z

“Bakımetrolayihə”-70: Dünəndən bu günə körpü

“Bakımetrolayihə”-70: Dünəndən bu günə körpü

10 APREL / 2019 / 00:00

“Bakımetrolayihə”-70: inkişafın yeni istiqamətində
Sələflərin uğurları davam etdiriləcək

Bakıda, respublikamızın digər bölgələrində, eləcə də keçmiş SSRİ-nin müxtəlif respublikalarında yeraltı qurğuların, körpü və tunellərin layihələri bu institutda hazırlanıb. 70 illik tarixi dövründə institut Moskva, Nijni Novqorod, Daşkənd, Tbilisi, Novosibirsk metropolitenlərinin layihələşdirilməsində iştirak edib. Moskva metrosunun Serpuxova radiusunun, “Kropotkinskaya” stansiyasının memarlıq layihələri Bakı institutu əməkdaşlarının əməyi nəticəsində ərsəyə gəlib.
Bu gün institutda sələflərin böyük uğurlarını əzmlə davam etdirməyə layiq bir kollektiv çalışır. İnstitutun bugünkü işləri barədə onun rəisi Sahib Qasımovun dediklərindən:
Sahib Qasımov

- Sovet dövründə nail olduğu böyük uğurlar, ittifaq miqyaslı şöhrətə malik olan layihə müəssisəsi müstəqilliyin ilk illərinin sınağında böyük çətinliklərlə üzləşdi. İş həcminin azalması ixtisaslı, təcrübəli kadrların bir çoxunu işindən uzaqlaşdırdı. Sonradan ölkədə iqtisadi-siyasi sabitliyin bərpa olunması və iqtisadi yüksəlişin günü-gündən artan sürəti metro tikintisi sahəsində də canlanma yaratdı. Şəhərin yeraltı yollarının inkişafı üzrə yeni perspektiv planların qəbulundan sonra, bu sahəni yaxşı bilən, təcrübəli işçiləri bir yerə yığmaq çətin oldu. Bəziləri artıq həyatda yox idi, bəziləri əmək qabiliyyətini itirmişdi, ölkəni tərk edib gedənlər də var idi. Kadrlarsız isə heç nə etmək olmaz. Bizim sahədə işlər kompleks şəkildə yerinə yetirilir. Yəni, yeraltı tras, yolun üst quruluşu, geologiya, işarəvermə və rabitə, santexnika, rabitə, elektrik təchizatı, smeta məsələləri kompleks şəkildə işlənməlidir. Hazırda bizdə tras, işarəvermə və rabitə şöbələri yoxdur. Bu sahəyə aid olan layihələri ayrı-ayrı mütəxəssislər fərdi qaydada işləyirlər. Məsələn, Nurəddin Məmmədov ixtisasca geoloqdur, o, həm geologiya, həm tras layihələri üzərində işləyir. Bu isə praktiki və fiziki cəhətdən çox çətindir. Buna görə də burada direktor kimi işə başladıqdan sonra, layihəni əvvəlindən sonuna kimi işləyə biləcək struktur hazırlayıb, rəhbərliyə təqdim etdim. Eyni zamanda gənc mütəxəssislərin hazırlığı məsələsini də nəzərdən qaçırmaq olmaz. Burada institutun təcrübəli işçilərindən baş mühəndis Şəbəl Tağıyev, müxtəlif ixtisaslar üzrə mühəndislər Çingiz Qurbanov, Əbülfət Vəliyev, Faiq Mehdiyev, Mübariz Salahov, Dilşad Sultanova, Nailə Şəfiyeva, Rəna İsmayılova, Tatyana Sadıqova, Bəyimağa Əmirəcanov, Ramin Rəsulov, Kəmalə Hüseynova, Sənan Umarlı, Lala