z
02 FEVRAL / 2024 / 12:39
Metropolitenin müasir dövrünün ən böyük uğurları sırasında Təlim-tədris mərkəzinin fəaliyyətə başlaması və onun uğurlarının davamlı olaraq artması xüsusi yer alır. Çünki rəqəmsal və innovativ texnologiyaların, informasiya-kommunikasiya sistemlərinin daha çox həyatımızın hər bir sahəsinə daxil olaraq, həlledici rol oynamağa başlaması yeni dövrün əsas çağırışlarını müəyyən edir. 2023-cü il metropoltenin Təlim-tədris mərkəzi üçün ən uğurlu layihələr dövrü olub. Ənənəvi işçi hazırlığı, ixtisasartırma və dəyişmə ilə yanaşı, Mərkəz Bakı metropoliteninin kadr bazasını formalaşdıran və onu yeniləyən infrastruktura çevrilib.
2023-cü ildə Mərkəzdə 624 işçi cəlb olunmaqla 2689 saat təlim keçirilib. Bu işçilərin 80-i maşinistlər, 66-sı işarəvermə və rabitə, 63-ü hərəkət, 56-sı elektrik təchizatı, 54-ü SƏTƏMM, 51-i dispetçer, 28-i yol, 19-u vaqon təsərrüfatı, hərəsi 9 olmaqla eskalator və tunel qurğuları üzrə təlimlərə qatılıb.
Təmas relsi gərginlik altında olduqda tunelə və yerüstü sahələrə keçid hüququnun verilməsi üzrə və istismar üzrə struktuların rəhbər və mühəndis-texniki işçiləri üçün ixtisasartırma, elektrotexniki və elektrotexnoloji heyətin elektrik təhlükəsizliyi kurslarında 189 nəfər iştirak edib.
İlin ən tərəqqipərvər layihəsi “Davamçılar” adı ilə gənclərin idarəetmə sistemində yetişdirilməsi olub. Perspektiv vəd edən səriştəli işçilər müəyyənləşdirilmiş kriteriyalar üzrə seçildikdən sonra təlim planlaması aparılıb. İlk mərhələdə rəhbər vəzifələrə 45 namizədə daxili təlimat və qaydalar üzrə təlimlər keçirilib və bacarıqları dəyərləndirilib. Layihə 2024-cü ildə də davam etdiriləcək.
“Təcrübəçi” adlanan layihə də sürətlə inkişaf etdirilir. Bu layihənin əsas məğzi iş və ixtisas üzrə əmək təcrübəsi olmayan məzunların Mərkəzdə işçi ştatına qəbul olunması və daha sonra ixtisasına uyğun sahələrdə təcrübə toplaması, kollektivə uyğunlaşması, nailiyyətlərə yol açması olub. Uyğunlaşma mərhələsindən sonra iş yerində usta və təlimçinin nəzarəti altında 3 ay sınaq müddəti ilə bu şansdan istifadə edənlərin də sırası genişlənməkdədir. 2023-cü il ərzində layihəyə cəlb olunan 23 nəfərdən 15-i (3-ü elektrik təchizatı, 4-ü dispetçer, 1-i SƏTƏMM, 1-i yol təsərrüfatı, 4-ü işarəvermə və rabitə, 2-si vaqon təsərrüfatına) işə qəbul olunub. Hazırda 6 nəfərin hazırlığı davam edir. Yalnız 2 müdavim layihədən kənarlaşdırılıb. Bu xüsusda bir istiqamət üzrə layihədən bəhs etmək lazımdır. Mərkəzləşdirilmiş dispetçer xidmətinin müstəqil struktur kimi formalaşması ilə metropoliten tarixində ilk dəfə elektrik dispetçeri hazırlığı kursları başa çatdırılıb. Bir neçə dəfə verilmiş elan əsasında, xüsusi proqram üzrə 9 ay nəzarət altında nəzəri və praktiki təlimlərə cəlb olunmuş 4 müdavim işə qəbul edilib.
