z

"Xətai"

  • Açıldığı tarix:

    22 fevral 1968-ci il

  • Xətt:

    Yaşıl

  • Yollarının uzunluğu:

    100 m

  • Ünvanı:

    Xocalı prospekti

  • Memarlar:

    Konstantin Sençixin, Natiq Vəliyev

"Xətai"stansiyası

Bakı metropoliteninin yerləşdiyi geoloji şəraitə görə ən ağır və ən dərin stansiyasıdır. Buradan qatarlar yalnız “Cəfər Cabbarlı” stansiyasına hərəkət edir. Konseptual inkişaf sxeminə uyğun olaraq, gələcəkdə Yaşıl xəttin tamamlanması nəticəsində stansiya Yaşıl xəttin başlanğıc hissəsinə - "Nizami-Dərnəgül" sahəsinə birləşdiriləcək. 
Azərbaycanın görkəmli dövlət xadimi, böyük sərkərdə, Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin adı verilmiş stansiya Sovet dövründə “26 Bakı komissarları”nın liderlərindən olmuş Stepan Şaumyanın adını daşıyırdı.
Bakının Qaraşəhər adlandırılan mühüm neft emalı və digər sənaye müəssisələrinin cəmləşdiyi rayonda yerləşirdi. Hazırda burada "Ağ şəhər" layihəsi həyata keçirilir, ərazi paytaxtın ən müasir yaşayış-ticarət mərkəzlərindən birinə çevrilməkdədir.
Bir giriş-çıxışı olan stansiyanın memarlıq elementləri ilə zənginləşdirilmiş şəbəkələrin bəzədiyi ikimərtəbəli binanın fasadını "M" loqosu bəzəyirdi. Vestibül postvoset məkanının digər eynitipli stansiyaları kimi ağ daşdan deyil, əhəng daşından (travertin) inşa olunub. Bu əhəng daşı yaxşı cilanlanması və pardaxlanması ilə seçilir, həm də daha möhkəmdir. Qəhvəyi rəngə keçən qatı süd rəngli bu daş həm də baxımlılığı ilə göz oxşayır.
Stansiya pilonları ağır daşları xatırladırdı. O, ağ-çəhrayı rəngli mərmərlə üzlənmiş pilon divarları təxminən bir boy hündürlüyündə olmaqla qara zolaqla hörülmüşdü. Zalın çatma pərvazı milli naxışlı soffit elementli, döşəməsi isə tünd qırmızı rəngdə idi. Döşəmənin pardaxlanmış qranit üzlüyü tavan işıqlanması ilə həmahəng bir mənzərə yaradaraq, orta zalı sanki dərinləşdirib genişləndirirdi.
80-ci illərdə yenidənqurulma məqsədilə bağlanmış stansiyanın fəaliyyəti 1990-cı illərin əvvəllərinin mürəkkəb siyasi və iqtisadi böhranlı dövrlərində dondurulmuşdu. Bunun nəticəsində stansiya yalnız biryollu sahə kimi istismara verildi və buradan yalnız bir istiqamətli məkik hərəkət təşkil edildi.
2008-ci ildə stansiyada geniş miqyaslı təmir işləri tamamlandı, eyni zamanda, “Cəfər Cabbarlı” stansiyasının daha bir yolu istismara verildi və "Cəfər Cabbarlı-Xətai" mənzili boyunca hər iki yolda məkik hərəkət açıldı. Bu isə iki stansiya arasında hərəkət intervalını xeyli aşağı saldı.
Yalnız "28 May-Cəfər Cabbarlı" keçid stansiyaları tam funksional olduqdan, Yaşıl və Qırmızı xətlər bir-birindən ayrıldıqdan sonra stansiya metropoliten nəqliyyatının infrastruktur prinsipləri ilə daha səmərəli fəaliyyətə başlayacaq.
