z
15 FEVRAL / 2018 / 00:00
Fevralın 14-15-də “Bakı Metropoliteni” QSC-də hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım məqsədilə ənənəvi qanvermə aksiyası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına dəstək məqsədilə artıq dörd ildir ki, bu kampaniya Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə təşkil olunur.
Metropolitençilər qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün artıq ənənə halını alan bu nəcib və humanist xarakterli aksiyaya qoşularaq, bu il də fəal olublar. Kampaniyada iştirak etmək istəyənlərin iş yerinə yaxınlığını və rahatlığını təmin etmək məqsədilə aksiya metropolitenin iki fərqli məkanında təşkil edilib. Birinci günü metropolitenin təlim-tədris mərkəzində təşkil olunan aksiyada 151 əməkdaş iştirak edib.
Fevralın 15-i könüllü qanverənlər üçün metropolitenin "Nərimanov" elektrik deposunda müvafiq şərait yaradılıb və aksiyanın ilk günündə olduğu kimi, 151 nəfərdən qan alınıb.
Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Beləliklə, iki gün ərzində davam edən aksiya zamanı 302 nəfər qan donoru olub.
Kampaniyanın təşkil olunmasında məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən, uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.