Qatar maşinisti peşəsi üzrə kurslar da artıq özünü doğruldub. İlk dəfə 2018-ci ildə tamamilə yeni və müasir üsulla başlanan kurslardan çıxmış 60-dan artıq gənc bu gün xətlərdədir. Onlardan 14-ü 2023-cü ilin məzunlarıdır. Onlardan biri isə xanım maşinistdir. Nəzəri təlimlər, tunel və depo təlimləri, praktiki və trenajor məşqləri ilə hazırda daha 8 nəfərin hazırlığı davam etdirilir.
Maşinistlərin gərgin iş rejimi nəzərə alınaraq, təkmilləşdirilməsi ilə yanaşı, işə son dövrlərdə qəbul olunmuş 32 maşinistin psixoloji vəziyyətinin təhlil edilməsi məqsədi ilə psixoloqla fərdi görüşlər təşkil edilib, təhlillər aparılıb və bu əsasda maşinistlərə dəstək verilərək onlarla iş gücləndirilib. Bundan əlavə, 674 stansiya işçisinin də psixoloqla fərdi məsləhətləşmələri təşkil edilib.
Bütün maşinist heyətinin əmək qabiliyyəti və çevikliyini daim hazırlıqlı saxlamaq məqsədi ilə yeni və əvvəlki nəsil baş vaqonları üzərində qurulmuş trenajorlarda qəza-məşq oyunları müntəzəm təşkil edilib. Yeni nəsil qatarlarının trenajorunda 57 mövzu üzrə 1372, 3-cü nəsil qatarlarının trenajorunda isə 49 mövzu üzrə 2147 maşinist qəza-məşq oyunlarına cəlb edilib. Trenajorun müsbət cəhəti maşinistlərin məhz ən zəif cəhətlərinin aşkar edilərək, onlara müvafiq dəstəyin verilməsidir. 2023-cü il ərzində zəif nəticə göstərən 59 maşinist üçün əlavə məşqlər keçirilib.
Həmçinin maşinistlərin idarəetmə vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə Mərkəzin təlimatçıları xətlərdə maşinistləri müntəzəm olaraq müşayiət edirlər. İl ərzində 3-cü nəsil qatarlarda 364, yeni nəsil qatarlarda isə 251 nəfərlə nəzarət-təlim gedişləri aparılıb.
Metropolitendə cəmi 3 tərkibdə olan 81-760/761/763 seriyalı vaqonlar üzrə trenajor olmadığından maşinistlərin idarəetmə və qəza-məşq oyunları 24 maşinistlə “Nərimanov” elektrik deposunun texniki baxış-qulluq sahələrində və sınaq yolunda praktiki olaraq təmin edilib.
“Hibrid maşinist” adlandırılan layihə üzrə köhnə nəsil qatarların mənimsənilməsi və idarə edilməsi təlimləri hesabat ilində 2 aylıq proqram əsasında 20 maşinistə öyrədilib.
İl ərzində Mərkəzin təlimçi heyəti 171 qəza-məşq oyununda iştirak edib.
Metropolitendə kadrların yüksəlişinin daha bir proqressiv qaydası da 2023-cü ildən tətbiq edilir. Vəzifə və dərəcə artımı imtahanlarından əvvəl işçilərin peşə vərdişləri yoxlanılır. Bu dəyərləndirilməyə 15 dəfə 8 struktur vahidi üzrə 76 nəfər əməkdaş cəlb edilib. Onun əsas üstünlüyü nəzəri biliklərin yoxlanılması ilə yanaşı, işçinin praktiki bacarıqlarına da diqqət ayrılmasıdır. Bu əsasda işçilərə ən dəyərli tövsiyə və istiqamətlər verilir və inkişafına yol açılır.
