z
04 MART / 2019 / 00:00
“Bakıda metro tikintisinin böyük tarixi vardır... Ancaq bu gün yeni texnologiyalar tətbiq olunur. Biz Azərbaycanda, Bakıda bu texnologiyalardan istifadə etməliyik. Əvvəlki təcrübə çox qiymətlidir. Ancaq bugünkü təcrübə əlbəttə ki, həm işlərin daha da böyük səmərə ilə görülməsinə xidmət göstərəcək, həm də maksimum keyfiyyət təmin olunacaqdır”.
İlham ƏLİYEV
Yarım əsrdən artıq bir tarixi olan Bakı metropoliteninin inkişaf mərhələlərində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması xüsusi yer tutur. Yeni dövrü səciyyələndirən ən böyük yeniliklərdən biri isə inşaatla bağlıdır. Ötən beş ildə metro xətlərinin tikintisində və ümumiyyətlə, Bakı metropoliteninin yarıməsrlik tarixində ən əlamətdar hadisə müstəqillik dövrünün ilk xəttinin - Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarının istismara verilməsidir.
Bakı metropoliteninin konseptual inkişaf sxeminə müvafiq olaraq, inşa olunmuş “Avtovağzal” stansiyası platformadan, 2 vestibüldən, 8 çıxışdan, havalandırma keçidindən, vestibüllərin üzərində quraşdırılmış iki piramidadan ibarətdir. Yeni xəttin hər iki stansiyasının platformalarının uzunluğu 144 metrdir. Bu isə stansiyalara əvvəlki Qırmızı və Yaşıl xətlərin stansiyalardan fərqli olaraq 5 deyil, 7 vaqonlu qatarın daxil olmasına imkan yaradır. Stansiya və keçidlərdə müxtəlif hündürlüklü 20 eskalator, çıxışlarda isə 8 travelator qoyulub. Fiziki imkanları məhdud insanların istifadəsi üçün burada lift quraşdırılıb. Biləcəri qəsəbəsi sakinlərinin rahatlığını təmin etmək üçün Bakı-Sumqayıt avtomobil yolunun altından keçid inşa edilib. Daha iki keçid isə Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində quraşdırılıb. Bundan əlavə stansiya ərazisində daha beş çıxış var.
“Avtovağzal-Memar Əcəmi” mənzil tunellərinin və “Memar Əcəmi” stansiyasının layihə işləri dünyanın aparıcı şirkətləri tərəfindən hazırlanıb. Tunellərin inşası üçün hazırlıq işlərinə 2011-ci ilin fevralında, tikintisinə isə həmin ilin sentyabrında başlanılıb. Podratçı təşkilat tərəfindən tunellərin tikintisi ilə yanaşı, tunellərarası 8 təxliyə keçidi və 2 havalandırma şaxtası inşa edilib. “Memar Əcəmi” stansiya kompleksinin ümumi uzunluğu 168,5 metrdir. Burada üç çıxış yaradılıb. Ümumi sahəsi 12 min kvadrat metrə yaxın olan stansiyada və çıxışlarda 17 eskalator quraşdırılıb. Burada, həmçinin fiziki imkanları məhdud insanlar üçün də liftlər var.
“Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının istismara verilməsi ilə yanaşı bu stansiyaların enerji təchizatı üçün MDB məkanında ilk dəfə olaraq 35 kV-luq elektrik yarımstansiyaları qurulub.
Şəhər əhalisi üçün mühüm əhəmiyyət daşıyan metropolitenin genişləndirilməsi, yeni stansiyaların açılması işlərinin sürətləndirilməsi üçün, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində işlər son illər ardıcıl olaraq həyata keçirilir ki, bu da inşaat işlərində keyfiyyətin yüksəldilməsi ilə nəticələnib.
Bu gün tikinti yeni xəttin davamı olan "B-03" stansiyasında aparılır. Hazırda stansiyada yol divarlarının, keçidlərin, stansiya vestibüllərinin üzlük işləri gedir. "Memar Əcəmi" ilə bu stansiyanı birləşdirən dəmir yolunun çəkilişi başa çatmaqdadır. Tunellərdə yolun betonlama işləri başa çatıb. Hazırda dönmə kamerasında yolayırıcılar quraşdırılır.
