z
10 APREL / 2019 / 00:00
Bu gün “Bakımetrolayihə” institutunun fəaliyyətə başlamasının 70 ili tamam olur. Bu münasibətlə “Bakı Metropoliteni” QSC-nin akt zalında keçirilən təntənəli yığıncağı QSC sədrinin müavini Hidayət Məmmədov açdı. O, tədbir iştirakçılarını salamladıqdan sonra metro layihəçilərinin yubileyinin başqa bir əlamətdar gündə - 10 Aprel İnşaatçılar Günündə qeyd olunmasını xoş bir təsadüf adlandırdı. Ölkə inşaatçılarının bu il 10-cu dəfə bayram etdikləri İnşaatçılar günü Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli sərəncamı ilə təsis edilib. Çıxışın davamında Hidayət Məmmədov Bakının yeraltı yollarının və ümumiyyətlə ölkədə müxtəlif nəqliyyat qovşaqlarının, dəmir yolu və avtomobil tunellərinin layihələndirilməsində böyük xidmətləri olan insanların əməyini yüksək qiymətləndirdi.
“Bakımetrolayihə”nin tarixi və hazırkı dövrdəki fəaliyyəti barədə institutun direktoru Sahib Qasımov məlumat verdi. Yarandığı dövrdə “Metrolayihə” institutuna əsasən Bakı metropoliteninin tikintisi üçün layihə-axtarış işlərinin aparılması, yeraltı piyada keçidlərinin, eyni zamanda metro inşaatçıları üçün yaşayış binalarının layihələndirilməsi tapşırılmışdı.
Çıxışda ilk illərin çətinlikləri, milli kadrların yetişdirilməsi sahəsində görülən işlər, instituta müxtəlif illərdə rəhbərlik etmiş insanlar barədə danışıldı. Çoxillik fəaliyyəti dövründə “Bakımetrolayihə” institutunun kollektivi şəhərimizin bəzəyi olan Bakı metropoliteninin I, II və III növbələrinin müxtəlif mərhələlərində layihə işlərini yüksək peşəkarlıqla həyata keçirib, metronun IV növbəsinin “Texniki-İqtisadi Əsaslandırma” mərhələsi üçün layihə tərtib edib. Moskva, Nijni Novqorod, Daşkənd, Tbilisi, Novosibirsk metropoliteninin layihələndirmə işləri “Bakımetrolayihə” institutunun kollektivi tərəfindən yüksək səviyyədə yerinə yetirilib. Moskva metropoliteninin “Serpuxovo” radiusunun layihəsi, eyni zamanda “Kropotkinskaya” stansiyasının arxitektura layihəsi də “Bakımetrolayihə” institutuna məxsusdur.
Hal-hazırda Bakı şəhərində fəaliyyət göstərən bütün yeraltı piyada keçidlərinin, müxtəlif vaxtlarda Rusiyanın Dərbənd və Vladiqafqaz şəhərlərində avtonəqliyyat tunellərinin, Mahaçqala şəhərində dəmiryol tunelinin, “Baykal-Amur” magistrallarında dəmiryol tunellərinin, Tacikistanda “Vaxş-Yavan” su qovşağının hidrotexniki tunellərinin layihə işlərini də yüksək peşəkarlıqla yerinə yetirib. Respublika daxilində neft tullantılarını xaric etmək üçün mövcud olan Ramana tunelinin bərpa layihəsi, 8-ci km qəsəbəsində, Bakıxanov küçəsində, 17-ci dağüstü küçədə, Binəqədi qəsəbəsində avtonəqliyyat körpüləri, Azərbaycan Dəmir Yolu Buta-Heybət xəttində, Gəncə və Kürdəmir şəhərlərində dəmiryol körpüləri, Xırdalan qəsəbəsində avtonəqliyyat tunelinin Bakı şəhərinin dairəvi kanalizasiya kollektoru, ”Funikulyor”, Teleqüllənin əsası, Gəncə şəhərində asfalt-beton zavodunun layihə işləri “Bakımetrolayihə”nin əməkdaşları tərəfindən yerinə yetirilib.
Sahib Qasımov institutun fəaliyyəti dövründə yaşadığı çətinliklərdən, əməkdaşların fədakar əməyindən, layihəçilərin qarşıdakı vəzifələrindən danışıb.
Kollektivin bugünkü işi barədə institutun baş mühəndisi Şəbəl Tağıyev söz açıb. Son dövrlər institutda layihələndirmə işlərində dünya praktikasında istifadə edilən yeni texnologiyalara böyük üstünlük verilir. Bu texnologiyalardan, Bənövşəyi xəttin “Avtovağzal” stansiyasının çalabərkitmə işlərində ,“Elmlər Akademiyası” stansiyasının II çıxışında qazıntı zamanı istifadə olunub. Son iki il ərzində “Bakı Metropoliteni” QSC rəhbərliyi tərəfindən İnstitutun mühəndis texniki işçilərindən bir neçə nəfəri Rusiyanın Sankt-Peterburq şəhərinə ezam edilərək hesabat proqramlarının kurslarını mənimsəyiblər.
İnstitutun geologiya şöbəsinin rəisi veteran layihəçi Nurəddin Məmmədov geoloji axtarış işlərinin tarixi barədə danışdı.1949-1980-ci illər ərzində Bakımetrolayihə institutu tərəfindən Bakı metropoliteni üçün 3 mindən artıq geoloji kəşfiyyat quyuları qazılıb. Bu tədqiqat işləri nəticəsində demək olar ki, Bakı şəhərinin əksər sahələrinin geoloji quruluşu haqqında məlumat əldə edilib.
Veteran kollektivin bugünkü işlərindən də danışıb. Şöbənin əməkdaşları hazırda “Xətai” stansiyasının, “Nərimanov” elektrik deposunda olan bir çox obyektlərin yenidən qurulması üzrə layihə-smeta sənədlərinin hazırlanması ilə məşğuldur. Bundan əlavə, hal-hazırda “Xocasən” elektrik deposunun layihəsi çərçivəsində bir çox obyektlər üzrə layihə işləri həyata keçirilir.
Sonra institutun gənc kadrlarından inşaat-konstruksiya mühəndisi Faiq Mehdiyev onun kimi layihəçilərin yetişdirilməsində kollektivin, təcrübəli mütəxəssislərin rolundan bəhs edərək, üzərində əməyi olan həmkarlarına təşəkkürünü bildirib. Tədbirin qonaqlarından “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və texnoloji institutun direktoru Yusif Nağıyev, Azərbaycan İnşaat mühəndisləri Elmi-tədqiqat institutunun direktoru Abdi Qarayev çıxış edərək “Bakımetrolayihə” nin Azərbaycan layihə institutları arasında xüsusi yer tutduğunu vurğulayıblar.