z
20 YANVAR / 2019 / 00:00
Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə tarixində 20 Yanvar faciəsinin özünəməxsus yeri vardır. Haqq-ədalət tələbi ilə ayağa qalxan, mərkəzi hakimiyyətin qərəzli siyasətinə, yerli rəhbərliyin yarıtmaz fəaliyyətinə qarşı öz etirazını bildirən xalqımız sovet ordusu tərəfindən görünməmiş qəddarlıqla cəzalandırılmış, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Bu ağır cinayət, əslində Azərbaycan xalqına qarşı kütləvi terror aktı idi. Başda satqın Mixail Qorbaçov olmaqla keçmiş sovet rəhbərliyinin qabaqcadan düşünülmüş şəkildə hazırladığı və həyata keçirdiyi bu təcavüzkarlıq aksiyası xalqın demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, ona sarsıdıcı mənəvi-psixoloji zərbə vurmaq məqsədi daşıyırdı.
Milli azadlıq hərəkatının vüsət almasına yenidən başlanmasına, xalqımızın siyasi fəallığının dirçəlməsinə səbəb olan ən mühüm hadisə qondarma Dağlıq Qarabağ probleminin ortaya atılması idi. Bu inzibati ərazinin Azərbaycanın tərkibindən çıxarılmasına erməni separatçılarının növbəti dəfə cəhd göstərməsi ulu öndərimiz Heydər Əliyevin sovet rəhbərliyi tərəfindən istefaya göndərilməsi və təqib edilməsi ilə də sıx bağlı idi. Tarixdən yaxşı məlumdur ki, zaman-zaman belə cəhdlər olmuş, lakin xalqımızın vətənpərvər övladlarının ayıq-sayıqlığı və milli təəssübkeşliyi nəticəsində xain məqsədlər puça çıxarılmışdır. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublika rəhbəri seçilməsindən sonra isə separatçıların əli-qolu tamamilə bağlanmış, belə niyyətə düşməyin təkcə faydasız deyil, həm də təhlükəli olduğuna, dərhal və yerindəcə lazımi şəkildə cəzalandırılmaqla nəticələnəcəyinə əminlik yaranmışdı. Bununla belə, dünya ermənliliyi dinc dayanmır, Azərbaycan ərazilərini ələ keçirmək planları qurur, sovet hökumətinə təsir göstərmək üçün imkanlar axtarırdılar. Bu imkan Mixail Qorbaçovun rəhbərliyə gəlməsi, Heydər Əliyev kimi qətiyyətli və uzaqgörən siyasətçiləri işdən uzaqlaşmağa məcbur etməsi, “yenidənqurma” və “aşkarlıq” adı ilə ölkəni xaos və anarxiyaya sürükləməsi nəticəsində yarandı. Həmin siyasi burulğanlar dövrünü, keçmiş ittifaq dövlətinin süquta uğramasının səbəblərini təhlil etmək fikrimiz yoxdur. Tarix belə bir həqiqəti artıq təsdiqləyib ki, məhz ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətdən təcrid olunmasından, təqiblərə məruz qalmasından istifadə edən qüvvələr Azərbaycanda hələ də ağrısını çəkdiymiz faciələri, o cümlədən 20 Yanvar faciəsini törətdilər. Qanlı Yanvardan 29 il keçsə də, onun ağır nəticələri yaddaşlara həmişəlik həkk olunmuşdur. Lakin törədilmiş cinayət və onun faciəli nəticələri göz qabağında olduğu halda, respublikanın ovaxtkı rəhbərliyinin baş vermiş faciənin mahiyyətini hər vasitə ilə ört-basdır etmək cəhdləri də unudulmur. Təsəvvür edin ki, xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də Qanlı Yanvar faciəsi ilə bağlı çağırdığı sessiyaya onların əksəriyyəti gəlməmiş, xalqın taleyinə biganəlik göstərmiş, əslində isə qanlı cinayətin bu və ya digər dərəcədə iştirakçısı olduqlarını büruzə vermişdilər. Hətta şəhidlərin dəfn mərasimində belə onları görən olmamışdı. Onlardan sonra hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat cütlüyü isə xalqa qarşı törədilmiş ağır cinayətin açılması, bu hadisələrə siyasi qiymət verilməsi üçün heç bir tədbir görməmişdilər. Ən acınacaqlısı isə odur ki, 20 Yanvar faciəsi ilə bağlı olan konkret dəlil və sübütlar qəsdən Azərbaycandan çıxarılıb aparılmasına, bir sıra məxfi sənədlərin, o cümlədən mühüm arxiv sənədlərinin bütövlüklə və ya qismən məhv edilməsinə imkan verilmişdi. Qanlı Yanvar hadisələri ulu öndər Heydər Əliyevin Azərbaycana və qəlbən bağlı olduğu doğma xalqının