z

“Nizami” stansiyasında yenidənqurma və bərpa tədbirləri başa çatıb

“Nizami” stansiyasında yenidənqurma və bərpa tədbirləri başa çatıb

03 OKTYABR / 2017 / 00:00

Azərbaycan memarlıq sənətinin təcəssümü olan “Nizami” stansiyasında uzunmüddətli əsaslı təmir və bərpa işləri başa çatıb. Stansiya sərnişinlərini istismara verildiyi dövrdə olduğu kimi tamamilə yenilənmiş görkəmi ilə qarşılayır.
Bir ilə yaxındır davam edən bu tədbirlər sərnişinlərin gediş-gəlişini tam məhdudlaşdırmadan bir neçə mərhələdə aparılıb. “Bakı Metropoliteni” QSC-nin daxili vəsaiti hesabına həyata keçirilən təmir işləri çərçivəsində stansiyanın yol divarlarının mərmər üzlükləri yenilənib, platformaaltındakı sonradan quraşdırılan arakəsmələr sökülüb, platforma və kollektorun divarları möhkəmləndirilib, xidməti otaqlar müasir tələblərə uyğun təmir olunub. Ən vacibi isə təmir prosesində dahi Azərbaycan mütəfəkkiri, şair, filosof, şeyx Nizami Gəncəvinin şərəfinə adlandırılmış stansiyanın daxili tərtibatındakı milli memarlıq nümunələri bərpa olunub.
1976-cı il dekabrın 31-də istifadəyə verilən stansiya geoloji cəhətdən mürəkkəb ərazidə yerləşir. Ötən 40 il ərzində aqressiv mühitin təsiri nəticəsində stansiya qurğuları, konstruksiyaları və dekorativ-memarlıq elementləri, eləcə də digər funksional əhəmiyyətli avadanlıqlar tamamilə yararsız vəziyyətə düşmüşdü. Havalanma sistemi kifayət qədər səmərəli olmadığına görə dağıdıcı proseslər daha sürətlə davam edirdi. Buna görə təmirin birinci mərhələsində stansiyada hava axınının normal paylanmasına imkan verməyən maneələr aradan qaldırılıb. Hava dövriyyəsinin sürətini artırmaq üçün platformaaltı sahədə arakəsmələr dağıdılıb, kabel kollektorları təmizlənib, həmçinin hər iki platformanın dayanıqlığını artıran konstruktiv tədbirlər görülüb.
Həmin müddətdə stansiyanın yol divarlarında istismar müddətini başa vurmuş mərmər üzlüklər dəyişdirilib. Yeri gəlmişkən, hazırda istifadədə olan mərmər üzlüklərin ömrü 15-20 ildir. Təmirdən əvvəlki mərmərlər isə bu müddəti üçqat başa vurmuşdu. Əksər yerlərdə üzlüklərin üzərində çatlar, ləkələr əmələ gəlmiş, rəngləri solmuşdu.
Stansiyanın memarlıq incisinin yerləşdiyi orta zalın təmir işlərinin miqyası daha geniş olub. İstismar dövründə pannoların arxasındakı dayaq elementləri olan metal konstruksiyalar tam sıradan çıxmış, artıq öz funksiyasını yerinə yetirə bilmirdi və bu baxımdan pannoların dağılıb tökülmək təhlükəsi yarana bilərdi. Bunun qarşısını vaxtında almaq, həmçinin təsvirlərin üzərindəki mozaika elementlərinin deformasiyaya uğramaması məqsədilə vaxtilə bəzi yerlərdə itirilmiş elementlərin yerinə mozaika komponentini əvəz edə bilməyəcək daşlar qoyulmuşdu.
Burada da təmir mərhələli şəkildə aparılıb. Əvvəlcə pannoların və keçid tağlarının (pilonların) arxasındakı metal konstruksiyalar yenilənib, korroziyadan təmizlənib. Dayaq elementləri olan bu metal konstruksiyaların yenilənməsi ilə paralel olaraq pannoların bərpasına başlanılıb. Ümumiyyətlə, Nizami Gəncəvinin portreti və ölməz “Xəmsə”sinin motivləri əsasında işlənmiş 19 pannonun bərpası bütün prosesin ən çətin hissəsini təşkil edib. Bu işlə mozaik təsvirlərin müəllifi SSRİ xalq rəssamı, professor Mikayıl Abdullayevin tələbəsi Zöhrab Cabbarov, keramikaçı Elçin Cabbarov və mərmər üzrə mütəxəssis Nizami Vəliyev məşğul olublar.
Pannoarxası elementlərin təmiri üçün xüsusi hazırlanmış qurğu vasitəsilə pannolar 2-3 metr irəli çəkilib. Sonra pannonun arxa hissəsinin köhnə izolyasiya qatı dağıdılıb, müasir izolateks, silikon və keramik sement qatışığının çəkilməsi ilə rütubətə davamlı və daha etibarlı bir qat yaradılıb. Mozaik təsvirlərin üzərinə də elementlərin dayanıqlığını təmin edən maddə çəkilib. Sonrakı prosesdə mozaik təsvirlərin çatlamış, deformasiyaya uğramış və ya itmiş, bu səbəbdən kafel parçası və ya başqa bir materialla əvəz olunmuş hissələrin orijinallığı bərpa olunub. Onlar əsl kaşı daşından mozaika üçün bişirilmiş olan parçalarla əvəzlənib və bununla hər biri bir sənət əsəri olan pannolar tam bərpa olunub.
Artıq orta zal bütünlüklə yeni mərmər libasa bürünüb. Keçidlərin yeni mərmər üzlükləri, həmçinin oradakı şəbəkələr bərpadan sonra xeyli cəlbedicidir. Pannoların altındakı yazılar isə latın qrafikalı Azərbaycan əlifbasının bədii şriftlərilə verilib və bu zaman onun orijinal formatı qorunaraq saxlanılıb.
Stansiyanın işıqlandırılması ilə bağlı əsaslı işlər görülüb. Tavanın çilçıraqları tam bərpa edilib. İndi stansiyanın bədii-memarlıq tərtibatı “Durlum GmbH” şirkətinin quraşdırdığı korroziyaya davamlı özəl metal asma tavanla vahid kompozisiya təşkil edir.
Beləliklə, sənət məbədi olan «Nizami» stansiyası məsuliyyətli, çətin, lakin şərəfli əmək fədakarlığı nümunəsi ilə əvvəlki görkəminə qaytarılaraq, yaxınlaşmaqda olan yarıməsrlik yubiley ərəfəsində Bakı metropoliteninin şəhər sakinləri və onun qonaqlarına xüsusi ovqat yaradan daha bir töhfəsi oldu.
Qeyd edək ki, “Nizami” stansiyasında eskalatorların istismar müddəti 2025-ci ildə başa çatacaq.
Buna görə də stansiyada istifadədə olan eskalatorların dəyişdirilməsi və vestibülün əsaslı təmiri gələcəkdə həyata keçiriləcək.