z
21 APREL / 2026 / 20:00
Bu gün saat 12:10 radələrində Bakı metropoliteninin “Ulduz–Nərimanov” mənzilində, ilkin məlumata əsasən, aralıq kabelində baş vermiş qısaqapanma nəticəsində təmas relsinə yüksək gərginliyin verilməsi kəsilib.
Bakı Metropoliteninin normativ tələblərinə uyğun olaraq, dərhal bütün müvafiq təxirəsalınmaz tədbirlər həyata keçirilib. Bütün stansiyalarda sərnişin axını nəzarətə götürülüb, stansiyalara sərnişinlərin girişi məhdudlaşdırılıb və qatarların hərəkətinin vəziyyətə uyğun tənzimlənməsi təmin olunub.
Paralel olaraq bütün stansiyalarda sərnişinlərin, həmçinin ənənəvi və sosial media resursları vasitəsilə ictimaiyyətin müntəzəm məlumatlandırılması istiqamətində operativ tədbirlərə başlanılıb.
İlkin tədbirlər çərçivəsində təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarından sərnişinlərin qaydalara uyğun olaraq vaxtında və operativ şəkildə təxliyyəsi həyata keçirilib.
Hadisə baş verən zaman xətlərdə ümumilikdə 30 qatar hərəkətdə olub. Tuneldə qalan cəmi 4 qatardan sərnişinlərin təxliyəsi uğurla təmin edilib.
Həyata keçirilən tədbirlər zamanı sərnişinlərin təhlükəsizliyi hər zaman olduğu kimi prioritet hesab edilib və texniki insident nəticəsində xəsarət alan olmayıb.
Saat 14:14-də “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksəkgərginlikli elektrik enerjisinin verilməsi təmin edilib, bütün zəruri yoxlamalar həyata keçirilib.
Saat 15:00-da Bakı metropoliteninin fəaliyyəti tam bərpa olunub. Xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib.
Bakı Metropoliteni baş vermiş hadisəni ciddi şəkildə qiymətlməsi aparılıb və artıq müvafiq texniki və təşkilati təhlillərinə başlanılıb. Məqsəd oxşar halların təkrarlanmaması üçün mövcud proseslərin daha da təkmilləşdirilməsidir.