2014-cü ildə "Bakı Metropoliteni" QSC sədrinin əmri ilə bu yol mənzilində mərhələli geniş yenidənqurmaya başlanıldı. Birinci mərhələdə platformanın orta zalı, stansiya yolu və "Xətai-Cəfər Cabbarlı" mənzilinin müvafiq tunelində əsaslı təmir və yenidənqurma tədbirlərinə başlanıldı. Həmin müddətdə sərnişinlərin stansiyadan istifadə etməsinə məhdudiyyətlər qoyulmasa da, işlərin növbəti mərhələsində istismar müddətini başa vurmuş eskalatorların yenisi ilə əvəzlənməsi yalnız bir giriş-çıxışı olan stansiyanın bağlanması zərurətini yaratdı.
2018-ci il sentyabrın 27-də bağlanmış stansiya 2019-cu il sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verildi.
Stansiyada “LT-2” tipli 3 eskalator sökülərək, Almaniyanın “Thyssen Krupp” şirkətinin istehsalı olan “Victoria Tube” tipli 4 yeni eskalator quraşdırılıb. Bu məqsədlə maili gediş, dartı kamerası 4 eskalatorun texniki quraşdırma tələblərinə uyğunlaşdırılıb. Bununla sərnişinlərin enib-qalxma təhlükəsizliyinin, təxliyə imkanlarının və rahatlığının artırılması, xidmət səviyyəsinin daha da yüksəldilməsinə nail olunub.
Eskalatorların maşın zalı əsaslı təmir olunmaqla, yeni avadanlığın quraşdırılması üçün zəruri tədbirlər görülüb. Maili gediş boyunca tunelin çuqun geyimi korroziyadan təmizlənilib, axıntıların qarşısının alınması məqsədilə tədbirlər görülüb, korroziyadan mühafizə məqsədilə konstruksiyanın uzunömürlüyünü təmin edən keyfiyyətli boyalardan istifadə olunub. Həmçinin, maili gedişin yuxarı və aşağı hissələri, dəmir-beton konstruksiyaları təftiş olunaraq müvafiq tədbirlər görülməklə, gücləndirilib, suaxarlar bərpa edilib, dartı kamerasında axıntıların qarşısı alınıb, maili gedişin çətir örtüyü yenilənib. Xüsusi davamlı materialdan olan yeni çətir işıqlanma sistemi ilə birlikdə eskalatorların estetik görkəmini tamamlayır. Eskalatorlara xidmət məqsədilə maşın zalından maili gediş boyunca yan hissələrdə yeni pilləkənlər quraşdırılıb. Stansiyanın yerləşdiyi ərazinin ağır geoloji mühiti nəzərə alınmaqla, təmir-bərpa zamanı etibarlı və davamlı materiallardan istifadə olunmasına xüsusi diqqət yetirilib.
Yeni eskalatorlar funksionallığı ilə seçilir, sürəti dünya standartlarının tələblərinə uyğundur. Onlar qənaətcil, səmərəli, istismarı və qulluğu daha asandır, idarəetməsi avtomatlaşdırılıb.
Stansiyanın dayanıqlığını itirməkdə olan ikimərtəbəli yuxarı vestibül binasının mişar daşları keyfiyyətini qismən itirdiyindən divarları dəmir-beton köynəklə gücləndirilib, metal konstruksiya qurularaq üzlənib. Üzləmə işləri zamanı Naxçıvan istehsalı olan cilalanmış təbii travertindən istifadə olunub. Bu isə stansiyanın memarlıq üslubunun, orijinallığının qorunmasını, həmçinin geoloji mühitə və atmosfer təsirlərinə daha münasib olmasını təmin edib.
Giriş üzərindəki günlük S.Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun rəyi əsasında “Bakımetrolayihə” İnstitutunda yenidən layihələndirilib və müasir dövrün inşaat nailiyyətlərindən istifadə olunmaqla yenidən qurulub. Yeni günlüyün metal konstruksiyası qurulmaqla, keyfiyyətli, dayanıqlı və uzunömürlü materiallardan istifadə olunub. Yeni günlük stansiyanın estetik və memarlıq görkəminə uyğunlaşdırılıb. Stansiyanın giriş hissəsində milli memarlıq elementləri formasında işlənmiş metal şəbəkələr korroziyadan təmizlənilib, xüsusi boyaq maddə ilə rənglənərək, yerinə quraşdırılıb.
