z

Respublika həmkarlar ittifaqlarının fəalları üçün praktiki seminar

Respublika həmkarlar ittifaqlarının fəalları üçün praktiki seminar

19 APREL / 2018 / 00:00

"Bakı Metropoliteni" QSC-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasının tədris planına uyğun olaraq, "Həmkarlar ittifaqlarının təşkilati işinin qurulması" kursunun əyani-praktiki seminarı keçirilib. Seminarlar, bir qayda olaraq, mövzuya görə ən nümunəvi hesab edilən baza təşkilatlarında keçirilir. Bu dəfə isə baza təşkilatı kimi metropoliten seçilib. Tədbirin əsas məqsədi həmkarlar ittifaqlarında işin təşkilində gənc lider və fəalların, həmçinin digər kadrların təcrübəni yerində əyani şəkildə izləyib mənimsəməsini, mütəxəssislərin tövsiyə və məsləhətlərini dinləyərək praktiki biliklərini artırmasını, təhsilini təkmilləşdirməsini, təcrübə mübadiləsi aparmasını təmin etməkdir.
Tədbiri açan Əmək və Sosial Münasibətlər Akademiyasının həmkarlar ittifaqlarının kadrlarının ixtisasartırma və yenidən hazırlanması şöbəsinin müdiri Raziyyə Maniyeva qeyd edib ki, AHİK-in tövsiyəsinə uyğun olaraq, seminarın Metropoliten İşçilərinin Həmkarlar İttifaqında (MİHİ) təşkil olunması təsadüfi deyil. Son illərdə Respublika komitələri arasında MİHİ həm nümunəvi, həm də təşəbbüskar bir təşkilat kimi diqqət çəkir, metropolitendə həyata keçirilən bir sıra layihələr maraq doğurur, digər həmkarlar təşkilatlarına və müəssisələrə örnək göstərilir, bu təcrübə öyrənilir.
MİHİ sədri Arif Mərdanov metropolitenin həmkarlar təşkilatını baza təşkilatı kimi seçdikləri üçün Konfederasiyanın və Akademiyanın rəhbərliklərinə təşəkkürünü ifadə edib. Son illərdə əldə olunan nailiyyətlər barədə onun verdiyi ətraflı məlumat görülən işlərin müqayisəli təhlillərini əks etdirən slayd-şou ilə müşayiət edilib. Arif Mərdanov kursun iştirakçılarını maraqlandıran suallara cavab verib, onlara uğurlar arzulayıb.
Seminarın əsas mövzusu ətrafında MİHİ sədrinin müavini Əlisəfa Bağırov çıxış edib. Tədbirin daha canlı keçməsi məqsədilə çıxışda toxunulan hər mövzu qarşılıqlı fikir mübadiləsi şəraitində müzakirə olunub. Dinləyicilərə həmkarlar təşkilatının işinin qurulmasında ümumi praktiki tövsiyələrlə yanaşı, MİHİ-nin uğurlarının səbəbləri və təsnifatı açıqlanıb. Dinləyicilərə MİHİ-də icraatda olan metodiki və normativ materialların, qeydiyyat jurnalları və digər sənədləşmə işlərinin aparılması qaydası əyani şəkildə göstərilib. Bu işlərin hər birinin məzmunu, mahiyyəti və əhəmiyyəti konkret nümunələrlə izah olunub.
Müzakirələr əsnasında bu və digər mövzularda metropolitendə həmkarlar ittifaqları komitələrinin işinin məzmun və məqsədi, təşkilati məsələlər, onların həlli ilə bağlı məqamlara daha çox diqqət ayrılıb. İşçilərə güzəştli iaşə xidmətinin təklif edilməsi, asudə və istirahət vaxtlarının, xüsusən ölkə xaricinə turist səfərlərinin təşkilində, həmçinin respublika sanatoriyalarına yollayışların verilməsində, maddi yardımların ayrılmasında tətbiq edilən prinsiplər və qaydalar dinləyicilərin öyrənmək istədiyi əsas məsələlərdən olub.
Seminarın ikinci hissəsi həmkarlar işinin qurulmasında əsas psixoloji tövsiyə və məsləhətlərin müzakirəsinə həsr olunub. Akademiyanın dəvət etdiyi psixoloqun iştirakı ilə həmkarlar təşkilatlarının fəaliyyətinin daha çox sosial yönümlü olması nəzərə alınaraq, gənc kadrların diqqət etməli olduğu məqamlar və qarşılaşa biləcəyi vəziyyətlərdə davranışı ətrafında fikir mübadiləsi aparılıb.