taleyinə və ağrı-acılarına əsl övlad münasibətini də bir daha bariz şəkildə ortaya çıxardı. Faciənin dünyanın diqqətində olduğu bir vaxtda ulu öndər təqiblərə məruz qaldığı Moskva şəhərində öz haqq səsini ucaltdı, sovet dövlətinə, onun rəhbərlərinə qətiyyət və cəsarətlə öz etirazını bildirdi, xalqla birlikdə olduğunu sübuta yetirdi. Yanvarın 21-də özünün və ailə üzvlərinin həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyev xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib, başda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı, bu vəhşiliyə etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını bəyan etdi. Elə Azərbaycanın özündə də 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar yalnız ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanda prezidentlik fəaliyyətinə və dövlət quruculuğuna başlamasından sonra - 1994-cü ildə atılmışdır. Ulu öndərin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunmuşdur. Parlament həmin məsələyə xüsusi sessiya həsr etmiş, hadisələrin əsl səbəbləri və həqiqi günahkarların adları açıqlanmış, faciəyə siyasi-hüquqi qiymət verilmişdir. Eyni zamanda Yanvar faciəsinin xalqımızın tarixində böyük siyasi əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, habelə Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhərində xatirə kompleksinın yaradılması qərara alınmışdır. 20 Yanvar şəhidlərinin ailələrinə dövlət qayğısının göstərilməsi, həmçinin həmin hadisələrdə sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı məsələsi ulu öndər Heydər Əliyevin daim diqqətində olmuşdur. Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olanlara “20 Yanvar şəhidi” fəxri adı verilmişdir. Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir. 2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Ulu öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir. “Həmin gün respublikada haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar” - bu fikirlər möhtərəm Prezidentimizə məxsusdur, xalqımızın qəhrəmanlıq salnaməsinə onun dərin ehtiramını ifadə edir. Bu gün hər birimiz üçün müqəddəs ziyarətgaha çevrilmiş, 20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanı məhz cənab İlham Əliyevin təşəbbüsü ilə tam təmir edilmiş və yenidən qurulmuşdur. Yeri gəlmişkən, 20 Yanvar hərbi təcavüzünün qurbanlarının xatirəsinə ehtiramın mühüm təzahürlərindən biri də Bakı metropoliteninin vaxtilə xalqımıza və milli dövlətçiliyimizə qarşı qanlı cinayətlər törətmiş “XI Qızıl Ordu”nun adını daşıyan stansiyasının adının dəyişdirilərək məhz “20 Yanvar” qoyulması olmuşdur. Onu da qeyd edək ki, həmin hadisələr vaxtı metropoliten kollektivinin göstərdiyi hünər və şücaət indi də böyük qürur hissi ilə xatırlanır. Hadisənin canlı şahidlərinin bir çoxu bu gün də metropolitendə əmək fəaliyyətini davam etdirir. Qırğın başlananda metronun sonuncu qatarı cədvəl üzrə depoya qayıtmalı, yeraltı nəqliyyat iş gününü başa vurmalı idi. Şəhərin şimal qapısı keçmiş “XI Qızıl Ordu” meydanında tanklar barrikadaları yarıb, mərkəzə doğru irəliləməyə başladıqda, qatillərin əlindən canını qurtaran insanlar o vaxt həmin meydanın adını daşıyan metro stansiyasına sığınmaq məcburiyyətində qalmışdılar. Sovet ordusu hərbçilərinin gülləbaranı nəticəsində yaralananları da stansiyaya gətirirdilər. Platforma üzərində al qan izləri anbaan artırdı. Ağrıdan zarıyan, kömək diləyən insanları xəstəxanaya çatdırmaq üçün metro ən rahat vasitə idi. Yuxarıda təcili yardım maşınları belə atəşə tutulur, yardıma ehtiyacı olanlara yaxınlaşmaq olmurdu. Belə bir vəziyyətdə metropoliten rəhbərliyi qatarların səhərə kimi işləməsi barədə qərar qəbul etmişdi. Qanlı yanvar gecəsində metropolitençilər həyatlarını