z
28 MART / 2018 / 00:00
Bayram günlərində metropolitençilərin mədəni istirahətinin və asudə vaxtlarının artıq ənənəyə çevrilmiş səmərəli təşkili builki Novruz günlərində də davam etdirilib.
“Bakı Metropoliteni” QSC rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı, eləcə də Metropoliten İşçiləri Həmkarlar İttifaqının yaxından iştirakı ilə əməkdə fərqlənən bir qrup metropolitençinin bayram istirahəti ailə üzvləri ilə birlikdə ölkəmizin dilbər guşələrindən sayılan Qax rayonunda təşkil edilib.
Müxtəlif xidmətləri əhatə edən bu bayram səfərindən, ümumilikdə, 98 nəfər istifadə edib. Onlar martın 20-dən 23-dək Qaxın "El Resort" otelində dincəliblər. İstirahətin mənalı və səmərəli keçirilməsini təmin etmək məqsədilə bütün səfər xərclərini müəssisə rəhbərliyi və həmkarlar təşkilatı ödəyib, istirahətin dolğun keçməsi üçün hərtərəfli normal şərait yaradılıb.
Metropolitençilər istirahət mərkəzində dincəlməklə yanaşı, Qaxın və ətraf bölgələrin tarixi, milli-mədəni əhəmiyyətli, gəzməli-görməli məkanlarına ekskursiyaya getmək imkanı əldə ediblər. Mamırlı və İlisu şəlalələri, İstisu kimi mühüm milli-mədəni yerlər səfər iştirakçılarını daha çox cəlb edib.
Bu, Novruz bayramı günlərində təşkil edilən yeganə belə tədbir deyildi. Bundan başqa, Metropoliten İşçiləri Həmkarlar İttifaqı bütün işçilərə bayram sovqatı paylayıb. Həmçinin metropolitençilərin azyaşlı övladlarının şəhərin mədəniyyət mərkəzlərində təşkil olunan bayram şənliklərində iştirakı məqsədilə biletlər də təqdim olunub.