z
14 IYUL / 2020 / 18:00
Sərt karantin rejimi çərçivəsində iyul ayının 4-dən sərnişindaşıma fəaliyyəti dayandırıldığından Bakı metropoliteninin stansiyaları sərnişinlərin giriş-çıxışı üçün bağlıdır. Bu səbəbdən sərnişinlər “BakıKart”ın balansını artırmasında müəyyən çətinliklərlə üzləşirlər. Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, məsələnin operativ həlli istiqamətində tədbirlər görülüb. “Bakı Metropoliteni” QSC-nin də iştirakı ilə Bakı Nəqliyyat Agentliyi, “BakıKart” və “MilliÖn” şirkətlərinin rəhbər şəxslərinin video-konfrans formatında görüşü keçirilib.
Müzakirələrin yekunu olaraq sərnişin tələbatı çox olan metropoliten stansiyalarının vestibüllərinin yalnız ödəmə terminallarından istifadə üçün açılması qərara alınıb.
Qərara uyğun olaraq, iyulun 15-dən səhər və axşam pik saatlarında daha çox sərnişin tələbatı olan istiqamətlərdə metropolitenin bəzi stansiyalarının vestibülləri ödəmə terminallarından istifadə üçün açılacaq.
Qrafikə əsasən saat 06:30-dan 12:00-a qədər “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar dostluğu”, “Neftçilər”, “Qara Qarayev”, “Azadlıq prospekti”, “20 Yanvar”, saat 16:00-dan 20:30-a qədər isə “20 Yanvar”, “Nizami”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarının vestibülləri yalnız ödəmə terminallarından istifadə üçün açıq olacaq.
Vestibüllərdə sərnişinlərin maskadan istifadə olunması və sosial məsafənin gözlənilməsi qaydalarına riayət etməsi üçün müvafiq tədbirlər görülür. Sərnişinlərdən “BakıKart”ın balansını artırmaqla bağlı işlərini planlı qurmaları xahiş olunur.
Əvvəlcədən tədbirli davranış lüzumsuz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yoluxma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.