z

“Dəyişməyən dəyərlər, dəyişən imkanlar” panel konfransı keçirilib

“Dəyişməyən dəyərlər, dəyişən imkanlar” panel konfransı keçirilib

29 FEVRAL / 2024 / 14:28

Fevralın 27-də “Bakı Metropoliteni” QSC-nin yaranmasının 10-cu ildönümü tamam olub. Qurum 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin birləşdirilməsi yolu ilə yaradılıb.
Qurumun yeni statusla fəaliyyətinin 10 ilinə həsr olunmuş “Dəyişməyən dəyərlər, dəyişən imkanlar” adlanan konfrans 5 paneldən ibarət olmaqla keçirilib. Ötən 10 il ərzində metropolitenlə sıx əməkdaşlıq etmiş qurumların rəhbər və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən tədbirin moderatoru məşhur jurnalist, aparıcı və “ASAN Radio”nun direktoru Emin Musəvi olub.
O, tədbiri açaraq, onun formatı və müzakirə olunacaq məsələlər barədə məlumat verib. Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və dünyasını dəyişmiş metropolitençilərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.
Konfransın adı ilə bağlı olan əsas paneldə dəyişməyən dəyərlər və zamanla dəyişən və yaranan yeni imkanların faydalarından bəhs olunub.
“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov ötən 10 illik dövr haqqında qısa fikirlərini bildirərək, dünyasını dəyişmiş işçilərin əziz xatirəsindən, kollektivin bu illərdəki nailiyyətlərdə rolundan danışıb. O, qeyd edib ki, Səmdar Cəmiyyət yaranarkən cənab Prezident İlham Əliyev tərəfindən müəssisə qarşısında qoyulan əsas vəzifə aparıcı dünya texnologiyalarının, yeni idarəetmə sistemlərinin, dünyanın qabaqcıl təcrübəsinin metropolitenə gətirilməsi olub. Mərhələ ilə məhz kollektivin əzmi və fədakarlığı sayəsində bu istiqamətdə real addımlar atılıb.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının üzvü Samir Məmmədov son illərdə nəqliyyat, xüsusən ictimai nəqliyyatın inkişaf etdirilməsi və inteqrasiyasından bəhs edərək, bu xüsusda metropolitenin rolundan, Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılmış Müşahidə Şurasının fəaliyyətindən söz açıb, qarşıdakı vəzifələrə toxunub.
Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov “Bakı Metropoliteni” QSC-nin Holdinqin idarəetməsinə verildikdən sonra fəaliyyətinin səmərələrinə toxunaraq, yeni idarəetmə modelinin müsbət təsirlərindən və gələcək planlardan bəhs edib.
Moderator Emin Musəvi panelin gedişini bütün ictimaiyyəti metropolitenin inkişafı ilə bağlı düşündürən sualları ilə daha da maraqlı edib.
Yüksək mədəni xidmətin meyarı olan texnologiyalara həsr olunmuş ikinci paneldə Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev çıxışını daha çox 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və bu xüsusda ölkəmizdə keçiriləcək COP29 tədbiri ilə bağlı məlumat verib. O, metropoliteni ekoloji nəqliyyat növü kimi dəyərləndirməklə, qarşıdakı irimiqyaslı tədbir zamanı şəhərin əsas nəqliyyat arteriyası kimi roluna da toxunub. O, çıxışında metropolitenlə birlikdə həyata keçirilən layihələr və bu xüsusda qrunt sularından səmərəli istifadəni nəzərdə tutan layihədən, ağacəkmə kampaniyalarından və digər məsələlərdən də bəhs edib.
“Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov həyata keçirilmiş nəhəng layihələrdən bəhs edərək, ağac şpalların yerli istehsal olan dəmir-beton bloklarla əvəzlənməsi və səmərəsindən, bu xüsusda dəmir-beton istehsalatı sahəsinin tamamilə modernləşdirilməsindən danışıb. O, stansiyaların yenidənqurulması ilə bağlı addımlardan da danışaraq, bunu stansiya inşaatı qədər mühüm məsələ adlandırıb. Bu xüsusda “Nizami”, “Sahil”, “Bakmil”, “Xətai”, “Elmlər Akademiası” və “Cəfər Cabbarlı” stansiyalarında yenidənqurma işlərinin əhəmiyyətini əyani nümunlərlə nümayiş etdirib. O, “Nərimanov” elektrik deposunda qatarların sınaq yolunun və unikal layihə əsasında inşa edilmiş yeni tipli dispetçer idarəetmə mərkəzinin yaradılmasını tarixi texniki nailiyyət kimi səciyyələndirib. Tunellərin mühafizəsini o, metropolitenin ən mühüm davamlı işi adlandıraraq, şaxtalarda və yol mənzillərində həyata keçirilmiş ən irimiqyaslı mürəkkəb layihələrın uğurla icrasından bəhs edib.
