z

35 il eyni stansiyada çalışan prezident mükafatçısı

35 il eyni stansiyada çalışan prezident mükafatçısı

01 NOYABR / 2017 / 00:00

Metropolitenin sərnişinlərlə daha sıx ünsiyyətdə olan əməkdaşları hərəkət xidmətinin işçiləridir. Həmçinin bu xidmət yeraltı nəqliyyatın aparıcı və çoxsaylı işçi heyətinə malikdir. Xidmətin idarə aparatı 1960-cı illərin sonlarında İnqilab küçəsi 17 ünvanındakı beşmərtəbəli binada yerləşirdi. Sonralar isə xidmət “Bakı Soveti” stansiyasında məskunlaşdı. Hərəkət xidmətinin ilk rəisi Kamal Ağamirov, baş mühəndisi Zeyniş Axundov olub. Kollektivin əmək həyatının ilk addımları isə heç də asan olmayıb. İlk günlərdə təcrübəli kadrlara böyük ehtiyac vardı. Maraqlıdır ki, metro veteranlarının əksəriyyətinin ömür yoluna nəzər salanda, çoxusunun taleyində dəmiryolu ilə bağlılıq özünü büruzə verir. Stansiya növbətçiləri, mərkəzləşmə məntəqəsinin növbətçiləri və qatar dispetçerləri kimi əsas hərəkətçi peşələr üzrə mütəxəssislər Moskva, Leninqrad və Kiyev metropolitenlərində hazırlanırdı. Qatarların ilk hərəkət cədvəllərinin hazırlanmasında bakılılara Kiyev metropoliteninin hərəkətçiləri köməklik edirdilər.

 Nushabe

O vaxtdan keçən 50 ilə yaxın müddətdə yeraltı yolların istismar fəaliyyətində xeyli dəyişikliklər baş verib: stansiyaların sayı artıb, metropolitenin texniki təchizatı zənginləşib, kadrların hazırlanması prosesi daha da təkmilləşib. Həmin dövrdə metropolitendə yetişib püxtələşən kadrlar da az olmayıb. Haqqında bəhs edəcəyimiz metropolitenin daha bir veteranı prezident mükafatçısı, hərəkət xidmətinin böyük inkassatoru vəzifəsində çalışmış Nüşabə Hüseyn qızı Hüseynovadır. Onun metropolitendə 44 il əmək fəaliyyəti olub.

 

Abdulla Şaiqin Nüşabəsi


1947-ci ilin şaxtalı bir qış günü Bakıda anadan olan Nüşabə xanım çoxuşaqlı ailədə böyüyüb.

Nushabe_3

- Atam Hüseyn Hüseynov Akademik Milli Dram Teatrının dekorçu rəssamı idi. Əl işləri indi də Azərbaycan Tarixi Muzeyində qorunub saxlanılır. Atam anamla birlikdə mən anadan olan günü teatrda ölməz sənətkarımız Abdulla Şaiqin “Nüşabə” əsərinə tamaşaya baxmağı qərarlaşdırmışdı. Lakin həmin gün dünyaya gəlməyimlə buna imkan verməmişəm. Bu səbəbdən də onlar səkkizinci övladlarına Abdulla Şaiqin qəhrəmanının adını veriblər.

Nüşabə Hüseynovanın uşaqlıq arzuları həkimlik sənəti ilə bağlı olub. Böyüdükcə xarici dillərə marağı artdığından, ilk stansiyalar istismara təhvil verilən ili o da ali məktəbə imtahan verib, lakin bir sınaqda uğursuzluq onun yolunu kəsib.

 

İşə aludəçilik təhsili də yaddan çıxarıb


- Metropolitençi olmaq heç ağlıma da gəlməzdi. Amma tale məni bu böyük səltənətə gətirdi. Həmin il metropoliten qapılarını sərnişinlərin üzünə açdı. Metropolitendə işçi qüvvəsinə ehtiyac vardı. Böyük bacım Əzizə “Giproazneft”də metropolitenin ilk rəisi Lütfəli Nuriyevin bacısı Zərifə xanımla birgə işləyirdi. O, mənə iş üçün metropolitenə müraciət etməyi məsləhət gördü, - deyən həmsöhbətimiz noyabr ayında metropolitenə kassir vəzifəsinə qəbul olunur. Çox keçmir ki, kassa operatorlarının ixtisarı zamanı onu mərkəzləşmə məntəqəsinə növbətçi keçirirlər. Amma bir müddət sonra o, yenidən kommersiya işinə qaytarılıb. Hətta həmin vaxt bu sahədə də kadr qıtlığı var imiş və Nüşabə xanımın timsalında o dövrün mənzərəsini əyani təsəvvür etmək olur:

