z
11 SENTYABR / 2020 / 14:09
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı metropoliteninin sərnişindaşıma fəaliyyətinin 14 sentyabr 2020-ci il səhər saat 06:00-dan bərpa olunmasını qərara alıb.
Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 3 iyul 2020-ci il 236 №-li Qərarı ilə Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-a qədər dayandırılmışdı. Daha sonra epidemioloji vəziyyətlə əlaqədar olaraq Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli 255 nömrəli Qərarı ilə avqust ayının 5-nə, 4 avqust 2020-ci il tarixli 278 nömrəli Qərarı ilə avqust ayının 31-nə və 29 avqust 2020-ci il tarixli 311 nömrəli Qərarı ilə sentyabr ayının 15-nə kimi uzadılmışdı.
Yeni növ koronavirus (“COVID-19”) pandemiyasının yayılmasının qarşısını almaq və insanların sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası ərazisində elan edilmiş xüsusi rejimli karantin müddəti başa çatana qədər Bakı metropoliteninin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları, tapşırıq və tövsiyələrinə uyğun təmin ediləcək.
Qeyd edilənlər əsas götürülərək, metropolitendən istifadə edən sərnişinlərin nəzərinə çatdırılır:
1. Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti 14 sentyabr 2020-ci il səhər saat 06:00-dan bərpa olunur. Bakı metropoliteninin stansiyaları saat 06:00-dan 24:00-dək sərnişinlərin girişinə açıq olacaq.
2. Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
3. Texniki imkanlar nəzərə alınmaqla, qatarların hərəkəti maksimal hərəkət qrafiki ilə təmin olunacaq.
4. Əlil arabalarından istifadə edən sərnişinlərin daşınması xidmətinin fəaliyyəti bərpa ediləcək.
5. “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda mütləq qaydada tibbi maskalardan istifadə edilməli və sosial məsafə gözlənilməlidir. Tibbi maska taxmadan metropolitendən istifadə qadağandır! Sərnişinlərin diqqətinə çatdırılır ki, tibbi maska ağız və burun boşluğunu tam örtməlidir.
6. Tibbi maskadan istifadə olunmamasına görə müvafiq qaydada inzibati məsuliyyət tətbiq edilir.
7. Stansiyaların girişlərində sərnişinlərin tibbi maskadan istifadə etməsi tələb olunacaq.
8. Stansiyalara daxil olan sərnişinlərin hərarəti, seçmə qaydada olmaqla, müvafiq tibbi avadanlıq vasitəsi ilə yoxlanılacaq.
9. Sosial məsafənin qorunmasını, tibbi maskadan istifadəni, sanitar-gigiyenik qaydalara riayət olunmasını təmin etmək məqsədilə sərnişinlərin audio, vizual, statik məlumatlandırılması üsullarından istifadə olunacaq, stansiya və qatarlardakı oturacaqlarda məlumatlandırıcı işarələr qoyulacaq, zərurət yarandığı halda, sərnişinlərin rabitə vasitələri və səsucaldanlarla məlumatlandırılması təmin olunub.
10. Bakı metropoliteni stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün şərait yaradılıb.
11. Sərnişinlərin sosial məsafəni qoruması, metropolitenə təhlükəsiz və nizamlı daxil olmasını təmin etmək məqsədilə istiqamətləndiricilər qoyulacaq. Bunu nəzərə alaraq, sərnişinlərdən stansiyalara daxil olarkən tibbi maskadan düzgün istifadə etməklə sosial məsafə saxlamaları və təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.
12. Stansiya və qatarların dezinfeksiya olunması əvvəlki qaydada müəyyən edilmiş qrafik üzrə təmin ediləcək.