“Bakı Metropoliteni” QSC-nin İstehsalat-texniki şöbəsinin rəisi Namiq Yusubov son illərin ən mühüm innovativ rəqəmsal layihələrindən danışıb. Bu xüsusda qatarların təmiri prosesinin avtomatlaşdırılaraq rəqəmsal texnologiyalara keçilməsini mühüm nailiyyət olmaqla yanaşı, depoda təmir prosesinin keyfiyyətini dəfələrlə artırmağa hesablanıb. O, qatarlarda pilot layihə kimi uğurla sınaqdan çıxarılmış yanğın əleyhinə sistem, onun mərkəzdən idarəetmə funksiyaları, ən əsası, bunun həm də qatarın avadanlıq və hissələrini daim nəzarətdə saxlamağa imkan verən layihə kimi üstünlüklərini qeyd edib. Metropolitenin daha bir texniki innovativ uğuru diaqnostika kompleksidir. Əvvəllər yolölçən vaqonla yoxlamadan sonra cəmi 3 parametr üzrə günlərlə kağız üzərində açması həyata keçrilirdisə, yeni kompleks 80-ə yaxın parametr üzrə 120-dən artıq ölçməsi ilə dəqiq texniki rəy verir və bütün məlumatlar dərhal sahələrə ötürülür. Namiq Yusubov Bakı metropolitenini ekoloji təmiz nəqliyyat növü kimi xarakterizə edən əsas amillərə də toxunub. Bundan savayı, ekoloji tələblərə söykənən yeni qataryuma, qataraltı avadanlıqların üfürülməsi, rekuperasiya sistemləri, yaşıllaşdırma layihələri barədə də məlumat təqdim edib.
Moderarator Emin Musəvi çıxışların gedişində və sonra suallarla qonaqlara müraciət edib.
“Müasir tələblərin əsas meyarı olan innovasiyalar”a həsr olunmuş üçüncü paneli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev açıb. O, çıxışına Bakı metropoliteni ilə birgə layihələrlə başlayaraq, son illərdə xüsusən fiziki imkanları məhdud sərnişinlərlə bağlı layihələri yüksək qiymətləndirib. O, ümumiyytələ, əməyin təşkili, işçilərin sosial müdafiəsi ilə bağlı məsələlərdən də danışarkən, metropolitenlə səmərəli əməkdaşlığın çoxşaxəli aspektlərinə toxunub.
“Bakı Metropoliteni” QSC-nin Depolar üzrə iş departamentinin rəisi Faiq Əhmədov alınan yeni nəsil vaqonları və onlara xidmət və texniki qulluğun yerli şəraitdə təşkilini əyani vəsaitlərlə nümayiş etdirib. Bu mənada 1967-ci ildən fəaliyyət göstərən depoda innovativ həllərin tətbiqi, təmir sahələrinin yenidən qurulması ətrafında da fikirlərini çatdırıb. O, vaqon təmirində dönüş nöqtəsi kimi əsaslı təmir və modernləşdirmənin yerli şəraitdə təşkilini xüsusi vurğulayıb. Bu zaman vaqonların tam avtomatlaşdırılması ilə bağlı tətbiq edilən yeni texnologiyalardan da söz açıb. Vaqon təmirində daha bir əsaslı yenilik mühərriklərin təmiri sahəsinin yaradılmasıdır. Burada ümumilikdə, təmirin keyfiyyətinin 80 faizədək yüksəldilməsinə nail olunub. Sahə təkcə vaqonların deyil. Bütün mühəndis texniki qurğuların mühərriklərinin təmirinə də xidmət edir.
“Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzinin rəisi Rüfət Qədəşov rəhbərlik etdiyi sahənin fəaliyyətindən bəhs edərkən, metropolitendə ilk dəfə maşinistlərin, dispetçerlərin seçimi və hazırlığı kurslarına geniş yer ayırıb. O, ali və orta ixtisas tədris, eləcə də aidiyyəti üzrə dövlət qurumları ilə qarçılıqlı fəaliyyət barədə də statistik məlumatları təqdim edərək, birgə layihələrdən danışıb. Mərkəzin rəisi gənclərin seçilməsi üçün həyata keçirilən unikal layihələrdən də söz açıb.
Moderator Emin Musəvi tematik sualları ilə panel iştirakçılarına müraciət edib və bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparıb.
“Yolları qovuşduran illər” adlanan dördüncü paneldə qarşılıqlı əməkdaşlıq dövründə metropoliten qarşısında xidməti olmuş qurumların, müəssisələrin, mütəxəssislərin və ictimai fəalların mükafatlandırılması mərasimi olub. Qonaqlar ürək sözlərini çatdıraraq, Bakı metropoliteninə bundan sonrakı illərdə uğurlar və nümunəvi xidmət arzulayıblar.
Konfrans peşəkar musiqiçilərin konsert proqramı ilə başa çatıb.