z
14 FEVRAL / 2024 / 13:33
Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) növbədənkənar IX Məclisi keçirilib. “Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzində baş tutan yığıncaqda MİHİ sədri Arif Mərdanov, Cəmiyyətin sədr müavini Hidayət Məmmədov, Aparat rəhbəri Tərlan Dadaşov və metropoliten əməkdaşları iştirak ediblər.
Məclisdə baxılan ilk məsələ MİHİ sədri Arif Mərdanovun başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edilməsi olub. Hidayət Məmmədov, Tərlan Dadaşov və digər iştirakçılar Arif Mərdanovun təşkilata rəhbərlik etdiyi 10 ilə yaxın müddət ərzində qurumun nümunəvi fəaliyyəti, işçilərin sosial müdafiəsinin təşkilində prinsipial mövqeyi, bir çox layihələrdə təşəbbüskarlığı xüsusi qeyd edilib. Onun novator kimi fəaliyyəti metropolitenin ölkə həmkarlar təşkilatı sırasında mövqeyini xüsusi çəkidə artırıb. Bu xüsusda müəssisə ilə əldə olunmuş razılığa əsasən, şəhid ailə üzvləri və müharibə veteranları mərkəzinin yaradılaraq, ölkədə nümunəvi təşkilat kimi fəaliyyət göstərməsi, işçilərin əməyinin qiymətləndirilməsi, onların asudə vaxtı və istirahətinin təşkili işində fərqlənən əməkdaşların ölkə xaricinə və Azərbaycanın dilbər guşələrinə səfərlərinin təşkili, ölkəmiz üçün əhəmiyyətli məsələlərdə fəallığı, beynəlxalq miqyasda təmsilçilik və təcrübə mübadiləsi kimi mühüm işlər vurğulanıb.
Arif Mərdanov başqa sahədə çalışsa da, metropolitençilər sırasında olduğu illəri həyatının və karyerasının ən gözəl dövrü kimi dəyərləndirib və kollektivə uğurlar arzulayıb.
Məclis yeni sədrin seçkilərini də keçirib. MİHİ-nin İcraiyyə Komitəsinin 2023-cü il 4 avqust tarixli iclasının protokoluna əsasən, 2024-cü ilin oktyabrın 11-də növbəti V Konfransın keçirilməsi nəzərdə tutulub. Yığıncaqda həmin tarixə qədər MİHİ sədrinin müavini Bəhruz Əhmədovun sədr vəzifəsinə namizədliyi irəli sürülüb. Təklif açıq səsvermə yolu ilə qəbul edilib.
Bəhruz Əhmədov məsuliyyətli vəzifənin ona həvalə edilməsinə görə təşəkkürünü bildirib və ölkənin həmkarlar hərəkatında, təşkilatın QSC ilə əməkdaşlar arasında körpü rolunun daha da inkişaf etdirilməsində bilik və bacarığını əsirgəməyəcəyini bildirib.
Metropoliten İşçiləri Həmkarlar İttifaqının yeni sədri Bəhruz Yaqub oğlu Əhmədov 1976-cı il aprelin 5-də Bərdə şəhərində ziyalı ailəsində anadan olub. 2000-ci ildə Xəzər Universitetində Hüquq və siyasi elmlər fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə 2003-cü il fevral 4-də Bakı metropoliteninin Yol xidmətində Hüquq məsləhətçisi kimi başlayıb. 2007-ci ildə Hərəkət xidmətinin Hüquq məsləhətçisi vəzifəsinə təyin edilib. 2008-2023-cü illərdə Hərəkət xidmətinin Həmkarlar İttifaqı Komitəsininin sədri olub. 2023-cü ildə MİHİ sədrinin müavini seçilib.
2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə həmkarlar hərəkatında fəal iştirakına görə “Tərəqqi” medalına layiq görülüb. AHİK-in Fəxri Fərmanı, “AHİK-30 il” yubiley və döş nişanları ilə təltif edilib.