z

Cari tədris ilində 650 işçi peşə və ixtisas kurslarına cəlb olunub

Cari tədris ilində 650 işçi peşə və ixtisas kurslarına cəlb olunub

02 APREL / 2018 / 00:00

Bakı metropolitenində peşə səviyyəsinin artırılması, yeni peşə hazırlığı, biliklərin mənimsənilməsi və tətbiqi ilə bağlı son illərdə əldə olunan nailiyyətlər genişlənməkdədir. "Bakı Metropoliteni" QSC yarandıqdan sonra bu məsələyə mərkəzləşmiş qaydada yanaşma və 2014-cü il sentyabrın 16-da Təlim-Tədris Mərkəzinin fəaliyyətə başlaması metropoliten üçün belə həssas məsələyə daha səmərəli və keyfiyyətlə yanaşmanı təmin edib. Nəticədə, 2015-2017-ci illər ərzində 2410 nəfərdən çox işçi müxtəlif ixtisas və peşə kurslarına cəlb olunaraq, bilik səviyyələrini artırıb.
İllər üzrə göstəriciyə diqqət ayırsaq, 2014-2015-ci tədris ilində 442, 2015-2016-cı tədris ilində 925, 2016-2017-ci tədris ilində isə 1075 işçi ixtisasartırma və peşə hazırlığı kurslarına qatılıb. Bu göstərici cari tədris mövsümünün birinci yarımilliyində 650 nəfərdən ibarət olub. Bu isə işçilərin kadr hazırlığının ildən-ilə təkmilləşdiyinin göstəricisidir.
Yeni ildə artıq bir neçə tədris proqramının nəticələri də məlumdur. Belə ki, qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsində çalışan 105 nəfər ixtisasını mərkəzləşmə məntəqəsi növbətçisi kimi artırmaq üçün dövrü test imtahanı verib. Test imtahanından uğurla keçən işçilər 6 aylıq həmin ixtisasartırma kurslarına qatılıblar.
Bundan başqa, təlim-tədris mərkəzində avtomat-buraxılış məntəqəsi nəzarətçilərinin hazırlanması məqsədilə hər biri 30 işçi olmaqla, 2 qrup üzrə dərslər yaxın vaxtlarda fəaliyyətə başlayacaq.
Hazırda davam edən maşinistlərin ixtisasartırma və kadr hazırlığı üzrə kurslara gəlincə, 25 nəfər isə 3 ay müddətində keçirilən 2 ixtisasartırma kursunu may ayında başa vuracaq.
Qeyd edək ki, müəssisədə yeni 81-760/761 seriyalı vaqonları həm idarəetmə, həm də nəzəri biliklər əsasında öyrənənlərə də müvafiq şərait yaradılıb. Vaqonların tədrisi prosesinin aparıldığı müddət ərzində hər ay maşinistlər texniki kabinetdə mövcud vaqon trenajorundan istifadə etməklə, qəza oyunları ilə əlaqədar praktik sınaqlardan keçirilir və hər bir maşinistin sınaq nəticəsi proqram təminatı vasitəsi ilə kompüterdə protokollaşdırılaraq, xüsusi bazaya yığılır. Bununla, maşinistlərin bilik və hazırlıq səviyyəsi xüsusi diqqət mərkəzində saxlanılır. Test imtahanından və kadr komissiyasının imtahanından müvəffəqiyyətlə keçən maşinistlərə sertifikatlar verilir.
“Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzində gələn tədris ilində daha bir əhəmiyyətli yenilik tətbiq ediləcək. Metropoliten üçün mühüm sahələrdən biri olan, eskalator maşinistlərinin trenajorunun tətbiqi ilə bağlı artıq hazırlıq işlərinə başlanılıb.
Həmçinin metropolitendə yeni dövrün tələblərinə uyğun sistemlərin tətbiqi istiqamətində işlərin davamı olaraq, kadrların hazırlanmasına da xüsusi diqqət göstərilir. Fransanın “Thales” şirkətinin yeni Bənövşəyi xətdə tətbiq etdiyi işarəvermə və mərkəzləşdirmə, həmçinin rabitə avadanlıqlarının öyrənilməsi məqsədilə, bu il də işçilər üçün müvafiq kurslar təşkil edilib. Gələcəkdə bu sistemlərin mövcud xətlərdə tətbiqinin genişləndirilməsini nəzərə alaraq, bu sahəyə xüsusi diqqət yetiriləcək.
Ümumiyyətlə, tədris planına uyğun olaraq, işarəvermə, rabitə və sərnişin avtomatikası, yol, stansiya və tunel, eləcə də müasir nasos avadanlıqlarının, eskalatorların, elektrik qurğularının istismarı və təmiri üzrə müxtəlif peşələrə yiyələnəcək kadrların hazırlanması məqsədilə böyük əhəmiyyətə malik dövrü kurslar, təlimat tələblərinə uyğun olaraq, davam etdirilir.
Bununla yanaşı, metropolitendə əməyin mühafizəsi və təhlükəsizlik texnikası, eləcə də elektrik təhlükəsizliyi üzrə işçilərin bilik səviyyəsinin tam standartlar çərçivəsində olması da xüsusi tələblərdəndir. Bu məqsədlə, əsas istismar sahələrinin işçilərinin müvafiq hazırlığı, kurslar vasitəsilə möhkəmləndirilir, onların bilik səviyyələri imtahan vasitəsilə yoxlanılır. Metropolitendə istismar, ələlxüsus, tikinti sahələri üçün bir çox spesifik peşələr üzrə çalışan işçilərin hazırlığı da xüsusi əhəmiyyət kəsb edir. Yeni texnologiyaların tətbiqi dövründə onların bilik və bacarığının artırılması məqsədilə təlim-tədris prosesi təşkil olunur. Bu sırada sipər maşinisti, elektrik qaz qaynaqçısı, ilməkçi, kran maşinisti, defektoskopçu, elektrik mexaniki kimi ixtisaslar üzrə məşğələlər də aparılır.
"Bakı Metropoliteni" QSC rəhbərliyi yeni texnologiyaların tətbiqi dövründə xarici dillərin əhəmiyyətini nəzərə alaraq, təkcə yeni işə qəbul zamanı deyil, həmçinin işçilərin bu istiqamətdə hazırlığına xüsusi diqqət ayırır. Artıq 2-ci ildir ki, metropolitendə ingilis dili kursları fəaliyyət göstərir və işçilər könüllü olaraq, mərhələli şəkildə bu tədris prosesinə yararlanırlar.
Cari tədris ilində, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq sertifikatlaşdırma proqramına 2016-cı ildə 14 nəfər, 2018-ci ildə isə 15 nəfər metropolitençi cəlb edilib. Bu il müvafiq kurslara qatılan işçilərin bilikləri kadr komissiyası tərəfindən sınaq imtahanı yolu ilə qiymətləndirilib və yaxın günlərdə imtahandan uğurla keçən işçilərə sertifikatlar təqdim olunacaq.