z
28 IYUN / 2024 / 15:40
“Bakı Metropoliteni” QSC-nin işə yeni qəbul olunmuş qatar maşinistləri üçün ilk dəfə təşkil etdiyi şərti adı “Hibrid maşinistlər” layihəsi uğurla davam etdirilir. Təlim-tədris mərkəzində təşkil olunmuş layihənin artıq dördüncü kursu başa çatdırılıb.
Layihədə əsas məqsəd yeni nəsil qatarları idarə edən gənc maşinistlərə 81-717/714 tipli hərəkət tərkiblərinin də idarəetməsinin öyrədilməsidir.
3 aya yaxın müddətdə 98 dərs saatını əhatə edən kursda 11 qatar maşinisti iştirak edib. Kurslar peşəkar rəhbər və mütəxəssis heyətinin hazırladığı proqram əsasında keçirilib. Kursu başa vuran maşinistlər bir ay müddətində sınaq yürüşləri həyata keçirməklə nəzəri imtahan veriblər. Yekunda praktiki və nəzəri baxımdan ümumi imtahan verən maşinistlər praktiki yürüş normativlərini uğurla yerinə yetirdikdən sonra sertifikatlara layiq görülüblər.
Hazırda beşinci kurs davam etdirilir və layihəyə daha 11 qatar maşinisti cəlb edilib. Ümumilikdə, ilk dörd kurs üzrə 40 nəfər hər iki qatarın idarə edilməsini öyrənib.