- İlk illərdə kollektivdə ruslar, yəhudilər, ermənilər çoxluq təşkil edirdi. Həmin dövrdə azərbaycanlı kadrların hazırlanması qərara alınmışdı. Çox yaxşı xatırlayıram, xidmət rəisi Kamal Ağamirov məni qəbul edəndə tapşırdı ki, işi yaxşı öyrənim, çünki yerli kadrların hazırlanmasına ehtiyac var idi, - deyən Nüşabə xanım 1969-cu ildən 2001-ci ilə qədər kassir işləyir, sonra isə böyük inkassator vəzifəsinə təyin olunur, - Metropolitençi olduğuma görə iftixar hissi keçirirəm. Nushabe-2

Metropoliten doğurdan da sehrli bir aləmdir. Bu sahəyə gələn, işinə bağlanan hər bir insan, artıq həyatını metropolitensiz təsəvvür edə bilmir. Öz işimə o dərəcədə aludə oldum ki, hətta təhsilimi davam etdirmək belə yadımdan çıxdı.

 

Daimi sərnişinlər hələ də yadındadır


Sərnişinlərlə daha çox ünsiyyətdə olan hərəkətçiləri metropolitenin siması da adlandırırlar. «Elə buna görə həmişə formada, səliqəli, təlimatlı olmaq vəzifə borcumuz idi. Bu tələbləri pozmaq metropolitenə xəyanət etməyə bərabər idi», - deyən Nüşabə Hüseynova 35 il “Bakı Soveti” (indiki - “İçərişəhər”) stansiyasında xəzinədar işləyib. Buna səhhətindəki problemlər səbəb olub. Stansiyanın vestibülü yerüstü olduğundan rəhbərlik daim bu təcrübəli kadrı vestibülü yeraltı olan stansiyalara işə keçirməyib. Bu da onun bu müəssisədə qazandığı hörmətin, işçi peşəkarlığının bir nümunəsidir.

Nushabe-0 - “Bakı Soveti” stansiyasından gün ərzində az sərnişin keçmirdi, 30-35 min, hətta 44 min sərnişin axınının şahidi olmuşam. Nə qədər çox olsa da, aralarında bizimlə doğmalaşanları da var idi. Hətta onlarla şəhərdə rastlaşanda salamlaşıb, hal-əhval tuturduq. Elə bil bir məhəllənin, bir həyətin sakinləriyik. Metro insanları, bax, belə doğmalaşdırır. Metrodan daimi istifadə edənlər arasında fiziki imkanları məhdud olan sərnişinlər də olurdu və onlar hələ də yadımdadır. Hər bir metro əməkdaşı həmin sərnişinlərə xüsusi qayğı və diqqətlə yanaşırdı,

 - deyən Nüşabə xanım heç də həmişə hər şeyin rəvan olmadığını da əlavə edir, - 1970-ci ilə qədər metro qapıları sərnişinlərin üzünə saat 05:30-da açılırdı. Təsəvvür edin ki, həmin vaxtda stansiyaya daxil olan hər bir sərnişin platformaya tez enib ilk qatara minmək üçün necə tələsirdi. Təlimata görə, ilk qatar bir növ sınaq xarakteri daşıdığı üçün sərnişin götürə bilməzdi. Qapıları ancaq bu qatar stansiyadan keçib gedəndən sonra açırdıq. Elə buna görə də səhər işə tələsən sərnişinlərdən narazılıq dolu kəlmələr eşidirdik. Bəzən belə münasibət bizi üzsə də, vəzifə borcumuza heç vaxt xilaf çıxmazdıq. Yenə də sərnişinləri xəzinədə gülərüz qarşılayıb yola salırdıq.

