z
06 FEVRAL / 2024 / 09:18
Metropolitenin istismarı və tikintisini əhatə edən işlərin əsası maşın və mexanizmlərin məhsuldar işindən də çox asılıdır. 2023-cü ildə təsərrüfat sahələri 11 min 921 maşın-mexanizm və 4 min 384 təsərrüfat qatarı və qoşqularla təchiz olunub.
Maşın mexanizmlər istər gecə, istərsə də gündüz növbələrində bütün sahələrin nəqliyyat ehtiyaclarını ödəməklə, ümumən, bütün metropoliten üzrə fəaliyyətin səmərəli işinin qurulmasını, işçilərin sahələrə, ən əsası, qatar maşinistlərinin işdən evə, evdən isə qatarların xəttə çıxacağı sahələrə vaxtında çatdırılmasını təmin edib. Yeri gəlmişkən, 2019-cu ildən Bakı metropolitenində artıq özünü tam doğrultmuş layihə həyata keçirilərək, maşinistlərin metropolitenin qonaq evləri və depoda gecələməsi ləğv edilib və bunun nəticəsində iş rejiminin yenidən və maşinistlər üçün daha münasib qaydada qurulması səmərə, qənaət və ən vacibi, işin keyfiyyətini əsaslı şəkildə artırıb.
Mototəsərrüfat qatarları gündüz vaxtlarında depolarda müxtəlif sifarişlərin icrasını həyata keçirib. Bu sahənin ən mühüm işi isə gecə növbələri ilə bağlıdır. İşçilərin, mal-materialların, avadanlıq və mexanizmlərin, eləcə də gecə işindən sonra işçilərin və tunellərdə toplanmış qırıntıların, tullantıların daşınmasını təmin edib.
Sahədə təmir-bərpa işləri də vaxtında icra olunub. 2023-cü ildə 5 təsərrüfat qatarı, 6 yük platformasında 4 kompressor qurğusu və 5 platforma korroziyadan təmizlənərək rənglənib. Bundan başqa, 6 təsərrüfat qatarında mühərriklər əsaslı, 3 təsərrüfat qatarında reversiv qurğular təmir olunub, 1 təsərrüfat qatarında təkər cütləri yenisi ilə əvəzlənib.
Avtomotonəqliyyat kolonu həm də tunellərin su şırnağı və aqreqatla yuyulmasını təmin edib. İl ərzində şırnaqla 85, aqreqatla 17 dəfə yuyulma həyata keçirilib.
“Cəfər Cabbarlı” stansiyasının bir yolunda və “Həzi Aslanov” stansiyasında başlanan yenidənqurma və əsaslı təmir, 5 şaxtada, həmçinin “Nərimanov” elektrik deposu ərazisində yenidən qurulan üfürmə kamerası, təkəryonma sexinin tikintisində işlər xüsusi seçilib. 2022-ci ilin sonunda istifadəyə verilmiş “Xocəsən” elektrik deposu da xidmətin iş həcmini artırıb. Şərti adı “B-04” olan stansiyanın tikintisi də diqqət mərkəzindədir. Bununla bağlı bütün sifarişlər tam təmin olunub.
Daha bir istiqamət üzrə yük avtomobilləri vasitəsi ilə tikinti sahələrinə 35 min 692 kub metr beton məhlulu, 3003 beton məmulatı daşınıb. Görülən işlər sırasında “Nərimanov” elektrik deposunda yerinə yetirilən sifarişlər xüsusi yer tutur. Burada 4 saylı mühafizə köşkünün yanında avtodayanacağın metal talvarının quraşdırılması üçün 44 metr perimetr boyunca 630 mm diametrdə 4 metr dərinlikli 11 dəmir-beton payavurma işi bütün texnoloji proseslər nəzərə alınmaqla aparılıb.
2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulmuş Vaqonaltı təkəryonma sexinin inşası məqsədilə bünövrə qoyulmasında 5 metr dərinlikdə 630 mm diametrli 380 metr 76 dəmir-beton payavurma işləri də vaxtında icra olunub. Qatarların 9 baxış-qulluq sahəsinin yenidən qurulması məqsədilə torpaqqazma və konstruksiyaların quraşdırılması işləri də normativlərə uyğun yerinə yetirilib.
Tikintisi davam edən Bənövşəyi xəttin şərti adı “B-04” stansiyasının 8459 kub metr torpaqqazma, 260 kub metr betondağıtma, hər iki tuneldə 70 sökülmüş halqanın kran mexanizmləri ilə çıxarılması və müxtəlif ölçülərdə 630 mm diaqonallı 307 dəmir-beton və 75 beton payavurma işlərində texniki tapşırıqlara uyğun bütün vəzifələr icra olunub.
İstehsalat sahələrində 29 ton metal karkaslar hazırlanıb.