z
06 APREL / 2025 / 16:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Bakı metropoliteninin Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinə start verilir. Layihə çərçivəsində ən vacib işlərdən biri “Dərnəgül” elektrik deposunun inşasının tamamlanmasıdır.
“Bakı Metropoliteni” QSC-nin nümayəndələri inşaat işlərinə başlamazdan əvvəl “Dərnəgül” elektrik deposuna yaxın ərazilərdə yaşayan sakinlərlə görüş keçiriblər. Sakinlərə depo barədə ətraflı məlumat verilib və burada görüləcək işlərdən danışılıb.
“Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov qeyd edib ki, depo qatarların son dayanacağı olmaqla yanaşı, onların xətlər üzrə paylanmasını təmin edir. Qatarlara texniki qulluq göstərilməsini, eyni zamanda metropolitenin bütün digər texniki xidmət və sahələrinin işini özündə birləşdirir.
Görüşdə bildirilib ki, Yaşıl xəttə aid “Dərnəgül” elektrik deposunun baş planı hazırlanıb və plan üzrə, həmçinin ekoloji tədbirlər və onun ətraf mühitə təsirlərinin qiymətləndirilməsi də aparılıb. Bu istiqamətdə nəzərdə tutulan işlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə razılaşdırılmaqla həyata keçiriləcək. Ekoloji tədbirlər çərçivəsində depo ərazisində 1000-ə yaxın yeni ağac və mövsümi güllərin əkilməsi, çəmənlik salınması planlaşdırılır.
Həmçinin qeyd edilib ki, depo ilə bağlı ətraf mühitə təsirlərin qiymətləndirilməsi aparılarkən yaşıllıqların qorunması və genişləndirilməsi ilə yanaşı bütün digər zəruri tədbirlərin görülməsi nəzərə alınıb. Beləliklə həm inşaat müddətində, həm də sonrakı istismar dövründə sakinlərə narahatlıq gətirə biləcək halların qarşısı bu qiymətləndirməyə uyğun olaraq aradan qaldırılacaq.
“Dərnəgül” deposunun tikintisinin tamamlanması sərnişindaşımaya, o cümlədən yaxınlıqda yaşayan sakinlərin ictimai nəqliyyatdan daha səmərəli, rahat istifadəsinə də töhfə verəcək. Çünki burada yerüstü sərnişin platforması da inşa olunacaq.
Görüşün davamında sakinlərin sualları cavablandırılıb və inşaat müddətində belə görüşlərin müntəzəm keçirilməsi, fikir mübadiləsinin aparılması qərara alınıb.