Qasımova, Məsud Dəmirov, Səbinə Qasımova, Gültəkin Şərifova, Tavat Quliyeva, Rasim Əliyev, Sadəddin Yusifov, Rüfət Məmmədov, Nanəxanım Quliyeva, Zəhra Babayeva, Aleksandra Rəhimova, Səadət Pənahova, Nurəddin Məmmədov, Məlahət Novruzova, Mustafa Mustafayev, Səbinə Sadıxzadə, Elmira Vəliyeva, Yelena Piçuqina kimi mütəxəssislərin köməyinə arxalanırıq. Yeni struktura görə, avtomatika və rabitə, elektrik təchizatı, santexnika və ventilyasiya, memarlıq layihələri, layihə meneceri şöbələrini yaratmalıyıq.
Yeraltı yolların inkişafı sahəsində başlıca istiqamətlərdən birincisi "B-3" stansiyasıdır. Yaşıl xəttin “Y-14” və “Y-15” stansiyalarının ümumi layihələri üzərində işlər başa çatıb. Xocəsən deposunun əsas istismar obyektlərinin - motodeponun, yük yerinin, mərkəzləşmə məntəqəsinin, inzibati-məişət binasının, elektrik yarımstansiyasının, elektrik xətlərinin, su təchizatı və kanalizasiya, yağış-sel sularının axıdılması sistemlərinin, nəzarət-buraxılış məntəqələrinin və deponun fəaliyyəti üçün digər həyat əhəmiyyətli obyektlərin layihələri üzərində işləyirik. "B-3" stansiyasının buraxılışı Bənövşəyi xəttin istismarı üzrə ən zəruri ehtiyacları ödəmək üçün Xocəsən deposu qismən də olsa, istifadəyə verilməlidir.
Söhbət əsnasında "Dərnəgül" deposu ilə bağlı vəziyyətlə də maraqlandıq. Doğrudur, bu deponun əhəmiyyəti bir qədər ikinci plana çəkilib. Amma bu vəziyyət xətlərin ayrılması planın reallaşdırılmasına qədər mövcud ola bilər. Xətləri isə yeni deposuz ayırmaq mümkün olmayacaq. Xətlərin ayrılması üzrə biri Fransanın «Buiq» ("Bouygues") şirkəti, digəri isə "Bakımetrolayihə" tərəfindən iki layihə hazırlanıb.
"Bütün bunları 53 nəfərlik işçi heyəti yerinə yetirir - deyən Sahib müəllim söhbəti davam etdirir, - Bu il əməkdaşlarımızın rifahının yaxşılaşdırılması istiqamətində "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi əsaslı işlər görüb. Bütün bunlar layihəçilərə stimuldur, onlarda ruh yüksəkliyi yaradır. Bu da son nəticədə ortaya qoyulan işin, məhsulun keyfiyyətində özünü göstərir".
Sahib müəllim eləcə də istismar olunan sahələrdə görülən işlərin-stansiyaların yenidən qurulması, hərəkətin təşkilində yeni texnologiyaların tətbiqi, təmir-bərpa və digər işləri qeyd etdi. Sonda Sahib müəllimdən özü barədə də müxtəsər məlumat verməyini xahiş etdik. İxtisasca mühəndis-elektrikdir. Azərbaycan Neft Kimya İnstitutunu (Azərbaycan Neft və Sənaye Universitetini) bitirib. Əmək fəaliyyətinə Qaradağ sement zavodunda başlayıb, 16 il müxtəlif xarici şirkətlərdə işləyib. 2014-cü ildən metrolayihə sahəsində çalışır. 2018-ci ilin sentyabrından "Bakımetrolayihə" institutunun direktorudur.