Tədris vəsaitlərinin hazırlanması da diqqətdə saxlanılır. 2023-cü ildə təlimlərin keyfiyyətini artırmaq, tədrisi asanlaşdırmaq və yeni avadanlıqların düzgün istismarını təmin etmək məqsədi ilə əcnəbi dillərdən ədəbiyyatların tərcüməsi və mövcud ədəbiyyat və təlimatların təkmilləşdirilməsi davam etdirilib. “81-765/766 seriyalı vaqonlardan ibarət elektrik hərəkət qatarlarının qəbulu, təhvili, baxışı, xətdə işləməsi və manevr işlərinin yerinə yetirilməsi qaydaları haqqında təlimat” təsdiq edilib. “Metropolitendə İMB avadanlıqlarına texniki xidmət zamanı qatarların təhlükəsiz hərəkətinin təmin olunması” təlimatı Azərbaycan dilinə tərcümə edilməklə yenidən tərtib olunub. “Elektrik hərəkət qatarının maşinisti peşəsinə təyin edilməmişdən əvvəl praktiki hazırlığın keçirilməsi qaydaları” isə hazırlıq mərhələsindədir. “Metropolitendə qatarların hərəkətinin avtomatikası və telemexanikası” (İşarəvermə, mərkəzləşdirmə, bloklama) və “Yolun cari saxlanmasında görülən işlərin texnologiyası” kitablarının hazırlanmasına başlanılıb. Ən mühüm ədəbiyyat kimi, metropoliten strukturlarını və onların tabeliyində olan texnika və avadanlıqları özündə əks etdirən “Metropolitenin ümumi kursu” kitabının hazırlığı üzrə işlər yekunlaşmaqdadır.
Mərkəz həm də korporativ sosial məsuliyyət proqramları və layihələrinin də mərkəzinə çevrilib. Metropolitençi övladları və nəvələri üçün robototexnika və təməl elektronika kursları yenidən təşkil edilib. 8-16 yaş arası uşaqların cəlb olunduğu kurslar yaş və ağırlıq səviyyəsinə uyğun mövzular əsasında təşkil olunub. Ümumilikdə 4 qrup üzrə 34 nəfər kurslarda iştirak edib və yekunda 23 nəfərə sertifikat verilib. Təlim-tədris mərkəzi və “Nərimanov” elektrik deposuna ekskursiyaların təşkilində il ərzində 129 nəfər iştirak edib. Bu sırada 58 nəfər könüllülər proqramlarının iştirakçıları, 16 tələbə tunel və stansiyalara, 30 nəfər depo sahələri, 25 nəfər isə təlim-tədris mərkəzində olub.
2023-cü ildə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə qarşılıqlı əməkdaşlığa dair yeni razılaşma imzalanıb. İstehsalat təcrübələrində 6 təhsil müəssisəsindən (AzTU, ATMU, AzMİU, ADNSU, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, MAA) ümumilikdə, 213 nəfər cəlb olunub.
“Gələcəyə bizimlə addımla” layihəsi çərçivəsində tələbələrin bilik və səriştəliklərinə töhfə vermək məqsədi ilə metropoliten və şəxsi inkişaf mövzularında 5 seminar təşkil edilib. “Karyera planlama və inkişaf”, “Metro tikintisi və perspektiv inkişaf”, “Dəmiryolu təsərrüfatı”, “Mühasibat uçotunun məqsədi və prinsipləri” və “Sağlamlıq və əməyin təhlükəsizliyinin idarəetmə sistemi” mövzularında keçirilən seminarlarda 230-dan artıq tələbə (BMU, ADNSU, MAA, AzTU, AU, BDU, AzMİU) iştirak edib.
Təlim-tədris mərkəzinin rentabelliyini artırmaq istiqamətində ödənişli təlimlər təşkil olunması üçün müxtəlif şirkətlərlə görüşlər keçirilib. “İndustrial Support And Training Servisces” Əlavə Təhsil Mərkəzi MMC və “Legalize Academy” ilə birgə təlimlərin keçirilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb və təlimlər başlanılıb.