalarında, “Nərimanov” elektrik deposunda yeni qida lövhələri quraşdırılmaqla, yarımstansiyalardan gələn ehtiyat 24 V sabit cərəyan gərginlik xəttinin qoşulması üçün qəza relesi əsasında sxem hazırlanıb.
• Xətlər boyu avadanlıqlarda birləşdirici elementlərin lehimləri yenilənib, onların keyfiyyətinin və montaj naqillərinin kip bağlanılması yoxlanılıb.
• İşarəvermə, mərkəzləşmə və bloklama qurğularının montaj və prinsipial sxemlərinin işlək avadanlıqlarla uyğunluğu ilə bağlı sxemlərdə müvafiq dəyişikliklər aparılıb və hazırda davam etdirilir.
• Xətlərdə svetoforlar və onların rele dövrəsində bütün parametrlər növbədənkənar yoxlanılıb.
• “Həzi Aslanov” və “Neftçilər” stansiyaları, habelə, "Nərimanov" elektrik deposunda ətalətli və ya tərpənməz avtostoplar dəyişdirilib.
• Elektrik yarımstansiyalarının da vahid dispetçer elektron saat sisteminin yenilənməsi prosesi davam etdirilir. “Nərimanov”, “Koroğlu”, “Qara Qarayev”, "Neftçilər", "Nərimanov" elektrik deposundakı yarımstansiyalarda bu işlər yekunlaşdırılıb.
• “İçərişəhər” stansiyasının bir yolunda 8 əlavə dalğaötürücü izoləedicisi quraşdırılıb.
• Kabel təsərrüfatı ilə bağlı stansiya və yol mənzillərində 277 korroziyaya uğramış kabel metal konstruksiya, 766 kabel bərkidici elementləri dəyişdirilib, 44 min 441 metr uzunluğunda yeni kabel xətləri çəkilib.