z
13 IYUN / 2022 / 13:45
Oktyabr ayında təmir və yenidənqurma işləri başa çatan "Bakı Metropoliteni" QSC-nin Təlim-tədris mərkəzində kadr hazırlığı, ixtisasartırma, ixtisas seçimi, peşə səviyyəsinin təkmilləşdirilməsi, tədris proseslərinin təşkili baxımından əhəmiyyətli tədbirlər həyata keçirilir. Tədrisin keyfiyyəti, ilk növbədə, bu prosesi aparanların bilik və bacarığını müdavimlərə öyrətməsindən asılıdır. Bu mənada təlimçinin seçdiyi tədris metodları, tərtib edilən proqramlar, habelə onun ardıcıllığı, münasibliyi və hər dərsdə tətbiq edilən müxtəlif təlim üsullarının rolu da danılmazdır.
Bu səbəbdən təlim-tədris mərkəzində kursları aparan təlimatçılar üçün kurslar təşkil edilib. Dərslərdə pedaqoji, psixoloji əsaslar, ən müasir üsulların tətbiqi ilə təlimçilərə öyrədilir. Bu kurs vasitəsilə həmçinin auditoriya ilə ünsiyyət qurulmasının üsulları, pedaqoji vərdişlərin təkmilləşdirilməsi, müzakirələrin səmərəsinin, peşə vərdişlərinin yaradılması üçün fərdi və qrup metodlarından istifadə olunması kimi mühüm məsələlərdən geniş istifadə edilməsi də təlimçilərin diqqətinə çatdırılır.
Təlimləri bu sahədə böyük təcrübəyə malik, eyni zamanda, müasir beynəlxalq təlim sistemlərini tətbiq edən mütəxəssislər İnsan resursları şöbəsinin rəisi Əli Əliyev və təlim-tədris mərkəzinin rəisi Rüfət Qədəşov aparırlar.
Kurs barədə söz açan Əli Əliyevin sözlərinə görə, mərkəzdə keçirilən dərslərə kənardan mühazirəçinin, təlimçinin dəvət edilməsi məqsədəuyğun deyildi. Çünki metropoliten öz spesifikası olan, mürəkkəb inşaat, istehsalat və istismar sahələrindən ibarətdir. "Ən münasib variant mövcud təlimçilərin, həmçinin bu sahədə çalışmaq istəyən kadrlar arasından seçim etmək idi. Onların yeniliklərə meyilliyi, müasir tədris və təlim üsullarından geniş istifadə etməsi gələcəkdə peəkar kadrların hazırlanması, kadrların peşə qabiliiyyətinin artırılması, yeni pehələri mənimsəməsi baxımından vacibdir. Son onilliklərdə bu sahə dünyada xüsusi sıçrayışla inkişaf dövrünü yaşayır. Bu səbəbdən QSC rəhbərliyi, ilk növbədə, metropolitinin öz işçilərini arasından olan təlimçilərin tədris prosesini daha geniş və əhatəli qurması, eyni zamanda, bu sahədə bilikləri və təcrübəsi olan işçilər arasından seçilərək hazırlanmasına qərar verdi. Geniş təqdimat hazırlandı. Bütün strukturlara müraciət olundu və seçimlərə başlandı. Bu mənada daha bir qərar verərək, könüllülük prinsipi əsas götürüldü. Çünki bu işdə ən mühüm cəhət təlimçinin şəxsi istəyi, marağı, həvəsidir. Bu olmasa, onun verdiyi təlimlərin də proqressivliyi olmayacaq".
Daxil olan müraciətlər əsasında görüşlər keçirildi, birinci mərhələdə bu sahədə xüsusi potensialı və artıq müəyyən təcrübəsi və baxışı olan 30-a yaxın müdavim seçilib. Əli Əliyev seçimlərin aparılma qaydasına da aydınlıq gətirir: "Müraciət edənlərə müxtəlif mövzular verdik və onlar bu mövzular ətrafında danışdılar. Yaradılmış komissiyanın rəyi nəticəsində kurslara başlanıldı.
Təlim-tədris mərkəzinin rəisi Rüfət Qədəşov əlavə edir ki, qrup şəklində təşkil olunan təlimlər iştirakçıların ən əvvəl idarəetmə vərdişlərinin, peşəkarlığının artırılması məqsədini daşıyır. Həmçinin bu qayda ilə kursun aparılması iştirakçıların bir-birini daha yaxından tanıması, habelə təcrübə, fikir mübadiləsi aparmasına da xüsusi təkan verir. İnteraktiv qaydada keçirilən təlimlərdə yaradılan müxtəlif situasiyalar, istifadə edilən innovativ üsullar dərsləri daha da maraqlı edir.
İştirak etdiyimiz dərsdə kursun iştirakçılarının ən maraqlı məqamlarından biri qrupların yaradılması və müxtəlif vəziyyətlərdən çıxış yolları, bu zaman tətbiq ediləcək metodların seçilməsi, əsaslandırılması və birgə müzakirəsi idi. Çox fəal keçən bu prosesdə, bütün qrupların qoyulan məsələyə yanaşması, açığı, müsbət mənada bir qədər təəccübləndirdi.
Ümumən bu proses bir daha onu əyani göstərdi ki, Bakı metropolitenində təlim-tədris prosesinin təşkilinə yeni baxış gətirilir - yeni düşüncə və yeni nəfəs dövrü başlanır. Bu isə gələcəkdə tədris prosesinə cəlb ediləcək işçilərin maraqlarına xidmət edəcək. Çünki onların ixtisasartırması, yeni ixtisas seçimi, peşə səviyyəsinin təkmilləşdirilməsi istiqamətində mühüm yeniliklərin başlanması deməkdir. Təlim-tədris prosesinin həqiqi pedaqoji yüklü, canlı və hərəkətli, daim inkişaf edən, təkmilləşən bir sistem kimi qurulması təlimlərin, ümumən kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.