Giriş vestibülü və platformanın orta zalının divarında Şah İsmayıl Xətaiyə və onun yaradıcılığına həsr olunmuş bədii-memarlıq kompozisiyalarının bərpası mühüm məsələlərdən idi. Quraşdırma zamanı seçilmiş materialların keyfiyyətinin atmosferin aqressiv təsirlərinə uyğun gəlməməsi memarlıq tərtibatlarını təhlükəli vəziyyətə gətirmişdi. Bu sahədə fəaliyyət göstərən aparıcı mütəxəssislərin cəlb edilməsilə bədii-memarlıq kompozisiyasının bərpasına maksimum nail olunub. Kompozisiyalar milli memarlıq elementlərinin zənginliyi və işıq effekti ilə daha təravətli çalar alıb.
Vestibülün divarları təbii travertin və döşəməsi təbii qranitlə yenidən üzlənib. Həmçinin dartma tavan örtüyü, müasir işıqlanma sistemi, xüsusən gümbəz hissədə quraşdırılmış dairəvi formalı çilçıraq və milli çalarlı ornament vestibülün ümumi görkəmini daha işıqlı və diqqətçəkən edib.
Platforma səviyyəsində Almaniya istehsalı olan 3D divar panellərindən və sinklənmiş tavanlarından istifadə olunub. Döşəmə və divarların alt hissəsinə, metro inşaatı texnologiyasının tələblərinə uyğun olaraq, cilalanmış təbii qranit vurulub. Bununla “Xətai” stansiyası Bakı metrosunun özünəməxsusluğu və müasirliyi ilə seçilən stansiyalarından birinə çevrilib.
Təmir dövründə 899 kub m monolit dəmir beton, 47 kub m yığma dəmir-beton, 90 t armatur, 113 kv. m hörgü, 637 kv. m suvaq, 3545 kv. m izolyasiya, 5259 kv. m rəngsazlıq, 4980 kv. m üzlük, 666 kv. m alçıpan və asma tavan işləri yerinə yetirilib.
Platforma, platformaaltı sahə, stansiya yolu və yol mənzillərində hələ 2014-cü ildə başlanmış əsaslı işlər də başa çatdırılıb. Tunel geyimi yenidən təftiş olunaraq, bütün dəmir beton konstruksiyalar gücləndirilib və ya yenidən qurulub. Məhlulvurma işləri aparılıb, axıntıların qarşısı alınıb, çuqun tübinqlər korroziya əleyhinə xüsusi boya ilə rənglənib. Axıntıların stansiya yolu və platformanın çətir örtüyünə mənfi təsirlərinin qarşısını almaq üçün xüsusi materialdan örtük qurulub. Platformaaltı sahə tamamilə yenidən qurularaq müasir istismar, texniki normativlər və xidməti sektorların tələblərinə uyğunlaşdırılıb.
Bakı metropoliteni tarixində ilk dəfə stansiya yolu ən müasir dəmir-beton bloklardan qurulub. Bu məqsədlə köhnə yol yatağı sökülüb, dəmir-beton blokların quraşdırılması üçün yenidən layihələndirilib. Ümumən 149 m uzunluğunda stansiya yoluna 162 kub m beton tökülüb.
Bakı metropoliteninin özünün istehsalat sahəsinin məhsulu olan dəmir-beton bloklu yeni yol infrastrukturu istismar şərtlərinin və xərclərinin sadələşərək azalması, qulluğun asanlaşması və xidmət keyfiyyətinin artmasına xidmət edir. Yeni bloklar ağac şpallarla müqayisədə daha uzunömürlü, səmərəli və keyfiyyətlidir.