 

Kassasında artıq 5 min gediş haqqı tapılıb


Nüşabə xanım təkcə sərnişinlərlə deyil, işi ilə bağlı anlaşılmazlıqların da az olmadığını deyir:
- Növbəni təhvil götürəndə və verəndə mütləq xəzinəni və hesabatı yoxlayırdım. Əvvəl-əvvəl buna bəzi həmkarlarım istehza ilə yanaşırdılar. Lakin sonradan özləri də buna riayət etməyə başladılar, - deyən Nüşabə xanım başqa bir əhvalatı da danışır, - Bir bazar günü idi, səhər tezdən müfəttiş qrupu xəzinəni yoxlamağa gəldi. O vaxt gediş haqqı kimi talonlardan istifadə edilirdi. Müfəttişlərdən biri talon fondunda 5 min artıq talon «aşkar etdi». Bunu maliyyə pozuntusu kimi qələmə verən müfəttiş məni işdən çıxartdıracağı ilə hədələdi. Dedim ki, həmin talonların üstündə qəbzi də var, günün sonu artıq qalan qalığı geri qaytaracağıq, xeyiri olmadı. Mənə «ərizəni yaz» deyib getdi. Dediyi kimi, ərizəni yazdım. Stansiya rəisi Əli Mailov məni çağırıb: «Bəs bilmirsən ki, o, yanğına nəzarət üzrə müfəttişdir?»,- deyərək nə üçün ərizə yazdığımı soruşdu: «Yanğınsöndürənin də xəzinəni yoxlayıb belə rəftar etməyə səlahiyyəti çatırsa, niyə də yazmayım»,- dedim. Amma məsələ araşdırıldı və ərizəm qəbul olunmadı. Şükürlər olsun ki, bütün əmək fəaliyyətim boyu vəzifəmi layiqli icra edib, alnıaçıq metro qulluqçusu olmuşam.
Nüşabə Hüseynova qeyd edir ki, ən çox anlaşılmazlıq gediş haqlarının dəyişməsi zamanı yaşanırdı. Bunu deyərkən daha bir xatirəni yaddaşında canlandırır:

Nushabe-5

- Bir zamanlar tütündən istifadəni qadağan edən qanunun tətbiqi üçün cərimə qəbzlərini də xəzinədarlar verirdilər. Həmin vaxtlar işimiz lap müşkül olurdu. Sonralar yeniliklərin tətbiqi sayəsində böyük nailiyyətlər əldə olundu. Avtomat nəzarət məntəqələri (ANM) kompüterləşdirildi, onların bütün parametrləri böyük xəzinədarın otağında quraşdırılmış kompüterə ötürüldü. Yəni, böyük xəzinədar öz iş yerindən ANM-lərin işinə, keçən sərnişinlərin və jetonların sayına nəzarət etmək imkanına malik oldu. Bu sistemin tətbiqi ilə xəzinədə sayğaclara ehtiyac qalmadı, onlar söküldü.

O, daha bir epizodun həyatı boyunca yadından çıxmayacağını deyir:
- Qanlı 20 Yanvar gecəsinin səhəri xəzinədə hesabat aparmalı idim. Təsəvvür edin, stansiyaya atılan güllə xəzinənin pəncərəsindən keçib divara dəymişdi və şükürlər olsun ki, heç kəs xəsarət almamışdı. Ancaq gecədən şəhəri bürüyən təşviş yerin altında da hiss olunurdu.

 

Kommersiya işçiləri arasında yeganə prezident mükafatçısı


Nüşabə Hüseynova üçün bir xatirə ömür boyu daha əziz olacaq. Çünki bu, metropolitendə bəlkə də gözə, nəzərə çarpmayan, lakin ağır kommersiya işinə verilən qiymətin nümunəsidir:

- Çalışdığım müddətdə rəhbərlik tərəfindən dəfələrlə fəxri fərmanlara və mükafatlara layiq görülmüşəm. Metropolitenin 35 illiyi münasibəti ilə işçilərimizin bir qismi mükafatlandırıldı. Bu, ulu öndər Heydər Əliyevin Bakı metropoliteninə verdiyi yüksək qiymətin nəticəsi idi. Kommersiya işçiləri arasında “Tərəqqi” medalına layiq görülən yeganə mən oldum. Həyəcandan mükafatın sevincini dərk etməyim də çətinləşmişdi, həmin anda metropolitençi olmağımla böyük qürur hissi keçirdim. Nushabe_6

Belə anlar insan üçün əvəzolunmazdır. Mən metropolitençilərimizin hər birinə belə qürur dolu hissləri yaşamağı və metropoliten tarixində layiqli işçilər cərgəsində olmağı arzu edirəm. Hamı kimi mənim də arzularım çoxdur. Ən böyük arzum isə Vətənimizi azad, xalqımızı şən-firavan görməkdir. Ölkəmizin hər sahəsində olduğu kimi, yeraltı polad magistralımızda da inkişaf və tərəqqi davamlı olsun, yeni-yeni yeraltı kəhkəşanlar inşa olunaraq xalqımızın xidmətinə verilsin.