z
15 IYUN / 2019 / 00:00
Müasir Azərbaycan dövlətçiliyinin ən möhkəm və davamlı təməl daşı - 15 iyun 1993-cü il. Təqvimdəki bu gün xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Milli qurtuluş isə dövlətçiliyimizi yox etmək niyyətində olanların bütün cəhdlərini heçə endirdi, Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas oldu. Ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, yeni Azərbaycan dövlətinin təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın yüksək sürətlə və davamlı inkişafında özünü büruzə verir.
Mövcud olduğu 26 ildə siyasi, iqtisadi, sosial sahədə əldə etdiyi yüksək nailiyyətləri, dövlətçilik prinsiplərinin demokratik əsaslar üzrə inkişaf etdirilməsi ilə Azərbaycan öz varlığını, özünü bütün dünyaya təsdiq etdirdi.
Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Onun iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilməsilə ölkədə uzun illər davam edən gərginlik və qarşıdurmaya son qoyuldu, Azərbaycan vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.
Milli Məclisin 1993-cü il iyunun 15-də Heydər Əliyevin sədrliyi ilə keçirilən ilk iclasındakı çıxışında Ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Onun uzaqgörən, zəngin siyasi və dövlətçilik təcrübəsi əsasında işlənib hazırlanan inkişaf proqramı Azərbaycana dünya siyasi arenasında öz səsini cəsarətlə ucaltmaq, özünütəsdiq imkanı verdi. Dünyanın ölkəmizlə bağlı formalaşan mənfi rəyləri, yanlış fikirləri diametral şəkildə əks yöndə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi ölkədəki böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.
Azərbaycana milli qurtuluşu bəxş edən o gün, əslində həm də Bakı metropoliteninin qurtuluşu günü idi. Çünki məhz həmin gündən sonra bu nəqliyyat vasitəsinə nəinki münasibət dəyişdi, onun şəhərimiz üçün əhəmiyyəti təsdiqini tapdı. Metropoliten hələ formalaşmaqda olan bir ölkənin əsl sərvətinə çevrildi. Bakı metropoliteninin 35-illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Ulu öndər özü metropolitenə tarixi qiyməti verdi: “Bakı metropoliteni Azərbaycan xalqının milli sərvətidir. Deyə bilərəm ki, ən dəyərli sərvətlərindən biridir”.
Ümuilli liderin hakimiyyətə qayıtdığı o illərdən başlayaraq həyatın bütün sahələrində aşkar sezilməkdə olan müsbət dəyişikliklər Bakı metropolitenin fəaliyyətində də özünü tez bir zamanda büruzə verdi. Ulu öndər həmin illər şəhər nəqliyyatının, xüsusən də onun ən kütləvi, rahat və strateji cəhətdən daha əhəmiyyətli qolu olan metropolitenin böhran vəziyyətindən çıxarılması üçün son dərəcə böyük işlər gördü. SSRİ hökumətində yüksək vəzifədə çalışdığı illərdə qazandığı nüfuzunu, xidmətlərini həmişə uca tutan Rusiya vaqonqayırma sənayesinin rəhbərliyi bu məsələdə böyük məmnuniyyətlə Bakı metrosuna kömək göstərməyə hazır olduqlarını bildirdi. Mıtişşi metro vaqonları istehsal edən “Metrovaqonmaş” SC Bakı metrosu üçün dünya qiymətlərindən əhəmiyyətli dərəcədə ucuz vaqonlar istehsal etməyə razı oldu. Bunun nəticəsində Bakı metrosu vaqon parkını tamamilə yeniləşdirmək imkanı əldə etdi. “Metrovaqonmaş”, eləcə də Moskva metropoliteni bakılı həmkarlarına ən zəruri olan vaqon ehtiyat hissələrini təcili surətdə, haqqı sonradan ödənilməklə göndərdilər. Eləcə də Bakının yeraltı yollarının inkişafı sahəsində də əhəmiyyətli tədbirlər görüldü. Tikintisi yarımçıq qalmış sahələrdə inşaat işləri yenidən canlandı. 2002-ci ildə Şərq sahəsinin “Həzi Aslanov” stansiyası istifadəyə verildi.
