z
31 OKTYABR / 2017 / 00:00
Yarıməsrlik yubileyini qeyd edən Bakı Metropoliteni tarix üçün bu qısa müddət ərzində paytaxtın rəmzlərindən birinə çevrilməklə yanaşı, həm də əsas ictimai sərnişin nəqliyyat vasitəsi olduğundan onun sosial əhəmiyyəti danılmazdır. Bu səbəbdən onun dövrün tələblərinə uyğun modernləşdirilməsi, daim yeniləşməsi günün tələbidir. Bunun üçün SSRİ dağıldıqdan sonra yaranmış sənaye mühiti, o cümlədən təsərrüfat, təchizatda vahid mərkəzlərin olmaması, ən əsası, müstəqil ölkəmizin iqtisadi inkişaf prioritetləri, eləcə də müasir dövrün tələbləri və dünya metropolitenlərinin əsas inkişaf istiqamətləri nəzərə alınmalıdır.
Müasir bazar iqtisadiyyatı dövründə əsas layihələrin təməlində səmərə, keyfiyyət ən ümdə vəzifələrdən birinə çevrilib. Bu mənada Bakı Metropoliteni üçün ən böyük nailiyyətlərdən biri vaqonların yerli şəraitdə əsaslı təmirinin, eləcə də modernləşdirilməsinin təşkilinə nail olunmasıdır. 2015-ci ilə qədər bu işlər yalnız ölkə kənarında yerinə yetirilirdi. Əvvəllər qatarlar Xarkova, son illərdə isə Tbilisiyə göndərilirdi. 2013-2015-ci illərdə 6 qatar Moskva Elektrik Qatarlarının Təmiri Zavodunun Tbilisi filialında əsaslı təmir edilib. Hazırda bu işlər metropolitenin öz bazası şəraitində - “Nərimanov” elektrik deposunda həyata keçirilir. Ölkə xaricinə təmirə göndərilən qatarların yol və gömrük xərclərini, eləcə də digər təmir şərtlərini nəzərə alsaq, bununla külli miqdarda vəsaitə qənaət etməyə, həmçinin təmiri daha qısa müddətdə, həm də daha keyfiyyətlə aparmağa, texniki yenilikləri dərinləşdirməyə, eləcə də yeni işçi qüvvəsi və kadrların hazırlığına, elmi-praktik potensialın genişlənməsinə nail olunur. 2014-cü ildə başlanan işlərin birinci mərhələsində 10 vaqon yerli şəraitdə qum şırnağı ilə korroziyadan təmizlənərək rənglənmişdi. Əldə olunan səmərə və keyfiyyət sahənin inkişafına zəmin yaradıb. 2015-ci ildə vaqon salonunun yenilənməsinə, o cümlədən döşəmə örtüyünün, daxili plastik təbəqənin, qapı rezinlərinin dəyişdirilməsinə və havalandırma xəttinin təmizlənməsinə başlanılıb. İşlərin üçüncü mərhələsindən vaqonların elektrik xətləri və işıqlanma şəbəkəsi də yeniləşmə tədbirlərinə daxil edilib. Qatarın salonu müasir LED işıqlanma sistemi ilə əvəzlənib. Bu isə öz növbəsində elektrik enerjisinə qənaətdir. Növbəti irimiqyaslı uğur maşinist kabinasının ön hissəsinin yerli şəraitdə dəyişdirilməsidir. Xüsusi materialdan hazırlanan ön hissə korroziyaya və fiziki təsirlərə davamlı, yüngül, etibarlı və təhlükəsizdir. Həm də kabina indi maşinist üçün daha rahat və əlverişli idarəetmə şəraitinə malikdir, yeni tipli iri güzgülər maşinistin görmə dairəsini genişləndirib. Vaqonun alın hissəsində elektron informasiya sistemi quraşdırılıb. Yeniliklərin estetik mahiyyəti xüsusi diqqət mərkəzindədir. Oturacaqların dəyişdirilməsi zamanı yerli xüsusiyyətli tərtibat elementlərinin tətbiqinə başlanılıb. “Bakı Metropoliteni” QSC-nin loqotipi həkk olunmuş oturacaqlar sərnişin salonunun estetik görkəminə əsaslı təsir edib. Bu işdə əldə olunan nailiyyətlər nəzərə alınaraq depo ərazisində ən müasir standartlara və ekoloji tələblərə uyğun şəkildə qatarların əsaslı təmiri sexi inşa olunaraq ötən günlərdə istismara verilib. Sexdə müvafiq avadanlıqlar qurulub və lazımi iş şəraiti yaradılıb. Görüləcək işlər sırasında sexdə yüksək standartlı yanğın təhlükəsizliyi, havalandırma, ekoloji təmizliyin ən yüksək tələbləri nəzərə alınmaqla filtrasiya sistemləri quraşdırılıb. Müasir standartların tətbiqi məqsədilə yüksək manevrli arabacıqlar, səyyar qaldırıcı və çoxfunksiyalı daşıyıcı qurğular, o cümlədən təmirin mərhələlərinə vaqonların yerinin dəyişdirilməsi üçün yüksəkmanevrli arabacıq, eləcə də digər maşın və mexanizmlər tətbiq edilib. Qaynaq işlərində xüsusi şlanqı, tüstü tutanı və süzgəci olan mobil qurğudan istifadə edilir. Bütün bunlar müstəqil Azərbaycanın azad iqtisadi mühitinə töhfə olmaqla yanaşı, vaqon istehsalına, maşınqayırma sənayesinin inkişaf etdirilməsinə, həmçinin onun kadr potensialının gələcəkdə gücləndirilməsinə bir stimuldur.