Təbii ki, 52-ci ildir fəaliyyət göstərən metropolitenin mövcud infrastrukturun da müasir tələblər səviyyəsinə çatdırılması, elmi-texniki tərəqqinin təibiq edilməsi xüsusi diqqət mərkəzində saxlanılır. Bu xüsusda tunellərdə aparılan sağlamlaşdırma işləri böyük əhəmiyyət kəsb edir. Ümumiyyətlə, tunel örtüklərinin korroziyadan mühafizə olunması, metropolitendə həmişə aktuallığı ilə seçilib. Son 5 ildə bu sahədə əvvəlki illərin təcrübəsini qiymətləndirməklə daha təsirli mübarizə vasitələrinin axtarışı davam edib. Tunel köynəklərinin korroziyadan mühafizə edən boya ilə rənglənməsi ilə tamamlanır. Bu məqsədlə müvafiq sahənin maddi-texniki bazası tamamilə yenidən qurulub, cihazlar, avadanlıqlar alınıb. Bu isə keyfiyyətli yoxlamanı ən yüksək standartlar səviyyəsinə çatdırmağa imkan verib. Tunel geyimini rəngləmək üçün keyfiyyətli yeni boyalar da sınaqdan çıxarılır. Bu sahədə aparılan axtarışların coğrafiyası da genişlənib və hətta okeanın o tayına gedib çıxıb. Sınaqdan çıxarılaraq tətbiq edilən boyaq maddələri həm tərkibinə, həm keyfiyyətinə, həm də funksionallığına görə, eləcə də sərnişinlərin və işçi personalın sağlamlığına təsiri baxımından məqbul sayılıb. Bununla belə daha səmərəli və keyfiyyətli boyaların axtarışı mütəmadi olaraq davam etdirilir.
Bütün bunlar metropolitendən istifadə edən sərnişinlərin rahatlığı, təhlükəsizliyi, onlara təqdim olunan xidmət mədəniyyəti səviyyəsinin yüksəldilməsinə xidmət edir. Gözəl stansiyalar, yeni qatarlar, sərnişinlərlə nəzakətli davranış, hərəkət cədvəlinin dəqiq yerinə yetirilməsi metro məkanında normal mikroiqlim şəraiti olmadan heç bir dəyərə malik ola bilməz. Metro stansiyalarının, tunellərin təmiz atmosfer havası ilə təmin olunması mövcud havalandırma sistemlərinin və qurğuların işindən asılıdır. Yarıməsrlik istismar müddətində artıq ömrünü başa vurmuş ventilyatorlar tunel və stansiyaların ildən-ilə çoxalan avadanlıqlarından, həcmi artan gur sərnişin axınından ayrılan istilik miqdarının öhdəsindən demək olar ki, gələ bilmirdi. Bu da sərnişindaşımada, xüsusən yay aylarında problemlər yaradır, insanların narazılığına səbəb olurdu. Artıq bu məsələ də özünə qarşı daha böyük diqqət tələb edirdi. Doğrudur, əvvəlki illərdə də ventilyasiya qurğularının yenilənməsi üçün müasir ventilyatorlar alınırdı. Amma son 5 ildə ventilyator təsərrüfatına daha peşəkar münasibətin formalaşması bu sahədə ciddi dəyişikliklərə ehtiyacın olduğunu aşkar etdi.
Ötən ilin sentyabr ayına olan məlumata görə metropolitenin ventilyasiya sistemi 114 güclü ventilyatordan ibarət idi ki, onlardan 38-i istismar müddətini çoxdan başa vurmuşdu. Digər tərəfdən ventilyatorların iş rejimi və cədvəlinin optimallıqdan uzaqlığı, təbii havalandırmanın olmaması vəziyyəti daha da kəskinləşdirirdi.
Bu gün ventilyasiya sahəsində, böyük dəyişikliklər aparılmalı, avadanlıq yeniləşməlidir. Alınacaq yeni ventilyatorların texniki şərtləri işlənib. Almaniya, Avstriya, Rusiya istehsalçıları ilə danışıqlar aparılıb. Ötən il Rusiyanın Artyomovsk Maşınqayırma Zavodundan alınan yeni ventilyatorların ikisi 44 saylı şaxtada (“Koroğlu”), biri isə «Sahil» stansiyasının 7 "A" saylı şaxtada quraşdırılıb. Elə bu günlərdə Rusiyanın “Ventprom” şirkətinin istehsalı olan 7 ventilyator Bakıya gətirilməlidir.
Bununla yanaşı, ötən ilin əvvəlindən daha səmərəli iş cədvəlinin tətbiq edilməsi, bu cədvəlin əvvəlki illərdən fərqli olaraq 2 deyil (yay-qış), ilin hər bir fəslinə görə işlənib hazırlanması, eləcə də təbii havalandırma imkanlarından istifadə etmək nəticəsində ilin ən isti aylarında stansiya və tunellərdə havanın orta temperaturunu 1-3 dərəcə aşağı salmaq mümkün olub.
