z
12 IYUL / 2024 / 16:44
1969-cu il iyun ayının 14-də Azərbaycan KP MK-nın iyul plenumunda Heydər Əliyev birinci katib seçildi. Bu, Azərbaycan tarixində dönüş anı, yeni bir dövrün başlanğıcı oldu.
Ölkə iqtisadiyyatının, sənayesinin əkasər sahələri kimi tezliklə Bakı metrosunun inkişafında da Ulu öndərin izi hiss olunmağa başlandı. Lakin bu, sadəcə, başlanğıc deyil, Bakı metropoliteninin gələcəyini müəyyən edən bir xəttə çevrildi.
Hakimiyyətə gəlişinin elə ilk dövrlərində o, Bakı metropoliteni rəhbərliyi ilə müşavirə keçirərək, məqsəd və hədəfləri bəlli etdi. Çünki artıq elə o dövrdə İttifaq rəhbərliyi miqyasında Bakıda metro nəqliyyatının inkişafına mane olmaq istəyənlər çox idi. Lakin məhz Ulu Öndərin sayəsində bu axarı dəyişə bilən olmadı. 1970-ci ilin aprelində “Ulduz” stansiyasının açılışı mərasimində çıxış edən Heydər Əliyev Azərbaycan metro inşaatçıları və mütəxəssislərini SSRİ miqyasında öz bilik və bacarıqları olan qüvvə kimi təqdim etdi. Bu isə həmin dövrdə Bakı metrosunun inkişafını dayandırmaq istəyən, onun gah estakada üsulu ilə tikintisini təklif edənlər, gah da ağır geoloji şəraitdə dayandırmaq istəyənlərə bir cavab idi.
Tezliklə “Ulduz”dan başlayan xətt “Neftçilər”ə çatdı, dünya metropolitenləri arasında incəsənət mirvarisi kimi sayılıb-seçilənlərdən olan “Nizami” stansiyası ərsəyə gəldi. Bu gün “Bakmil” adı ilə fəaliyyət göstərən stansiya isə o dövrdə Azərbaycan sənayesinin ən parlaq zonasına çevrilmiş bir ərazidə insanların daşınmasının ən rahat nəqliyyat növünün inkişafına bir töhfə oldu.
Ulu Öndər 1982-ci ildə Moskvada SSRİ-nin ali rəhbərliyində yer almağa başladığı dövrdə də Bakı metrosunun yanında oldu. “Elmlər Akademiyası-Memar Əcəmi” sahəsinin tikintisində yaranmış problemlər, material çatışmazlığı kimi məsələləri qısa zamanda məhz o aradan qaldırdı və bu qayğı sayəsində hətta sonrakı dövrlərdə “Xalqlar dostluğu-Əhmədli”, “Cəfər Cabbarlı” stansiyalarının inşası tamamlandı.
Müstəqilliyin ilk illəri Bakı metropoliteni üçün ən ağır dövr kimi səciyyələndirilir. Təchizatı, əsasən Rusiya və digər Sovet respublikalarından asılı olan metropoliten üçün böhranlar fəsadlara aparırdı.
Hakimiyyətə qayıdışının elə ilk dövründən Heydər Əliyev metropolitenlə yaxından maraqlanmağa başladı. 1994-cü ildə “Ulduz” stansiyasında baş verən hadisədən sonra onun metropolitenlə bağlı tapşırıqları daha da konkretləşdi və metropoliten özünə güclü himayədar qazandı. Vaqon parkının yenilənməsinə, eləcə də, infrastrukturun gücləndirilməsi üçün addımlar atılmağa başlandı.
Metropoliten barədə Ulu Öndərin “Metro bizim müstəqil dövlətimizə keçmişdən çatmış mirasdır. Biz bunu qorumalıyıq, saxlamalıyıq, inkişaf etdirməliyik. Bu, bizim hamımızın vəzifəsidir” ifadəsi isə sonrakı illərdə də davam etdirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Bakı metrosunun konseptual inkişaf sxemi təsdiq edilərək, yeni xəttinin inşasına başlanılıb və bu gün gün xəttin 4 stansiyası ən müasir infrastrukturu ilə gələcək prioritetləri bəlli edib. Bu 57 ildir fəaliyyədə olan metropolitenin yenilənməsi də sürətlə davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarının suverenliyini, Konstitusiya quruluşunu tam bərpa etmiş, Qarabağ və Şərqi Zəngəzur torpaqlarında böyük dirçəlişin təməli qoyulmuş, Ulu Öndərin sözləri ilə desək, xalqın ən dəyərli sərvətlərindən biri kimi Bakı metropoliteninin inkişafı da diqqət mərkəzində olmaqla inamla irəli aparılacaq.