z
16 APREL / 2024 / 11:27
Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində Bakı metropolitenində silsilə tədbirlər həyata keçirilir. Tədbirlər planına uyğun olaraq, metropoliten stansiyalarında ekoloji təmizliyi təbliğ edən posterlərin quraşdırılması prosesi davam edir.
Bu layihə çərçivəsində hazırlanmış posterlərin mətnində təbiəti qorumaq, bu xüsusda şəhərin sanitariya mühitini təmiz saxlamağı təbliğ edən, pis vərdişlərdən çəkindirən ibarələr yer alıb. Posterlərin təsirli vasitəyə çevrilməsi üçün mətnlərə xüsusi diqqət yetirilib.
Bununla yanaşı, mövzunun daha bir istiqaməti kimi gənc nəslin yetişdirilməsində düzgün tərbiyəni əsas mövzu seçən posterlər də stansiyalarda yerləşdirilir.
Əsas məqsəd cəmiyyətdə ətraf mühitin qorunması, bu gün aktual olan problemlər və hər bir insanın bu qəbildən məsələlərdə fəallığını və diqqətini artırmaqdır.
Hazırda Bakı metropolitenində ekoloji mövzuda 12 stansiyada 34, düzgün tərbiyəni təbliğ edən mövzu ilə bağlı 10 stansiyada 13 poster yayımlanır. Mövzular metropoliten stansiyalarında yerləşən monitorilarda da müntəzəm işıqlandırılır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bununla əlaqədar Bakı metropolitenində də tədbirlər planı üzrə işlər davam etdirilir.
Bununla yanaşı, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi 2022-2023-cü illərdə başlanmış aksiyanı da yeni tərtibatda təqdim etməyi qərara alıb. Bu xüsusda “Plastik tullantılara yox deyək!” və “Təmiz ətraf və yaşıl artım” mövzusunda sosial reklamların da genişləndirilməsi diqqətdə saxlanılır.
Yaxın vaxtlarda günün aktual mövzuları ilə bağlı təbliğat xarakterli posterlərin daha bir neçə nümunəsinin yayımlanmasına da başlanılacaq.