z
25 OKTYABR / 2022 / 15:43
Bakı metropolitenində daha bir qatarının modernləşdirmə ilə orta təmiri yerinə yetirilib. 2014-cü ildən mərhələ ilə təmir həcmi genişləndirilən və 2017-ci ildən yeni inşa olunmuş sexdə aparılan orta və əsaslı təmir işləri metropolitenin vaqon parkında sabitliyin saxlanması və istismar göstəricilərinin yüksəldilməsində əhəmiyyətli rol oynayır.
Xəttə hazırlanan qatar orta təmirə dayandırılarkən tam defektoskopiya müayinəsindən keçirilib və əlavə işlərin həcmi müəyyən olunub. Vaqonlar əvvəlki təmir zamanı korroziyadan təmizlənərək rənglənib. Buna görə yalnız yan hissələrdə təmizləmə və rənglənmə işi aparılıb.
Vaqonaltı hissədə dartı qüvvəsini tənzimləyən relelər və kontaktor blokları yenilənib. Hava sistemini qidalandıran kompressor aqreqatı Almaniya istehsallı daha məhsuldar, müasir analoqları ilə əvəzlənib. Rezervuarlar texniki proseslərin tələbi çərçivəsində təmir edilib.
Modernizasiya çərçivəsində idarəetmə sistemi tamamilə yenilənib. Qatara avtomatik nəzarət sistemi tətbiq olunub. Sistem qatarın ümumi vəziyyəti, habelə vaqonaltı avadanlıqlardan daxil olan siqnalları emal edir və maşinist monitoruna ötürür. Bu yeniliklər innovasiyalar baxımından sonuncu nəsil qatarlarda tətbiq edilir. Bununla maşinistin qatarı rahat idarə etməsinə, vəziyyəti vaxtında və düzgün qiymətləndirməsinə, mümkün nasazlıqları öncədən müəyyənləşdirməsinə və qarşısını almağa kömək edir. Nəticədə, qatarın sərnişindaşıma təhlükəsizliyi dəfələrlə gücləndirilmiş olur.
Yeni sistem nəzarət güzgüləri və marşrut göstəricisinin də avtomatik nizamlama funksiyasını yerinə yetirir. Maşinist kabinasının havalandırma sistemi də yenidən qurulub. Bu, 4-8 saat iş başında olan maşinistin yeraltı yollarda iş yerinin rahatlığına və əmək məhsuldarlığına şərait yaradır.
#Bakumetro #Bakımetropoliteni #bakumetro55