riskə ataraq, sübhədək yaralıları, öldürülənləri qorxu bilmədən, fədakarlıqla xəstəxanalara daşıdılar, xain gülləsindən qaçanları qorudular. Bəlkə də, metropolitençilər o gecə səhərə qədər iş başında olmasaydılar, stansiyaların yerləşdiyi ərazilərdə, o cümlədən “Koroğlu” (o vaxt “Əzizbəyov”) və “İçərişəhər”də (o vaxt “Bakı Soveti”), xüsusən “20 Yanvar” (o vaxt “XI Qızıl Ordu meydanı”) stansiyası ətrafında həyatlarını riskə atıb əhaliyə yardım əlini uzatmasaydılar, həlak olanların sayı qatqat artardı. Sonrakı matəm günlərindəki təzyiqlərə baxmayaraq, metropoliten fəaliyyətini dayandırmamış, əhalinin nəqliyyata tələbatını ödəyən əsas vasitə olmuşdur. O günlərin canlı şahidi, neçə-neçə insan həyatının xilaskarı olmuş Bakı metropoliteni üçün 20 Yanvar tarixi xüsusi əhəmiyyət kəsb edir. O xatirələr hər il canlanır, yada salınır. Daim xatırlanan bu tarixi gün bir daha Azərbaycanın azadlığının, müstəqilliyinin əbədi olmasının zərurətini hər kəsə aşılayır. 20 Yanvar hadisələrinin ildönümünə Bakı metropoliteni hər il xüsusi ovqatla hazırlaşır. Stansiyalara qərənfillər düzülür, gün ərzində matəm gününün ruhuna uyğun musiqi parçaları səsləndirilir. “20 Yanvar” stansiyasında isə xüsusi anım tədbiri keçirilir və stansiyada güllərdən kompozisiya tərtib olunur. Hər il saat 12:00-da metropoliten stansiyalarında da, ölkə üzrə bütün nəqliyyat vasitələrində olduğu kimi, birdəqiqəlik fit səsi verilir. Bunun üçün xətdə olan bütün qatarlar stansiyalara çıxarılır, metropolitenin rəhbər heyəti, kollektivin nümayəndələri, veteranları, həmin anda “20 Yanvar” stansiyasının plaftormasında sərnişinlərlə birlikdə xatirə sükutunda olurlar. Hər il metropoliten işçilərinin bir kollektiv kimi Şəhidlər Xiyabanını ziyarət etməsi də ənənəyə çevrilmişdir. Həmin məzarlıqda “Bakı Metropoliteni” QSC-nin iki əməkdaşı da əbədi uyuyur. Axı 29 il əvvəl Bakıya yeridilən cəza dəstələrinin qarşısına çıxıb, xalqımızın azadlıq və müstəqillik arzularını bəyan edən fədakarlar arasında metropolitençilər də az deyildi. Onlardan ikisi - “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov qəhrəmancasına şəhid oldular. Ötən illər ərzində metro istismarçıları və inşaatçılar hər iki şəhid ailəsini yaddan çıxarmamışlar, daim onların ailələrinə baş çəkmişlər. İlqar Qarayevin iş yoldaşları, Metropoliten Həmkarlar İttifaqı Komitəsinin üzvləri şəhidin anası sağ olana qədər onunla əlaqəni kəsməmişlər. Əflatun Kazımov “Bakıtuneltikinti”nin 3 saylı Tunel Tikintisi İdarəsində körpülü kran sürücüsü işləyirdi. 20 Yanvarın fotosalnaməsindəki bir şəkil çoxlarının yaddaşına əbədi həkk olub: qərənfil örtüklü tabutun qarşısında əlində şəhid atasının şəklini tutmuş 4-5 yaşlı oğlan uşağı addımlayır. Şəhid oğlu özü hazırda iki övlad atasıdır və Bakı metropolitenində, qəhrəman atasının həmkarları ilə birgə işləyir. “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi daim Vətən uğrunda canını fəda edən metropolitençi şəhidlərin xatirəsini əziz tutur, onların ailə qayğılarını diqqətdə saxlayır, dəstəyini əsirgəmir. Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə hər il qanlı 20 Yanvar hadisəsinin şəhidlərinin ailə üzvləri, eləcə də o müdhiş gecədə yararlanaraq əlil olmuş metropolitençi Mansur Qocayevlə görüş keçirir, o günlər bir daha anılır. ...Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin azadlığı və mütsəqilliyi naminə ən ağır sınaqlara sinə gərməyə, hətta şəhid verməyə hazır olduğunu dünyaya nümayiş etdirmişdir. 1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazmışlar. Azərbaycan xalqı onun varlığını və milli mənliyini qorumaq üçün öz canlarından keçməyə hazır olan övladları ilə fəxr edir.
"Respublika" qəzeti
20 yanvar 2019-cu il №15 (6342)