Bir layihənin tarixi
Kreml yaxınlığındakı stansiya

“Bakımetrolayihə” institutunun ilk mili kadrlarından biri də hazırda Azərbaycan Tunelçilər Birliyində layihə-smeta üzrə mütəxəssis vəzifəsində çalışan Arif Əliyevdir. Təcrübəli layihəçi, 17 stansiyanın layihələndirilməsində iştirak etmiş Arif müəllim bir çox tarixi hadisələrin canlı şahididir. “Bakımetrolayihə” İnstitutunun yaşı qədər ömür yolu keçib. O, 1949-cu ildə Bakıda anadan olub. Orta məktəbi qızıl medalla bitirib, 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunun diplomu ilə “Bakımetrolayihə”yə gəlib. Arif Əliyev

Məlumdur ki, “Bakımetrolayihə”nəinki paytaxtımızın metro xətlərinin, bütün stansiyalarının, eyni zamanda ölkənin bir çox nəqliyyat qovşaqlarının və tunellərinin layihələrini hazırlayıb. Moskva metropolitenin “Kropotkinskaya” stansiyasının yenidən qurulması üzrə layihələrini də 1984-cü ildə Bakı institutun mütəxəssisləri işləyiblər və burada Arif müəllimin də xidməti böyük olub.
Layihə təsdiq olunub, işlər yenicə başlamışdı. Bir gün Moskvadan instituta teleqram gəldi: “Bakımetrolayihə”nin nümayəndəsi sabah saat 11:00-da tikinti meydançasında olmalıdır. Arif müəllim elə həmin gecə Moskvaya uçmalı oldu. Səhər saat 11-ə tikinti meydançasında iclas təyin olunmuşdu. Şəhər İcraiyyə Komitəsi sədrinin müavini Yuri Şilobreyevin rəhbərliyi ilə Moskva Metropoliteninin Tikinti İdarəsinin rəisi və idarənin digər məsul işçiləri oraya toplaşmışdılar. Y.Şilobreyev Arif Əliyevdən layihə barədə məlumat verməyi xahiş etdi. Layihə bütün təfərrüatı ilə yığıncaq iştirakçılarına təqdim olundu. Y.Şilobreyev iclasın nümayəndələrinə müraciətlə dedi ki, Moskvanın mərkəzində, Kreml divarlarının yanında belə bir obyekti bakılılar niyə layihələndirib, bəs, Moskvanın müvafiq layihə təşkilatları niyə bu işlə məşğul olmayıb? Y.Şilobreyev dönüb, ləyihəni təqdim edənə baxdı. “Yəqin Moskva layihəçiləri bizə özlərinə inandıqları qədər inanıblar”, - bakılı mütəxəssisin bu cavabı Y.Şilobreyevi daha da qəzəbləndirib: “Familiyan nədir?”- hikkəli şəkildə soruşdu. Arif müəllim,- Əliyev deyə cavab verdi. Bundan sonra Şilobreyevin əhvalı dərhal dəyişdi, nə fikirləşdisə, sakitcə Arif Əliyevə yaxınlaşıb, SSRİ Nazirlər Sovetinin birinci müavini Heydər Əliyevin bu günlərdə sədrlik etdiyi iclasda iştirak etdiyini, həmin iclasda nəqliyyat tikintisində vacib qərarların qəbul olunduğunu söylədi. Ulu öndər haqqında tərifli sözlər dedi, onun bacarığına valeh olduğunu xüsusilə qeyd etdi. Özü də çox böyük hərarətlə danışırdı. Bəlkə də elə güman etmişdi ki, Bakıdan gələn bu layihəçi Heydər Əliyevin qohumudur. Bundan sonra Şilobreyev Bakı insitutunda hazırlanmış layihəyə heç bir iradının olmadığını söylədi. Sadəcə olaraq, tikinti meydançasına yaxın beşmərtəbəli yaşayış binasını deformasiyadan qorumaq üçün tədbirlərin görülməsini tapşırdı. Arif müəllim dərhal söhbətə müdaxilə edərək, bu məsələ ilə əlaqədar layihədə ehtiyat tədbirlərinin nəzərdə tutulduğunu bildirdi. Şilobreyev bir qədər əvvəl, sərt davranışına görə Arif müəllimdən üzr istəyirmiş kimi, başının təsdiqedici hərəkətilə “bəli, bəli” dedi.

Bakı metrosunun canlı tarixi onlardan başlayıb
Üzərində əməyi olan layihələrin hamısı ona əzizdir

Bakı metrosunun tarixi sərnişinlər üçün, əlbəttə, istismara verildiyi 1967-ci ildən başlanır. Lakin "Bakı metrosu" ifadəsinin tarixçəsi bundan xeyli əvvələ gedir. Söz yox ki, inşaatçıların zəhməti bu böyük yeraltı səltənətin yaranmasında əsas rol oynayıb. Lakin bu da heç başlanğıc deyil: hər şey layihədən başlanıb. Bakı metrosu başlanğıcını layihəçilərinin gərgin əməyi və zəhmətindən götürür. Bu gün Bakının simasını müəyyən edən, onun rəmzlərindən birinə çevrilmiş bu nəhəng yeraltı sarayların, tunellərin, eləcə də qurğu və avadanlıqların vahid bir şəbəkə kimi fəaliyyət göstərməsində layihəçilərin rolu az deyil. Lüdmila Kosik

