z
18 IYUN / 2026 / 11:03
18 may–18 iyun tarixlərini əhatə edən Azərbaycanda “İnsan Hüquqları Aylığı” çərçivəsində ölkə üzrə həyata keçirilən maarifləndirmə tədbirlərinə “Bakı Metropoliteni” QSC də qoşulub. Bu məqsədlə metropolitenin stansiyalarında və inzibati obyektlərində elektron posterlər yayımlanaraq günün əhəmiyyətinə diqqət çəkilib.
Həmçinin insan hüquqları, o cümlədən metro sərnişinlərinin hüquqlarından bəhs edən paylaşım hazırlanaraq #İnsanHüquqlarıAylığı və #HumanRightsMonth həştəqləri ilə Bakı Metropoliteninin rəsmi sosial media hesablarında yerləşdirilib.
İnsan hüquqlarının qorunması və təşviqi cəmiyyətin davamlı inkişafının mühüm şərtlərindən biri hesab olunur. Bu baxımdan maarifləndirmə tədbirlərinin keçirilməsi və insan hüquqları ilə bağlı məlumatların geniş auditoriyaya çatdırılması xüsusi əhəmiyyət daşıyır.
Hər gün yüz minlərlə sərnişinə xidmət göstərən Bakı Metropolitenində sərnişin hüquqlarının təmin olunması, onların mənzil başına rahat, təhlükəsiz və etibarlı şəkildə çatdırılması fəaliyyətin əsas prioritet istiqamətlərindən biridir.
Sərnişin məmnunluğunun artırılması, əlçatan və inklüziv nəqliyyat mühitinin formalaşdırılması, xidmət keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Bakı Metropoliteninin fəaliyyətində insan amili əhəmiyyətli yer tutur və təhlükəsiz, rahat və müasir ictimai nəqliyyat xidmətinin göstərilməsi əsas vəzifələrdəndir. İnsan hüquqlarına hörmət və bu dəyərlərin təşviqi istiqamətində həyata keçirilən təşəbbüslər də bu yanaşmanın tərkib hissəsidir.