Bununla yanaşı, yaxın vaxtlarda metropolitendə daha bir uğurlu innovativ layihə həyata vəsiqə qazanacaq. İndiyə qədər təmirdən çıxan qatarların sınaqları yalnız depo yollarında və xətlərdə aparılır. Lakin tezliklə bu işlər də yalnız depo şəraitində və bütün texniki qaydalara əməl olunmaqla təşkil ediləcək. Tamamlanmaqda olan sınaq yolunun inşası həm də pilot layihə kimi, gələcəkdə metropolitendə tətbiqi nəzərdə tutulmuş yol infrastrukturunun yoxlama-sınaq poliqonudur. Burada müasir dünyada tətbiq edilən ağac şpallar əvəzinə, beton bloklar, daha səmərəli və qənaətcil müasir yolun üstquruluş avadanlıqları tətbiq ediləcək. Onları quracaq və qulluq göstərəcək işçi heyət üçün bu əsl yeniliklər, texnoloji innovasiyalar məktəbidir. Bu yeniliyin ən mühüm tərkib hissəsi isə beton blokların yerli şəraitdə hazırlanmasıdır. Ağac şpallarla müqayisədə ömrü iki dəfə çox olan beton blokların yerli şəraitdə istehsal olunması onun alınmasına, gətirilməsinə, yol və gömrük xərcləri də nəzərə alınmaqla sərf olunan vəsaitlə müqayisədə, daha ucuz başa gəlməsi iqtisadi səmərəni artırır. Beton şpalın istehsalı prosesini metropolitenin öz mütəxəssisləri artıq tam şəkildə müstəqil yerinə yetirirlər. Bununla yanaşı, yerli şəraitdə beton şpalın istehsalı yeni iş yerlərinin açılması ilə yanaşı, mütəxəssislərin, kadrların hazırlanmasını, yeni texnoloji proseslərin mənimsənilməsi baxımından da töhfəsini verir. Həmçinin gələcəkdə tunellərdə tətbiq edildikdən sonra ona qulluğun ağac şpallardan daha az olmasına, işçi qüvvəsindən daha məqsədyönlü və səmərəli istifadə etməyə imkan verəcək. Beton blokların istehsalını təşkil etmək məqsədilə dünyanın aparıcı konsaltinq və istehsal müəssisələri ilə danışıqlar aparılıb, əməkdaşlıq perspektivinin müəyyənləşdirilməsi, ən doğru, sərfəli və səmərəli, həmçinin yerli tələblərə cavab verən variantın seçilməsi üzərində gərgin iş görülüb. Yekun variant kimi, dünyanın aparıcı şirkətlərindən daxil olmuş 5 təklif arasından ən optimalı, səmərəlisi və sərfəlisi kimi “Vollert” şirkəti seçilərək beton blokların istehsalı sexi inşa olunub. Bu isə gələcəkdə “Made in Azerbaijan” brendinin inkişaf etdirilməsi baxımından bir töhfə olacaq.
Yeri gəlmişkən, beton blokları istehsal edən sexin inşa olunduğu dəmir-beton konstruksiyaları sahəsi də tamamilə modernləşdirilib, yeni infrastruktur qurulub. Burada əməyin mühafizəsi və təhlükəsizlik texnikası, yeni radiorabitə stansiyası, videomüşahidə sistemi, sanitariya və məişət məsələləri, daha təhlükəsiz və etibarlı, həm də mövcud qaydalara görə fibrokabelli rabitə xətləri yerin altı ilə çəkilib, işıqlandırma, elektrik sistemi, geomembran izolyasiya qatı ilə təmin edilməklə müasir tələblərə uyğun qurulmuş yanğından mühafizə hovuzu ilə bağlı qərarlar böyük işlərin təməli olub. Qısa müddətdə 630 kVA gücündə 6 kV-luq iki transformator qurulmuş elektrik yarımstansiyası istismar müddətini başa vurmuş əvvəlki analoqunu əvəzləyib. Həmçinin elektrik enerjisinə tələbatı fasiləsiz təmin etmək məqsədilə bundan əlavə 510 kVA-lıq daha bir generator quraşdırılıb. Bundan savayı, etibarlığı, yüksək enerji effektivliyi, qənaəti, səs-küyün ən aşağı həddi ilə seçilən və əvvəlkindən 6 dəfə güclü 2 ədəd pərli hava kompressor, yeni qazanxanada isə beynəlxalq standartlara tam uyğun və tam avtomatlaşdırılmış 3 universal buxar qazanı quraşdırılıb. Ərazidə avtomobil (80 t) və dəmiryol (120 t) tərəziləri elektronlaşdırılmaqla tam yenilənib, beynəlxalq standartlara uyğunlaşdırılıb və xüsusi proqram əsasında aparılan hesablama insan faktorunu tam aradan qaldırıb.