"Bakımetrolayihə" İnstitutunun 70 illiyinin qeyd edildiyi bu günlərdə onun tarixində böyük rol oynamış şəxslərdən çox söz açmaq olar. Onlardan biri də Lüdmila Kosikdir.
Bakıda metro xətlərinin layihə işlərinin ilk günlərdən 2013-cü ilə kimi, ömrünün 64 ilini bu sahəyə həsr edən təcrübəli mütəxəssis Lüdmila Kosikin əmək kitabçasında bir müəssisənin adı var – "Bakımerolayihə". Bu kitabçanın ilk sətirləri 1949-ci ildə, 21 yaşlı Lüdmila Leninqrad Dəmiryolu Nəqliyyatı İnstitutunun energetika fakültəsini bitirib, təyinatla Bakıya gəldiyi vaxt yazılıb. Bakı Metro Tikintisi İdarəsi “Metrolayihə” kontorunun elektrik avadanlıqları şöbəsində mühəndis kimi fəaliyyətə başlayıb. Onu Bakı metrosu tikintisinin, 1921-ci ilin aprel ayından artıq institut kimi fəaliyyət göstərən “Bakımetrolayihə”nin canlı tarixi adlandırmaq olar.
- Bakıya təyinatla gəlmişdim, - deyir Lüdmila Pavlovna, - üç ili başa vurub, çıxıb gedə bilərdim. Amma Bakını və bakılıları sevdim. Burada qalmağı qərarlaşdırdım, bu mehriban insanlar arasındakı həyatı seçdim.
Lüdmila Kosik uzun illər birlikdə çalışdığı həmkarlarını xoş duyğularla xatırlayır: "Onların hamısı bilikli və işinin vurğunu olan insanlar idi. Əvvəllər baş mühəndis işləmiş, 1973-cü ildən 1990-cı ilə qədər institutumuza rəhbərlik etmiş Yusif Yaqubovu xüsusilə qeyd etmək istəyirəm. Bu gözəl insan institutun inkişafı üçün çox işlər görüb. İlk illər kollektiv cəmi 20 nəfərdən ibarət idi¬sə, 1970-80-ci il¬lərdə mütəxəssislərimizin sayı 100-ü ötmüşdü. 90-cı illərindən başlayaraq iş həcmi azaldı və yenə də 20 nəfər qaldıq. Sonradan 1994-cü ildə mən və həmkarlarımdan bir-neçə nəfər yaşa görə pensiyaya çıxdı".
Lakin Lüdmila Pavlovnanın kollektivdən ayrılığı o qədər çəkmir. Yarım ildən sonra ardınca evə gəlib, instituta qayıtmağını xahiş etdilər. O, yenidən iş masasının arxasına keçib, qələmi xətkeşi əlinə alır: "İnstitutun işi o vaxtlar az idi, hazır layihələrin reallaşma perspektivləri də
görünmürdü. Buna görə də bir qədər tərəddüddən sonra, qayıtdım. O vaxt biz metroya aid olmayan bir sıra sifarişlər üzərində işləyirdik. Amma çox çəkmədi, Şimal sahəsinin 3 stansiyası, Şərq sahəsinin "Həzi Aslanov" stansiyasının layihə işləri başladı. Metronun 20 illik perspektiv inkişaf planı təsdiq edildikdən sonra, onun reallaşdırılması sürətləndirildi. 2008-2011-ci illərdə Şimal sahəsinin 3 stansiyası – "Nəsimi", "Azadlıq prospekti", "Dərnəgül", həmçinin birinci növbənin "28 May" stansiyasının 2-ci çıxışı istifadəyə verildi".
Lüdmila Pavlovna 2013-cü ilə qədər işlədi. Sonrakı illərdə, "Bakı Metropoliteni" QSC-nin 5 illik fəaliyəti dövründə "Elmlər Akademiyası"nın 2-ci çıxışı, 2016-cı ildə Bənövşəyi xəttin ilk stansiyaları – "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları fəaliyyətə başladı.
Lüdmila Pavlovna deyir ki, üzərində əməyi olan layihələrin hamısı onun üçün əzizdir, hərəsinin öz yeri var. Amma “Nəriman Nərimanov”, ”Nizami” stansiyalarının işıq sistemləri mürəkkəbliyi ilə fərqlənib, - deyir L.Kosik, - xüsusən də, “Nizami” stansiyası, onun spesifikliyi layihə işlərinə yaradıcılıqla yanaşmağı tələb edirdi. Biz o vaxt stansiyanın memarı Mikayıl Useynov, mozaik pannoların müəllifi Mikayıl Abdullayevlə tikinti meydançasında tez-tez görüşür, onların təqdim etdiyi eskizlər əsasında işlədiyimiz layihələri müzakirə edir, məsləhətləşirdik. Nəticədə dünya metropolitenləri arasında gözəlliyinə görə seçilən fərqli bir stansiya yarandı".
Fəaliyyətinin 40-cı ilində "Nizami" stansiyasında aparılan təmir işləri zamanı orta zaldakı pannolar da bərpa edildi, onlar əvvəlki görkəmini aldı, ilkin parlaqlığı qaytarıldı. Bu işlərdən xəbər tutan L.Kosik çox sevindi: “Əlbəttə, 40 ildən artıqdır ki, fəaliyyətdə olan stansiyada mərmər örtüklərin ömrü çoxdan başa çatmışdı. Pannolar da, bu illər ərzində soluxmuş, üzərində qopuqlar əmələ gəlmişdi. Sağ olsun metronun indiki rəhbərliyi, bu işə vaxtında başladı”.
Yaşının 90-nı ötməsinə baxmayaraq, Lüdmila Pavlovna ara-sıra metro stansiyalarında olur, oradakı yenidənqurma işlərini görəndə, qəlbi fərəh hissi ilə dolur. Əlbəttə ki, layihələşdirilməsində iştirak etdiyi stansiyalar ona daha əzizdir. “Bu gün də onların yaradılmasındakı zəhmətimlə fəxr edirəm”-, deyir.