z
02 IYUL / 2024 / 18:00
Bakı metropoliteninin Təlim-tədris mərkəzində 2 İyul - Polis Günü münasibətilə tədbir keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əlieyin və Azərbaycanın müstəqilliyi, suverenliyi və torpaqlarının işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanıb.
Tədbiri giriş sözü ilə açan Bakı Metropolitenində Polis İdarəsinin rəisi Əli Əliyev daxili işlər naziri Vilayət Eyvazovun təbrikini oxuyub. Daha sonra o, Konstitusiya quruluşu və ərazi bütövlüyü tam bərpa olunmuş ölkə olaraq qeyd edilən tarixi gündə işğaldan azad edilmiş torpaqlarda da asayişin keşiyində şanlı Azərbaycan polisinin dayanmasının nə qədər qürurverici olduğunu deyib. O, paytaxtın ən çox tələb olunan ictimai nəqliyyatı sayılan Bakı metropolitenində polis əməkdaşlarının metropolitençilərlə çiyin-çiyinə nümunəvi xidmət aparmasını xüsusi vurğulayıb.
“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov metro polisinin timsalında Azərbaycan polisini peşə bayramı münasibətilə təbrik edib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda sabitliyin bərpa edilməsi və inkişafında xüsusi xidmətlərinin danılmaz olduğundan danışıb. Metropoliten rəhbəri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bu gün Azərbaycan polisinin ölkəmizin rifahında, onun müstəqilliyinin qorunması, asayişin təmin edilməsində roluna verdiyi önəmdən danışaraq, ölkəmizdə insanların güvən yeri kimi hər bir polis işçisinin fədakar əməyinə sayğı və ehtiramını çatdırıb. O, bildirib ki, metro polisi hər gün yüz minlərlə sərnişinin xidmətində dayanmaqla, fəaliyyəti ilə əsl fədakarlıq nümunəsi göstərir. Məhz iki böyük kollektivin birgə, qarşılıqlı hörmətə söykənən vahid komanda kimi gördüyü iş metro istifadəçilərinin təhlükəsizliyinə xidmət göstərir.
Tədbirdə xidmət zamanı fərqlənmiş əməkdaşlara fəxri təltiflər və qiymətli hədiyyələr təqdim edilib.
Görüş təlim-tədris mərkəzi ilə tanışlıq və xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.