z
13 IYUL / 2019 / 00:00
“Respublika” qəzetinin 29 iyun 2019-cu il tarixli nömrəsində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin 2018-ci ildə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri üzrə hesabat dərc edildikdən sonra, bəzi kütləvi informasiya vasitələrində həmin hesabatla bağlı suallar yaranıb. Onlara tam aydınlıq gətirmək məqsədi ilə ilk növbədə onu bildirək ki, Bakı metropoliteni 2018-ci il ərzində 231,0 milyon, 2017-ci ilə nisbətən 1 faiz və ya 2,2 milyon çox sərnişin daşıyıb. Sərnişin dövriyyəsi isə 2548,9 milyon sərnişin/km təşkil edib ki, bu da əvvəlki ilə nisbətən orta hesabla 1 faiz çoxdur. Ümumilikdə, 2018-ci ildə plan üzrə daşınmalı olan 220 milyon sərnişin əvəzinə, 224,2 milyon ödənişli sərnişin daşınıb. Faktiki olaraq daşınan 231 milyon sərnişinin 6,7 milyonu metrodan güzəştli şərtlərlə istifadə imtiyazına malik olanlardır.
“Bakı Metropoliteni” QSC-nin gəlirləri sərnişin daşınmasından, dövlət büdcəsindən ayrılan subsidiyalardan, reklam yayımından, kənar təşkilatların kabellərinə, bankomatlarına, ödəmə terminallarına xidmət göstərilməsindən və sair daxilolmalardan ibarətdir.
2018-ci ildə “Bakı Metropoliteni” QSC-nin ümumi gəlirləri 108 749,4 min manat, o cümlədən sərnişin daşınmasından - 54 186,3 min manat, dövlət büdcəsindən ayrılan subsidiya - 48 800,0 min manat, reklam yayımından - 2876,4 min manat, digər daxilolmalardan – 2886,7 min manat təşkil edib.
Dünyanın ən inkişaf etmiş metropolitenlərinin iş təcrübəsinin öyrənilməsi və tətbiq edilməsinə dair ölkə başçısının tapşırıqlarının icrasını təmin etmək məqsədilə ötən illər ərzində “Bakı Metropoliteni”QSC-də sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi və onlara göstərilən xidmət mədəniyyətinin yüksəldilməsi, qatarların hərəkətinin təşkili, eləcə də metropolitenin digər infrastrukturunun idarə olunmasında müasir texnologiya və üsulların tətbiq olunması istiqamətində görülən işlərin nəticəsi olaraq, 2018-ci ildə “Sahil”, “Bakmil” stansiyaları yenidən qurulmuş, işarəvermə, rabitə və videomüşahidə sistemlərinin vahid mərkəzdən idarə olunmasını təmin edəcək yeni blok post binasının tikintisi və onun bu məqsədlə müasir avadanlıqlarla təchiz olunması, yeni idarəetmə sisteminin mövcud sistemlə əlaqələndirilməsi üçün kabel şəbəkəsinin qurulması, “Nərimanov” elektrik deposunda yeni emalatxana binasının tikintisi, təlim-tədris mərkəzinin günün tələblərinə uyğun yenidən qurulması, ventilyasiya şəbəkələrinin əsaslı təmiri, depo ərazisində yolların və baxış qanovlarının bir hissəsinin yenidən qurulması, 10 vaqonun əsaslı təmiri, 25 vaqonun cari təmiri, qatarların sınaq yolunun tikintisi və bu kimi böyük həcmdə kapital qoyuluşu tələb edən digər işlərin yerinə yetirilməsi davam etdirilib.
Uzun illər ərzində istismar olunaraq mənəvi və fiziki cəhətdən köhnəlmiş əsas fondların yenilənməsi və modernləşdirilməsi ilə bağlı xərclərin bir hissəsi dövlət büdcəsindən ayrılan əsaslı vəsait qoyuluşu, digər hissəsi isə Səhmdar Cəmiyyətin sərəncamında qalan sərbəst vəsait hesabına yerinə yetirilib.
Yeni stansiyaların tikintisi və mövcud maddi-texniki bazanın möhkəmləndililməsi, fəaliyyətdə olan stansiyaların yenidən qurulması üçün ayrılan investisiya vəsaiti qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq kapitallaşdırılan xərclərə aid edilir. Bu isə öz növbəsində əsas fondların dəyərini artırmaqla onlara hesablanmış amortizasiya ayırmaları xərclərinin artmasına səbəb olur. Eyni zamanda, fəaliyyət növləri üzrə illik amortizasiya normaları qanunvericilikdə nəzərdə tutulmuş maksimal hədd çərçivəsində deyil, faydalı istifadə müddəti nəzərə alınmaqla daha aşağı normalarla hesablanır. Beləliklə, metropolitenin ildən ilə artan zərəri məhz amortizasiya ayırmaları hesabına formalaşır.
Səhmləri 100 faiz dövlətə məxsus olan “Bakı Metropoliteni” QSC iri vergi ödəyicisi kateqoriyasına aiddir və müəssisənin həm cari, həm də investisiya fəaliyyəti Nazirlər Kabineti tərəfindən təsdiq edilən gəlir və xərclər smetasında təsbit olunan proqnoz göstəricilərinə uyğun həyata keçirilir.
Bakı metropoliteninə alınan avadanlıqların və qurğuların böyük əksəriyyəti xarici ölkələrdən idxal edildiyindən bütün əməliyyatlar xarici valyuta ilə aparılır ki, valyutanın məzənnəsinin dəyişməsi nəticəsində təbii olaraq mənfi və ya müsbət məzənnə fərqi yaranır, bu da öz növbəsində müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə aid edilir. Bəzi mətbu orqanlarında bu əməliyyatlar səhvən valyuta mübadiləsi aparılan məntəqələrin əməliyyatları ilə eyniləşdirilir. Halbuki, “Bakı Metropoliteni” QSC-nin xarici iqtisadi əlaqələrindən irəli gələn bu əməliyyatlar təsdiq olunmuş gəlir və xərclər smetasında göstərilən proqnoza uyğun həyata keçirilir.
Metropolitenlə sərnişindaşıma rentabelli olmadığından yuxarıda qeyd olunan işlərin keyfiyyətlə yerinə yetirilməsinin təmin olunması, eyni zamanda ağır və zərərli şəraitdə çalışan müəssisə işçilərinin əmək haqqının, kommunal xərclərin və digər zəruri məsrəflərin ödənilməsinin zərurliyi nəzərə alınaraq bu xərclərin bir hissəsi dövlət büdcəsindən ayrılan subsidiyalar hesabına qarşılanır.
Fərhad İbrahimov
“Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinin rəisi
"Respublika” qəzeti
№ 150 (6476) 13 iyul 2019-cu il