z
20 FEVRAL / 2024 / 14:55
Bakı metropoliteni stansiyalarında işıqlandırma sisteminin mərhələli yenilənməsi tədbirləri daha bir stansiyada tamamlanıb. “Əhmədli” stansiyasında işıqlanma sistemi köhnəldiyi və hərəkətin təşkili prinsiplərinə cavab vermədiyi üçün yeni müasir və elektrik enerjisinə qənaət edən LED lampalar quraşdırılıb.
Yeni işıqlandırma sistemi stansiyanın platformasını və stansiya yollarını tam əhatə edib. İşlər hərəkət təhlükəsizliyi və sərnişindaşıma qaydalarına maneə törətmədən müvəqqəti işıqlanma təmin edilməklə, əsasən, gecə növbələrində aparılıb.
Platformada istismar müddətini başa vurmuş, habelə enerji sərfiyyatı daha çox olan 36 Vt-lıq 4 lampalı 78 çıraq sökülərək çıxarılıb. Onların əvəzinə 1 ədədi 48 Vt olan 63 yeni və müasir LED panel quraşdırılıb. Stansiya yollarında da, müvafiq olaraq, 2 lampalı (36 Vt) 72 çıraq hərəsi 48 Vt gücündə 31 LED panellə əvəzlənib.
Yeni led lampalar sərfiyyat və qənaət baxımından çox əlverişli olması ilə yanaşı, stansiyada optimal işıqlandırmanı təmin edir. Bu sistem həm də stansiyanın memarlıq ansamblının estetik görkəminə xələl gətirmədən platformanın ümumi dizaynına əlavə rəng çaları qatır və onu daha qabarıq büruzə verir.
Yeniləşmə tədbirləri işıqlandırma sisteminin dəyişdirilməsinə ehtiyac duyulan digər stansiyalarda müvafiq plan üzrə davam etdiriləcək.
Qeyd edilməlidir ki, buna qədər “Cəfər Cabbarlı”, “Nizami”, “Elmlər Akademiyası” və “20 Yanvar” stansiyalarında eyni işlər yerinə yetirilib.