“Bakı Metropoliteni” QSC-nin dövründə baş verənlər böyük bir kitab mövzusudur. Biz burada hərəkətin təşkilində və idarə olunmasında, yeni sistemlərdən istifadədən, yeni rabitə vasitələrinin tətbiqindən, elektrik təchizatı sisteminin etibarlığının artırılması və bu məqsədlə yeni yarımstansiyaların tikintisi ilə yanaşı köhnələrin yeniləşdirilməsi, yol təsərrüfatının yenidən qurulması, qatarların təmirdən sonra sınaqdan çıxarılması üçün dəmir yolu poliqonunun yaradılması və digər maraqlı yeniliklərdən söz aça bilərik. Səhmdar Cəmiyyət yarandığı dövrdən keçən qısa müddət ərzində avtomatlaşdırılmış ödəniş sisteminə keçid, İSO standartlarının tələblərinə cavab verən dəmir-beton konstruksiyaların istehsalının təşkili və bununla da yeni texnologiyanın tətbiqi ilə xarici təchizatçılardan asılılığın aradan qaldırılması nəticəsində valyuta ilə ödənilən əlavə xərclərin azaldılması, elektrik deposunda işarəvermə, rabitə və videomüşahidə sisteminin bir mərkəzdən idarəolunması üçün 5 mərtəbəli blok-post binasının tikintisi və avadanlıqlarla təchiz olunması, elektrik deposunun elektrik təchizatının etibarlılığının və dayanıqlılığının gücləndirilməsi məqsədilə iki yarımstansiyanın tamamilə yeni texnoloji əsaslarla qurulması, təlim-tədris mərkəzinin təsis edilməsi və digər bir çox iri həcmli layihələrin həyata keçirilməsi görülmüş işlərin yalnız müəyyən bir hissəsini təşkil edir və hazırda bu istiqamətdə işlər davam etdirilir. Yəqin ki, həmin sahələrdə görülən işləri bir mövzu altında birləşdirib, hər biri haqqında ətraflı danışmaq lazım gələcək.
Eləcə də hesabat dövründə metropolitendə həyata keçirilən sosialyönümlü proqramlar, tədbirlər də xüsusi və son dərəcə geniş bir mövzudur. Bununla belə 5 il ərzində bu sahədə görülən işlərə toxunmadan söhbəti yekunlaşdırmaq da olmur.
Yeni rəhbərlik fəaliyyətinin ilk günlərindən metropolitençilərin sosial məsələləri ilə hərtərəfli tanış oldu. Depo ərazisindəki yeməkxananın vəziyyətindən, orada işçilərə göstərilən xidmətin səviyyəsindən, hazırlanan yeməklərin keyfiyyətindən narazı qalan QSC sədri Zaur Hüseynov bu sahədə təxirəsalınmaz dəyişikliklər edilməsi barədə qərar qəbul etdi. Yeməkxana qısa bir müddətdə əsaslı şəkildə təmir edilib, iaşə avadanlığının ən son nümunələri ilə təchiz edildi. Təmirdən sonra orada hazırlanan yeməklərin çeşidi artdı, keyfiyyəti yaxşılaşdı.
Metropolitençilərin yeməkxananın xidmətindən rahat və əlverişli şəkildə istifadə etməsi üçün nağdsız və güzəştli ödəniş sistemi tətbiq edildi. Qiymətlərin 52 faizinin ödənilməsini Metropoliten İşçiləri Həmkarlar İttifaqı öz üzərinə götürdü. İşçi tərəfindən ödəniləcək məbləğ isə ayın axırında ona hesablanan əmək haqqından tutuldu.
Həmin dövrdə depo ərazisində əsaslı təmir-bərpa işlərinə başlandı. Ərazisindəki ayrı-ayrı xidmətlərə aid edilən yaşıllıqlar birləşdirilərək, geniş bir parka çevrildi. Orada köhnə hovuz təmir edilərək, üzərində fəvvarə quruldu. Həmin ərazidə ulu öndər Heydər Əliyevin büstü, bir qədər aralıda ölkəmizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə həlak olmuş insanlara xatirə abidəsi qoyuldu.
Depo işçilərinin sosial problemlərinin həlli istiqamətində görülən əhəmiyyətli tədbirlərdən biri də deponun 1 saylı nəzarət keçid məntəqəsinin yaxınlığında şəxsi avtomobillər üçün parkinqin yaradılması oldu.
Metropolitençilərin istirahəti, asudə vaxtlarının səmərəli, yay istirahətlərinin daha məzmunlu təşkili üçün tədbirlər görüldü. Ölkənin görməli yerlərində istirahət etmək, xarici ölkələrə turist səfərlərinə yollanmaq imkanı yarandı. Müəssisənin Bilgəhdəki istirahət sahəsində aparılan yenidənqurma işləri, köhnə kottec tipli evlərin yerində 2-3 mərtəbəli binaların ucaldılması, sanatoriya və profilaktoriyanın müayinə-müalicə imkanlarının genişlənməsi, ən müasir tibb avadanlığı ilə təchizat son 5 ildə sosial sahədə görülən işlərin kiçik bir hissəsidir.
Bütün bu deyilənlər bir daha təsdiq edir ki, dövlət başçısının 5 il əvvəl Bakı metropoliteninin gələcək inkişafı, şəhərin ən kütləvi ictimai nəqliyyatı kimi öz funksiyasını daha səmərəli yerinə yetirməsi üçün qəbul etdiyi qərar - Bakı metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması sözün tam mənasında özünü doğruldub.
"Azərbaycan” qəzeti
№50 (8073) 2 mart 2019-cu il