z
09 NOYABR / 2024 / 14:00
Bakı metropolitenində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29-a dəstək məqsədilə keçirilən layihələr davam etdirilir.
Metropolitençi övladlarının “Təbiəti düşünək, o bizi düşünən kimi” layihəsi əsasında hazırlanmış ədəbi-bədii proqramların növbəti hissəsi rəsm sərgisindən ibarətdir.
İlk olaraq “İçərişəhər” stansiyasının vestibülündə nümayiş etdiriləcək balacaların əl işləri ekoloji mühitin, təbiətin qorunmasını tərənnüm edir. Maarifləndirici layihənin əsas məqsədi ictimaiyyəti ekoloji mühitin təmizliyi, yaşıl dünya naminə fəal olmağa və töhfə verməyə səsləməkdir.
Nümayişə 16 məktəblinin təbiət mövzulu 55 rəsm əsəri çıxarılıb. Bir-birindən rəngarəng fotolardan ibarət sərgi 20 gün davam etdiriləcək və bir neçə stansiyada nümayiş olunacaq.
Qeyd edək ki, məşhur Azərbaycan şairi Hüseyn Arifin təbiətə həsr etdiyi şeir əsasında həyata keçirilən layihə “Bakı Metropoliteni” QSC-nin İdarə aparatının akt zalında səhnələşdirilmiş tamaşa ilə başlanıb, daha sonra stansiyaların vestibülləri və platformalarında müxtəlif formatda davam etdirilib.