Stansiyada bütün kommunikasiya xətləri, avadanlıqlar yenilənib. Hərəkətin təşkili, idarə olunması və tənzimlənməsində əhəmiyyət kəsb edən mərkəzləşmə məntəqəsi və stansiya növbətçisinin otaqları yenidən qurulub, eskalatorların nəzarətçi köşkü videogörüntülərlə təmin edilib. Yeni videomüşahidə şəbəkəsi yaradılıb, informasiya-məlumat sistemləri, sərnişin avtomatikası avadanlığı quraşdırılıb.
Stansiyada və yol mənzilində yerləşən əsas və yerli suvurma qurğuları, eləcə də onların idaretmə şkafları müasir dövrün tələblərinə və texnoloji inkişaf səviyyəsinə uyğun yenidən qurulub. Çirkab suların kənarlaşdırılması sistemi köklü şəkildə dəyişdirilərək yenilənib. Bu xüsusda qurğular, nasoslar və yeni tipli qapalı çənlər müasir və ən əsası ekoloji təmizliyin ən yüksək həddə təmin olunmasına zəmanət verir.
Su qovşağı əsaslı şəkildə yenidən qurulub. İçməli və yanğın məqsədli su xətləri bir-birindən ayrılıb.
Stansiyanın yerli ventilyasiya sistemi müasir dövrün tələblərinə uyğun və texnoloji yeniliklərin tətbiqi ilə yenidən qurulub. Əsaslı təmir olunaraq, yenilənmiş texniki və xidməti otaqlar mərkəzləşmiş kondisioner sistemi ilə təmin olunub.
Stansiya yanğından mühafizə sistemləri ilə təchiz edilib, bununla bağlı ən son texnologiyalara uyğun yeniliklər tətbiq olunub. Quraşdırılan yeni yanğın xəbərverici sistem daimi texniki qulluq tələb etmir, mürəkkəb atmosfer təsirlərinə belə məruz qalmadan uzunmüddətli istismara davamlıdır. Həssaslıq diapazonu geniş olduğundan qabaqlayıcı tədbirlərin görülməsi üçün məlumatlandırma sisteminə malikdir. Bütün üstünlükləri nəzərə alınmaqla, yeni sistem vasitəsilə yanğın təhlükəsizliyinin keyfiyyəti əhəmiyyətli dərəcə artırılaraq, ən yüksək standartlar səviyyəsinə çatdırılıb.
"Xətai-Cəfər Cabbarlı" yol mənzili boyunca yenidənqurma tədbirləri yerinə yetirilib. Qatarların intensiv hərəkətindən yaranan porşen effektli təbii havalandırma olmadığından əlavə tədbirlər görülərək, birləşdirici tuneldə ventilyasiya imkanlarını artırmaq üçün havalandırma borusu çəkilib. Birləşdirici tuneldə, yarımstansiyada və yollararası keçid tunellərində geoloji təsirlərə davamlı beton məhlullarla gücləndirmə tədbirləri həyata keçirilib. Metal izolyasiya və tunel köynəyi monolit dəmir-beton konstruksiya ilə gücləndirilib, əlavə mühafizə tədbirləri görülüb və tunel geyiminin arxası beton məhlulu ilə doldurulub.
Tikintinin norma və qaydalarına uyğun olaraq, mənzil tunellərində 266 kub m B15, 8 kub m B25, 20 kub m B35, 227 kub m B40 markalı beton məhlulundan, gücləndirmə məqsədilə təyinatı üzrə 57 ton armatur və 1,9 ton metaldan istifadə olunub.
Stansiyanın ətrafı abadlaşdırılıb, stansiya kompleksinin ümumi ansamblını tamamlayan işıqlanma sistemi qurulub, yaşıllıqlar salınıb. Stansiyanın yağıntılardan qorunması, axarların yönləndirilməsi, su yığılması və yağıntı təsirlərindən mühafizəni gücləndirmək məqsədilə maillik qoyulub, digər müvafiq tədbirlər görülüb.
Stansiyaya daxil olan qatarlarda Fikrət Əmirovun “1001 gecə” baletindən fraqment səsləndirilir.