z
28 YANVAR / 2026 / 15:03
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025 – 2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masa keçirilib.
Tədbirdə bildirilib ki, Dövlət Proqramı çərçivəsində Bakı Metropolitenində infrastrukturun genişləndirilməsi və modernləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Dəyirmi masada bu barədə məlumat verilərək vurğulanıb ki, 2025-ci ildə Bakı Metropoliteninin müxtəlif sahələrində ilk dəfə olaraq innovativ və səmərəli yeniliklər tətbiq edilib. Sərnişindaşıma və təhlükəsiz hərəkətin təmin edilməsi sahəsində əldə olunan mühüm irəliləyişlər Dövlət Proqramına uyğun olaraq, qarşıdakı beş ilin Bakı metrosu üçün əsaslı dəyişikliklər və yeniliklər mərhələsi olacağını göstərir. Dövlət Proqramının icrası məqsədilə Asiya İnfrastruktur İnvestisiya Bankı və Asiya İnkişaf Bankı ilə qlobal əməkdaşlığa başlanılıb.
2025-ci ildə imzalanmış proqrama uyğun olaraq, uzun illərdən sonra “Dərnəgül” elektrik deposunun inşası davam etdirilib. “28 May” stansiyası ərazisində xətlərin ayrılması layihəsinin əsas tərkib hissəsi olan iki nöqtədə şaxtaların qazıntısına başlanılıb. Eyni zamanda “İçərişəhər” stansiyasından sonra dönmə kamerasının inşası üçün ərazidə aidiyyəti qurumlarla kommunikasiyalar dəqiqləşdirilərək sahə tikinti işlərinə hazır vəziyyətə gətirilib. “Həzi Aslanov” stansiyasının dalan yolunda isə yenidənqurma işləri növbəti mərhələyə çatdırılıb.
10 yeni stansiyanın tikintisi Bakı metrosu tarixində qısa müddətdə reallaşdırılacaq ən böyük genişlənmə mərhələlərindən biri olacaq. Bu stansiyalardan birinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur və ötən ildə “B4 layihə” adlı stansiyada təmir və tikinti işləri sürətlə davam etdirilib.
Ötən il həyata keçirilən ən mühüm yeniliklərdən biri qatarlararası intervalların 16 ildən sonra ilk dəfə azaldılması olub ki, bu da mövcud infrastruktur imkanları nəzərə alınmaqla, inqilabi dəyişiklik kimi qiymətləndirilir. Bununla yanaşı, rəqəmsal həllərin tətbiqi sayəsində ilk dəfə olaraq qatarların stansiyaya daxilolma vaxtını göstərən sistem və elektron monitorlar quraşdırılıb, həmçinin bütün stansiyalarda bank kartları ilə təmassız (NFC) ödəniş imkanı yaradılıb. Oktyabr ayında test rejimində istifadəyə verilən bu sistemdən cəmi iki ay ərzində 7 milyondan çox sərnişinin yararlanması xüsusi diqqət çəkib.
Təhlükəsizlik və enerji sistemlərinin yenilənməsi istiqamətində tədbirlər də yüksək templə davam etdirilib. Sərnişinlərə xidmət keyfiyyətinin artırılması məqsədilə ən müasir qatarların alınması 2025-ci ildə də davam etdirilib və təhlükəsiz hərəkətin optimal səviyyədə təmin olunmasına mühüm töhfə verib. İl ərzində Bakı Metropolitenində son nəsil 20 yeni vaqon istismara buraxılıb.
20-dək stansiyada taktil zolaqların quraşdırılması hərəkət imkanları məhdud sərnişinlər üçün metrodan istifadənin əlçatanlığını artırıb. Nəticədə əvvəlki illə müqayisədə 10,6% daha çox sərnişin “Əlçatan metro” xidmətindən yararlanıb.
Əlçatanlığın təmin edilməsi istiqamətində atılan digər mühüm addım Bakı Metropolitenində tam yeni formatda Əlaqə mərkəzinin fəaliyyətə başlaması olub. Səhər saat 07:00-dan 23:00-dək daxil olan müraciətlərin operativ şəkildə cavablandırılması sərnişinə xidmət keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Bakı Metropoliteni 2025-ci ildə 227 milyon sərnişin daşımaqla ictimai nəqliyyata olan etimadı doğrultmağa davam edib. İl ərzində metropoliten 60 gün gücləndirilmiş iş rejimində fəaliyyət göstərib, xüsusi günlərdə isə ümumilikdə 14 saatlıq əlavə iş qrafiki tətbiq olunub.
2025-ci ildə həyata keçirilən tədbirlər Bakı Metropoliteninin gələcək inkişafı üçün möhkəm təməl formalaşdırıb. Qarşıdakı dövrdə də müasir standartlara uyğun, təhlükəsiz və səmərəli metro xidmətlərinin genişləndirilməsi əsas hədəflər sırasında olacaq.
Sonda ekspertlər və jurnalistləri maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.