z

“Bakı Metropoliteni” QSC-də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları məşğələlər keçiblər

“Bakı Metropoliteni” QSC-də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları məşğələlər keçiblər

06 MART / 2018 / 00:00

“Bakı Metropoliteni” QSC ilə Fövqəladə Hallar Nazirliyinin birgə keçirdiyi silsilə tədbirlərin davamı olaraq, fevralın 26-dan martın 2-dək metropolitenin stansiya və obyektlərində insanların xəsarəti ilə nəticələnə bilən hadisələr zamanı göstərilən ilk tibbi və psixoloji yardım mövzusunda nazirliyin mütəxəssisləri tərəfindən məşğələlər keçirilib.
Məşğələlərin keçirilməsində məqsəd metropolitenin stansiya və obyektlərində baş verə biləcək hadisələr zamanı metropoliten əməkdaşlarının tibbi hazırlığını artırmaq, çatışmazlıqları müəyyən edərək, onların aradan qaldırılması üzrə zəruri tədbirlər görmək, ekstremal hallarda metropolitençilərin köməyi ilə hadisə yerində təxirəsalınmaz ilk tibbi yardımın göstərilməsini təşkil etməkdən ibarət olub.
“Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzində təşkil olunan məşğələlər Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili baş idarəsinin təşkilatçılığı ilə nazirliyin ixtisaslaşmış həkim və psixoloqları tərəfindən keçirilib.
Məşğələlərə metropolitenin bütün struktur vahidlərinin, həmçinin metropolitendə polis şöbəsinin müvafiq əməkdaşları da cəlb olunublar.
“İlk tibbi və psixoloji yardım” mövzusunu əhatə edən məşğələlər, nəzəri və təcrübi olmaqla, iki mərhələdə keçirilib. Nəzəri hissədə əsas diqqət bədbəxt hadisələr, qəzalar, qəfləti xəstələnmələr zamanı ilk tibbi yardımın məzmunu, həcmi və mahiyyəti barədə şəxsi heyətə müvafiq biliklər aşılanıb, təcrübi hissədə isə ekstremal hallar zamanı hadisə yerində zərərçəkənlərə vaxtında və düzgün qaydada ilkin tibbi və psixoloji yardım göstərmək üçün gərəkli praktik vərdişlər nümayiş edilib.
Həkiməqədər tibbi yardımın göstərilməsinin vacibliyi, həyat üçün təhlükə daşıyan hallar, ağır yaralanmalar, termiki, elektrik və kimyəvi yanıqlar, qanaxmalar, ətrafların uzun müddətli sıxılması, zərərli qazlarla zəhərlənmələr, günvurma və istivurma zamanı ilk tibbi yardım, zərərçəkmişlərin təxliyəsi və digər bu qəbildən olan mövzular ətrafında geniş müzakirələr aparılıb. Bu xüsusda fövqəladə hallar baş verdiyi zaman kütlənin psixoloji davranış xüsusiyyətləri, intihar halları mövzularına da geniş diqqət ayrılıb.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzində metropolitenin stansiya və obyektlərində insanların xəsarəti ilə nəticələnə bilən hadisələr zamanı xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi qaydalarına dair dərslər hər il tədris olunur.
Lakin Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturu ilə bu tip məşğələlər ilk dəfə keçirilib. Ümumi qənaətə əsasən, məşğələlərin danılmaz səmərəsi var və metropoliten əməkdaşlarının bilik və bacarıqlarını təkmilləşdirməsinə əhəmiyyətli təsir göstərir. Bu səbəbdən, müvafiq təlimin dinləyiciləri topladıqları nəzəri və təcrübi biliklərini metropolitendə təşkil ediləcək tibbi dərslər zamanı həmkarlarına metodiki baxımdan daha peşəkarlıqla tədris edə biləcəklər.