z

Bakı metropoliteni əksər ölkələrlə müqayisədə daha aşağı tariflə xidmət göstərir

Bakı metropoliteni əksər ölkələrlə müqayisədə daha aşağı tariflə xidmət göstərir

31 IYUL / 2018 / 00:00

İyulun 30-da Tarif (qiymət) Şurasının iclasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Avqustun 1-dən Bakı metropolitenində bir gediş haqqı üçün tarif 30 qəpik dəyərində müəyyən olunub. Yeni tarif sabah – avqustun 1-dən qüvvəyə minir.
Qərarda deyilir ki, ödəniş vasitəsi kimi plastik və ya kağız kartdan istifadə edən sərnişinlərin kartlarının balansından gediş haqqı avqustun 1-dən etibarən yeni tariflə tutulacaq.
Kağız kartların istifadəçiləri kartın balansında qalan və istifadə olunmayan məbləği artırmaq üçün avqustun 1-dən etibarən “20 Yanvar”, “28 May”, “Nəriman Nərimanov” və “Neftçilər” stansiyalarında fəaliyyət göstərən “Kart analiz mərkəzləri”nə müraciət edə bilərlər. Bu qayda kartın tam istifadə müddəti ərzində (45 gün) qüvvədə qalacaq.
Avqustun 1-dən etibarən ictimai nəqliyyatda yeni tariflərin təsdiqi ilə bağlı qeyd edək ki, hazırda Bakı metropolitenində bir sərnişinin daşınmasının maya dəyəri 47 qəpiyə bərabərdir. Bu qiymət yalnız sərnişin daşınmasına sərf olunan istismar xərcləri hesabına formalaşır və buraya metronun perspektiv inkişafı, tikintisi, mövcud infrastrukturun əsaslı təmiri, modernləşdirilməsi, yenidənqurma tədbirləri, yeni qatarların alınması və s. daxil deyil. O da sirr deyil ki, hazırda bu məsələlər Azərbaycan dövlətinin büdcə vəsaiti hesabına həll edilir.
Tam obyektiv olaraq bir məsələyə də diqqət yetirək: metropolitenin əsas təchizatı, əksərən, ölkəmizdən kənardan xarici valyuta hesabına alınan mallar hesabına aparılır. İstismarla bağlı bir çox avadanlıq, maşın və mexanizmlər, ləvazimatlar ölkə xaricindən gətirilir. Son illərdə Bakı metropolitenində yenidənqurma, infrastrukturun müasir standartlar səviyyəsinə çatdırılması prosesi xeyli sürətlənib. Məhz dövlətin ayırdığı vəsait hesabına 2015-ci ildən başlayaraq, ən müasir standartlara cavab verən, sərnişin təhlükəsizliyi və rahatlığı ən yüksək həddə olan vaqonların alınmasına başlanılıb. Vaqonlar, istismar müddətini başa vurduqca və metropoliten xətləri inkişaf etdirildikcə, ən müasir analoqları ilə əvəzlənəcək.
Hətta mövcud tarif dəyişikliyindən sonra da, Bakı metropoliteni, əksər ölkələrlə müqayisədə daha aşağı tariflə xidmət göstərəcək.
Qeyd edək ki, Bakı metropolitenində sonuncu tarif dəyişikliyi 2011-ci il dekabrın 1-də olub. Həmin il noyabrın 24-də Tarif Şurasının verdiyi qərara əsasən, qiymət 15 qəpikdən 20 qəpiyə dəyişdirilmişdi.