z

Bir qatarda unikal layihə, 2 stansiya və 10 obyektdə yeni sistemlər quraşdırılıb

Bir qatarda unikal layihə, 2 stansiya və 10 obyektdə yeni sistemlər quraşdırılıb

01 FEVRAL / 2024 / 16:51

Bakı metropoliteninin təhlükəsizliyinin və etibarlı mühafizəsinin təşkil və təmin edilməsində xüsusi əhəmiyyətə malik sahənin bir ili yüksək nailiyyətlər dövrü də adlandırıla bilər.
Qəza-məşq oyunları hazırlığın əsas meyarıdır
Yanğın təhlükəsizliyi ilə bağlı məsələlərə xüsusi önəm verilməsinin ilk göstəricisi olaraq, Fövqəladə Hallar Nazirliyi və onun aidiyyəti qurumları ilə birgə sıx əməkdaşlıq və fəaliyyət göstərilməlidir. Bu mənada birgə razılaşdırılaraq təsdiq olunmuş proqrama uyğun, Dövlət Yanğın Nəzarəti Xidmətinin metropolitenin stansiya və tunellərində, tikinti sahələrində, xidmətlərində gecə yoxlamaları, eləcə də planlı və plandankənar yanğın-texniki müayinələrində yaxından iştirakı təmin edilib. Ən vacib məsələlərdən biri kimi, nazirliyin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri hər ay olmaqla, stansiya və obyektlərdə, eləcə də rüb ərzində ən azı bir dəfə depolarda yanğınların söndürülməsi ilə bağlı müxtəlif mövzularda 16 qəza təlim-məşqi keçirilib. Bu məşqlərin təşkilati işlərində yaxından iştirak edən Mühafizə və yanğın təhlükəsizliyi xidməti həm də Bakı metropoliteninin aidiyyəti strukturlarının cəlb edilməsi, qarşılıqlı və birgə fəaliyyətin təmin olunması, metropolitenin bu işə cəlb edilmiş bölmələrinin fəaliyyətinin yüksək səviyyədə təmin edilməsində əsas rol oynayıb.
Təbii ki, bunlara paralel olaraq, xidmət özü də stansiyalarda və digər obyektlərdə yanğın-texniki baxışlar keçirib. Bu zaman ümumilikdə 303 nöqsan və qüsurla bağlı aidiyyəti üzrə 209 xidməti məktub ünvanlanaraq, məsələlərin həlli təmin olunub. Bu xüsusda struktur bölmələrdə 2705 nəfər işçiyə yanğın təhlükəsizliyi üzrə dövri təkrar təlimat keçirilib. Bununla yanaşı, metropolitenin Bilgəh qəsəbəsində yerləşən sağlamlıq  mərkəzində istirahət edən 707 nəfər əməkdaş və ailə üzvləri yanğın əleyhinə təlimatlandırılıblar.

Yanğın əleyhinə sistemlərlə təchizat əsas məsələdir
Məsələnin bir tərəfi personalın hazırlığının və avadanlıqların işlək vəziyyətdə olması və buna nəzarətdirsə, digər tərəfi texniki təchizatın optimal səviyyədə olması və yeniliklərdir. Bu mənada 2023-cü il metropoliten üçün ən yüksək nailiyyətlərə doğru addımların atılması ilə yadda qalıb. Bu mənada qatarlarda yanğın təhlükəsizliyinin optimallaşdırılması xüsusi əhəmiyyət kəsb edir. 2023-cü ildə tenderə çıxarılmaqla bir qatar tərkibində pilot layihə kimi ən müasir və unikal avtomatik yanğınsöndürmə sistemi quraşdırılıb. Bu sistem nəinki yanğın xəbərdarlıq, daha vacibi, yanğına qarşı vaxtından əvvəl məlumatlandırma və nəzarət sistemi ilə təchiz edilib. Vaqonlarda yanğın təhlükəsizliyinin əsas parametrləri üzrə avtomatik proqram təminatı nəzarəti təmin edilməklə, bu və digər normaların izlənilməsi sistemi fəaliyyət göstərir. Mərkəzləşmiş qaydada nəzarət sisteminə normadan kənara çıxmalar qeyd olunmaqla xəbərdarlıq siqnalı və məlumatlar dərhal aidiyyəti sahəyə verilərək, qatarlarda müvafiq işlərin aparılmasını və yoxlanılmasını təmin edir.
Əldə olunmuş müsbət nəticələrə uyğun qaydada, növbəti tenderlə sistemin daha 3 qatarda quraşdırılması da təmin edilib.
Stansiyaların yanğın təhlükəsizliyi sistemlərinin müasir tələblər səviyyəsinə çatdırılması da davam edir. 2023-cü ildə tender əsasında “Nəsimi” stansiyasında avtomatik yanğın xəbərverici sistem yenisi ilə əvəzlənib, “Nizami” stansiyasında isə sistem tam komplektləşdirilib. 18 digər obyektdə texniki servis xidməti avtomatik yanğın xəbərverici sistemləri yeni əsaslarla bərpa edib. İnzibati binalar, şaxtalar, kollektorlar, yarımstansiyalar, maili enişlər və müxtəlif obyektlər daxil olmaqla, avtomatik yanğın xəbərverici sistemlər ümumilikdə 6 obyekti əhatə edən 7422,3 m2 ərazidə quraşdırılıb, 4 obyektin isə 7161 m2 ərazini əhatə edən müxtəlif sahələrində komplektləşdirilməsi tamamlanıb.
Stansiya və obyektlərdə mövcud ilkin yanğınsöndürmə vasitələrinin istismara yararlılığına nəzarət edilməsi təmin olunub. 5100 odsöndürənin tender əsasında xüsusi lisenziyaya malik təşkilat tərəfindən istismar qaydalarına uyğun müddətlərdə sınaqdan keçirilməsi, doldurulması və təmiri təşkil edilib. Bundan savayı, 882 ədəd yanğınsöndürmə su qollarının texniki vəziyyəti yoxlanılıb və istismar müddəti başa çatanlar dəyişdirilib.
İl ərzində metropolitendə 1806 qaynaq və digər odlu işlər razılaşdırılmaqla yerinə yetirilib.

Mühafizə və sərnişin təhlükəsizliyi tədbirləri diqqətdən kənar saxlanılmır
Metropoliten obyektlərinin mühafizəsi, sərnişindaşıma zamanı operativ təhlükəsizlik tədbirlərinə cəlbolunma və digər məsələlərin də əhəmiyyəti danılmazdır. Hesabat dövründə 37 məntəqə üzrə nəzarət-buraxılış və obyektdaxili rejimə daimi nəzarət təmin edilib. İl ərzində 23 tədbir zamanı xidmətin 224 əməkdaşı təhlükəsizlik tədbirlərinə cəlb olunub. 6 stansiyada isə sərnişindaşımanın gur saatlarında hərəkətin təşkilinə köməklik məqsədi ilə gündəlik olmaqla 11 əməkdaş vaqonlara minib-düşmə qaydalarına, stansiya platformasında bərabər paylanma, sərnişin axını istiqamətlərinin tənzimlənməsinə riayət olunması kimi məsələlərdə iştirak edib.
İl ərzində monitorinq və yoxlamalar da müntəzəm təşkil olunub. Mühafizə və digər müvafiq xidmətin təşkilinin, 7-si qəfil olmaqla, 344 yoxlaması aparılıb. Yoxlamaların nəticələrinin müzakirəsi və təhlili, nəticələr əsasında tədbirlərin görülməsi təmin edilib.