- Metro bizim müstəqil dövlətimizə keçmişdən çatmış mirasdır. Biz bunu qorumalıyıq, saxlamalıyıq, inkişaf etdirməliyik. Bu, bizim hamımızın vəzifəsidir, - deyən ulu öndər Heydər Əliyevin bu kəlamı da izsiz ötüşmədi. Sonrakı illərdə dövlət başçısı, ulu öndərin siyasi varisi möhtərəm prezidentimiz cənab İlham Əliyev də Bakı metrosu barədə sələfinin tövsiyələrinə əməl edərək, paytaxtın yeraltı yollarının daha da inkişaf etdirilməsi üçün mühüm addımlar atdı. Dövlət başçısının tapşırığı ilə Bakı metropoliteninin 2030-cu ilə kimi perspektiv inkişaf planı işlənib hazırlandı.
Müstəqillik dövründə ölkə iqtisadiyyatının inkişafında dönüş ili olan 2006-ci ildən metronun yeni xətlərinin tikintisində də müsbət dəyişikliklər yarandı. Şimal sahəsində yarımçıq qalmış işlərə təkan verildi. 2008-ci il oktyabrın 9-da «Nəsimi» stansiyası yeraltı sərnişin konveyerinə qoşuldu. Bir il sonra 2009-cu il dekabrın 30-da «Azadlıq prospekti» stansiyası və “28 May” stansiyasının ikinci çıxışı bakılılara yeni il hədiyyəsi oldu. 2011-ci il iyunun 29-da Bakının 7-ci mikrorayonunda növbəti, sayca 23-cü olan “Dərnəgül” stansiyası sərnişindaşıma prosesinə qoşuldu. Bununla da şəhərin yeraltı yollarının uzunluğu 34,63 km-ə çatdı.
Kütləvi şərnişin daşınmasında şəhər əhalisi üçün böyük əhəmiyyət daşıdığını, metropolitendə tikinti və sərnişindaşıma kimi əsas sahələri vahid bir təsərrüfat kompleksində birləşdirməyin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Metropolitenin müasir tələblər çərçivəsində yenidən qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması, sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin qarşısında qoyulan əsas vəzifələrdən oldu. Bu vəzifələrin yerinə yetirilməsi məqsədilə əsaslı təmir-bərpa və yenidənqurma işlərinə başlanıldı.
2015-ci il dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının açılışı oldu. 2016-cı il aprel ayının 19-da isə Bakı metropoliteninin tarixində ən əlamətdar hadisələrdən biri baş verdi: müstəqillik dövrünün ilk xəttinin iki stansiyası açıldı. Həmin gün perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları sərnişinlərin istifadəsinə verildi və bununla da metropoliten xətlərinin uzunluğu 36,6 kilometrə, xətlərinin sayı 3-ə, stansiyalarının sayı 25-ə çatdı.
Hazırda Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Konseptual inkişaf sxeminə görə, paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km-ə, stansiyaların sayı 76-ya çatacaq.
Metropolitençilər həmişə olduğu kimi, dövlət tərəfindən qarşıya qoyulan bu vəzifəni vaxtında və layiqincə yerinə yetirəcəklər. Çünki Ulu öndər irsinin layiqli davamçısı olan Prezident İlham Əliyev özü yaxın dövrün perspektivini müəyyən edib:
- Biz elə etməliyik ki, bütün şəhərimizi metro ilə əhatə edək. Çünki metro həm ən ucuz, həm də ən rahat nəqliyyat vasitəsidir.
Tərlan Dadaşov
“Bakı Metropoliteni” QSC-nin
İnsan resursları və xidmət departamentinin rəisi
"Respublika” qəzeti
№129 (6456) 15 iyun 2019-cu il