z

Metropoliten İşçilərinin Həmkarlar İttifaqının hesabat-seçki konfransı keçirilib

Metropoliten İşçilərinin Həmkarlar İttifaqının hesabat-seçki konfransı keçirilib

12 OKTYABR / 2017 / 00:00

«Bakı Metropoliteni» QSC-nin akt zalında Metropoliten İşçilərinin Həmkarlar İttifaqının (MİHİ) IV hesabat-seçki konfransı keçirilib. Tədbirə Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev, təşkilatın icraiyyə komitəsi, eləcə də respublika təşkilatlarının nümayəndələri dəvət olunublar.
Qeyd edək ki, buna qədər yerli həmkarlar ittifaqları komitələrində ümumi yığıncaqlarda sədr və üzvlərlə yanaşı, MİHİ konfransına nümayəndələr də seçilmişdi.
Seçilən 191 nümayəndədən 187-si qeydiyyatdan keçdiyindən konfrans səlahiyyətli hesab edilərək işinə başlayıb. Rəyasət heyətinə MİHİ sədri Arif Mərdanov, «Bakı Metropoliteni» QSC-nin sədri Zaur Hüseynov və AHİK sədri Səttar Möhbalıyev seçiliblər. Mandat, redaksiya, hesablayıcı komissiyalar və konfransın katibliyi də seçildikdən sonra tədbirin prosedur qaydaları, gündəliyi, reqlamenti və digər təşkilati məsələlər səsvermə yolu ilə müəyyən edilib.
Hesabat məruzəsini təqdim edən MİHİ sədri Arif Mərdanov ötən konfransdan keçən müddət, yəni 2012-2017-ci illər ərzində görülən işlər barədə ətraflı məlumat verib. Onun çıxışı xüsusi hazırlanmış slaydlarla müşayiət olunub. Mandat və nəzarət-təftiş komissiyalarının hesabatı dinlənildikdən sonra müzakirələrə başlanılıb.
Məruzələr ətrafında çıxış edənlər MİHİ-nin hesabat dövründə görülən işlərdən bəhs edərək MİHİ-nin fəaliyyətini kafi qiymətləndiriblər. Çıxışlarda Arif Mərdanovun növbəti dəfə MİHİ sədri seçilməsi təklifi irəli sürülərək dəstəklənib. Məruzələr ətrafında çıxış edənlər 2018-ci ilin fevralında keçiriləcək AHİK-in V qurultayında Səttar Möhbalıyevin yenidən bu təşkilata sədr seçilməsi təşəbbüsü ilə çıxış ediblər.
Konfransda çıxış edən Səttar Möhbalıyev namizədliyinin irəli sürülməsinə, etimada görə təşəkkürünü bildirərək, MİHİ sədrinin hesabat məruzəsini, görülən işləri yüksək qiymətləndirib. S.Möhbalıyev metropolitendə son illərdə həyata keçirilən novator ideyalar arasında əməyin mühafizəsi və təhlükəsizlik texnikası ilə bağlı tədbirləri xüsusi qiymətləndirib.
Qeyd edək ki, 2016-cı ildə metropolitendə bu məsələ ilə bağlı əhəmiyyətli və genişmiqyaslı dəyişiklik edilib. QSC sədrinin əmri ilə struktur yenidən qurularaq «Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsi» yaradılıb. Şöbənin birbaşa QSC sədrinə tabe edilməsi və bütün xidmətlərdəki aidiyyatı strukturların vahid mərkəzdə cəmlənməsi, sistemli tədbirlərin həyata keçirilməsi sahəyə cavabdeh şəxslərin məsuliyyətinin artırılmasını, onların hər bir təzyiqdən kənar olmasını, müstəqil, obyektiv fəaliyyətini təmin edib. Bu təşəbbüsü təqdirəlayiq hesab edən AHİK sədri digər respublika komitələri ilə birlikdə müvafiq dövlət qurumları qarşısında bunun vacib məsələ kimi qaldırılacağını qeyd edib.
Səttar Möhbalıyev metropoliten rəhbərliyinin və həmkarlar təşkilatının birgə fəaliyyətini, bunun sayəsində ötən qısa müddətdə böyük layihələrin həyata keçirilməsini nümunəvi kollektivin həmrəy fəaliyyətinin parlaq nümunəsi adlandırıb. Bütün bunlara görə o, «Bakı Metropoliteni» QSC-nin sədri Zaur Hüseynova xüsusi təşəkkürünü bildirib. Səttar Möhbalıyev AHİK-in İcraiyyə Komitəsinin qərarına əsasən, təşkilatın təsis etdiyi sosial məsələlərin həllində xüsusi xidmətlərinə görə medalın təltif etdildiyini qeyd edərək, mükafatı QSC sədrinə təqdim edib.
Daha sonra MİHİ sədrinin seçkiləri keçirilib. Səsvermə yolu ilə Arif Mərdanov növbəti müddətə bu vəzifəyə seçilib. Nəzarət-təftiş komissiyasının yeni tərkibinin seçkilərindən konfransın qərar layihəsi oxunaraq, səsvermə yolu ilə təsdiq edilib.
Tədbirdə çıxış edən «Bakı Metropoliteni» QSC-nin sədri Zaur Hüseynov konfransın işinə qatılan qonaqlara dəvəti qəbul edib gəldikləri üçün təşəkkürünü dilə gətirib. AHİK sədrinə yüksək qiymətinə və təltifinə görə minnətdarlığını ifadə edən Zaur Hüseynov QSC yarandığı dövrdən ötən 4 ilə yaxın müddət ərzində əhəmiyyətli işlər görüldüyünü qeyd etsə də, hələ qarşıda kollektivin daha böyük nailiyyətlər əldə edəcəyinə əminliyini ifadə edib. İdarə heyətinin sədri bunun üçün təkcə gərgin əməyin deyil, həmçinin bütün kollektivin birgə və həmrəyliyinin əhəmiyyətini vurğulayıb və bundan sonra da metropolitenin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Konfransın sonunda metropolitendə uzunmüddətli əmək fəaliyyətinə, Metropoliten İşçiləri Həmkarlar İttifaqının işində fəal iştirakına görə Nurəddin Sarı oğlu Məmmədov və Zemfira Qafar qızı Ağazadə MİHİ-nin fəxri fərmanına və qiymətli hədiyyələrə layiq görülüblər.