z
10 dekabr 2002-ci il
Qırmızı
100 m
Məhəmməd Hadi küçəsi
Rasim Əliyev, Akif Abdullayev, N.Vəliyev, Konstantin Sençixin.
Qırmızı xəttin bu günə qədər istifadəyə verilmiş sonuncu stansiyasıdır. Stansiya Azərbaycan xalqının şanlı oğlu, iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun adını daşıyır.
Stansiya iki dəfə açılış tarixi yaşaması ilə tarixə düşüb. 2002-ci il dekabrın 10-da ilk sərnişinlərini qəbul edən stansiyanın rəsmi açılış mərasimi 2003-cü ilin iyul ayının 7-də keçirilib.
İnşası 1980-ci illərdə başlanıb, lakin 1990-cı illərin böhranlı illərində dondurulub. Avropa İttifaqının ayırdığı 4,5 milyon avro vəsait hesabına tamamlandığından rəsmi açılış mərasiminə bu qurumun səlahiyyətli nümayəndələri dəvət ediliblər. Tikintinin qalan məbləğini Azərbaycan dövləti öz üzərinə götürərək, inşaat işlərinə 5,5 milyard manat ayırıb.
Açılış mərasimində Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə, Avropa İttifaqının xarici işlər üzrə dövlət katibinin müavini Marqarita Boniver, Avropa Komissiyası Baş İdarəsi rəisinin müavini Mişel Leyq iştirak ediblər.
Stansiyanın bir çıxışında “ET-5 M” tipli 3, digərində 2 eskalator quraşdırılıb.
Stansiya milli memarlıq ənənələrinə xas olan minarə üslublu dördbucaq sütunlar üslubundadır. Sütunların qalınlığı stansiyaya saraylara xas möhtəşəmlik effekti verir və iki cərgə boyunca tavan tirinə dirənərək sanki bütün ağırlığı öz üzərinə götürüb.
Ümumən müstəqillik dövrünün ab-havasını özündə əks etdirərək əvvəlki illərdə inşa olunmuş stansiyalardan xeyli fərqlənir. Lakin ümumi kompleks yanaşma dəyişməyib.
Üzləmə işlərində boz rəngli mərmərdən və İran istehsalı olan qara qranitdən istifadə olunub. Qranit təbəqə stansiyanın yol divarlarının haşiyə zolaqlarında istifadə olunub. Tavana xüsusi effekt verən metal şəbəkələr arasında yerləşən çıraqlar döşəmənin boz rəngli örtüyündə əks olunaraq, əzəmət təsirini gücləndirir. Bu mənzərəni döşəmənin sütunlararası hissəsində ağ mərmərdən rombşəkilli zolağı daha da qüvvətləndirir.
Vestibüllərin genişliyini onun zalşəkilli olması tamamlayır. Burada pilləkənüstü tavan divarında stansiyanın inşasının Avropa İttifaqının maliyyə dəstəyi ilə tamamlanmasını əks etdirən lövhə və təşkilatın bayrağı yerləşdirilib.
Stansiyaya daxil olan qatarlarda bəstəkar Qəmbər Hüseynlinin “Ay işığında” mahnısından fraqment səslənir.