Əvvəllər funksionallığı natamam olan 5 silosun hamısının işçi vəziyyətdə olması təmin edilib. Yeni və müasir standartlara cavab verən sovurma-süzmə (aspirasiya-filtrasiya) avadanlığında kompüterləşdirmə operatorun işinin yönləndirilməsinə, səmərəli qurulmasına kömək edərək siloslarda sement məhsulunun səviyyəsini təyin edir, rahatlıq və təhlükəsizliyin, məhsuldarlığın artmasına səbəb olub. Pnevmatik qaldırıcıların sovurucusu vaqonun alt hissəsinə kip birləşməklə, avtomat rejimdə çalışır, özünü tam izolyasiya edərək cüzi itkiyə belə yol verilməsinin qarşısını alır, ekoloji tələblər ödənilərək, iş prosesinin sağlam mühitdə aparılması təmin edilir. Həmçinin İtaliyanın “Marmotta” tipli nasosları sement məhlulunun, “Turbosol” nasosları isə beton qarışığının doldurulması üçün istifadə olunmaqla iş prosesi avtomatlaşdırılıb və bununla səs-küy diapazonu, nəqletmə zamanı qızma norma həddinə salınıb, nəticədə, məhsuldarlığa, səmərə və qənaətə nail olunub. Kompüterlə idarə olunan və əmtəə betonu istehsal gücü 105 m3/saat olan “Elkomiks 120” stasionar beton zavodunda antifriz preparatları, qatqı çənləri quraşdırılıb və avtomat rejimdə müstəqil çalışır.
Dəmir-beton halqaların istehsalında Almaniyadan gətirilmiş qəliblər, isitmə sistemləri, yeni texnoloji proses, tam keyfiyyətli məhsul alınması üçün xüsusi vibrasiya üsulu tətbiq olunub. Sırf tübinq sexinə xidmət edən 50 m3/saat istehsal gücünə malik “Elkomiks 60” mini-emal beton zavodu alınıb. Bununla hər tübinqin təməlindən tarixçəsi yaradılır: istehsalçısı, operatoru, mühəndisi və digər canlı qüvvəsindən tutmuş hazırlanma şəraiti, hava və istehsal hərarəti, bütün materialların dərəcəsi və keyfiyyəti, hazırlandığı betonun alındığı yer, tərkibi, armaturun ən xırda detalları və s. göstəricilərə qədər hər bir məlumat burada əksini tapır.
Armatur sexində məhsulu ən kiçik ölçülərə qədər əyməyə kömək edən “Format 16-3d” aparatı tətbiq edilir və bu maşın armaturu 3D formatı ilə istənilən formaya sala bilir.
Həmçinin beton məhsulların sınaqları və hazırlanması laboratoriyası ən müasir standartlar səviyyəsinə qaldırılıb. Sahədə görülən işlər və hesabatlar avtomatlaşdırılaraq mərkəzləşdirilib və irisindən-xırdasına qədər bütün prosesləri canlı izləmək, nəzarətdə saxlamaq olur. Görülən işlər nəticəsində rekord qısa müddətdə, ən mürəkkəb məsələ də həllini taparaq, Avropanın tanınmış şirkətlərindən birinin nəzarət yoxlaması şəraitində 9001 (keyfiyyətli idarəetmə), 14001 (ətraf mühiti idarəetmə) və 18001 (Əməyin mühafizəsi və təhlükəsizlik texnikası) ISO standartlarının tətbiqinə nail olunub.
Ümumiyyətlə, tikinti və istismar sahəsində işlədilən yeni nəsil maşın və mexanizmlər tikinti meydançalarında işlərin sürətinin artırılmasında, onlardan səmərəli istifadə olunmaqla istismar xərclərinin azaldılmasında, nəqliyyat təsərrüfatı sahəsinin mərkəzləşmiş qaydada idarə edilməsində mühüm rol oynayır.