z
18 APREL / 2022 / 10:53
“Bakı Metropoliteni” QSC daha bir mühüm layihəsinə başlayır. “Gələcəyə bizimlə addımla” adlanan layihə ölkənin müxtəlif təhsil ocaqlarında davamlı olaraq təşkil ediləcək. Məqsəd metropolitenin xüsusiyyətləri, son illərdə həyata keçirilən yeniliklər və tətbiq edilən texnologiyalar və bu xüsusda ən mühüm məsələlərdən olan insan resurslarından istifadə olunmasını gənclərin diqqətinə çatdırmaq, onlar arasında metropolitendəki peşələri təbliğ etməkdir. Tədbirlər Bakı metropoliteninin 55-illik yubileyi ərəfəsində həm də daha geniş miqyasda əhalinin məlumatlılığının artırılması, maarifləndirmə və metropolitenə marağın daha çoxaldılması baxımından da diqqət çəkir.
Davamlı keçiriləcək layihə çərçivəsində əmək məşğulluğu, karyera perspektivləri, seçim və gələcək yüksəliş baxımından metropolitenin diqqətçəkən və cəlbedici olması gənclərin nəzərinə çatdırılacaq. Bununla yanaşı, metropolitenin artıq əməkdaşlıq etdiyi təhsil müəssisələri ilə əlaqələrin və sıx əməkdaşlığın genişlənməsi, tələbə və müdavimlərin praktiki və əyani biliklərinin artırılması da gələcək addımların tərkib hissəsi olacaq.
“Gələcəyə bizimlə addımla” layihəsinin ilk tədbiri aprel ayının 18-də Milli Aviasiya Akademiyasında keçirilib. Görüşü açan Akademiyanın elmi katibi Xəqani Abdullayev 55-illik yubiley münasibətilə Bakı metropoliteninin rəhbərliyi və kollektivinə təbriklərini çatdırıb. O, layihənin gənclərin karyera perspektivi baxımından diqqətçəkən olduğunu vurğulayıb. Qeyd edib ki, belə görüşlər gəncləri stimullaşdırır, onların doğru seçim etməsinə, gələcəyə inamına təsir göstərir.
“Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov görüşə şərait yaratdıqları üçün Milli Aviasiya Akademiyasının rəhbərliyinə təşəkkürünü ifadə edərək, 30 il əvvəl Milli Aviasiya Mərkəzi kimi fəaliyyətə başlayaraq, iki il sonra Akademiya statusu qazanmış tədris ocağının nailiyyətlərini vurğulayıb. 140-dan artıq peşəni birləşdirən metropolitendə bu təhsil ocağının məzunlarının müxtəlif sahələrdə uğurla çalışdığını deyən Hidayət Məmmədov əməkdaşlığın genişləndirilməsi üçün həm akademiyada, həm də metropolitenin sahələrində görüşlərin, praktiki seminarların və digər tədbirlərin keçirilməsinin çox əhəmiyyətli olacağını deyib. O bildirib ki, 2014-cü ildə fəaliyyətə başlamış, 2019-cu ildə tamamilə yeni əsaslarla qurulmuş Təlim tədris mərkəzi bu mənada daha cəlbedici olub. Həmçinin metropolitendə müasir texnologiyaların tətbiqi yeni kadrlara ehtiyacı artırmaqdadır.
Tədbirdə metropolitenin Təlim tədris mərkəzinin rəisi Rüfət Qədəşov və rəis müavini Rizvan Bayramov geniş təqdimatla çıxış ediblər. Təqdimatda metropolitendə tarixi məlumatlar, təhlükəsizlik və istifadə qaydalarının zəruriliyi əyani nümayiş etdirilib. Metropolitendə son illərdə həyata keçirilən yeniliklər və yeni kadrların seçimindəki dəyişikliklər, qatar maşinisti, platforma növbətçisi, eləcə də digər sahələr üzrə təcrübəçi və digər maraqlı layihələr vurğulanıb.
Təqdimatın ardınca “Bakı Metropoliteni” QSC-nin sədr müavini hər kəsi səmimi söhbətə və müzakirələrə dəvət edib. Tələbələrin ictimaiyyətin nümayəndəsi, metro sərnişini, gələcəyin mühəndisləri kimi sualları cavablandırılıb, metropolitenin sahələri və peşələri ilə bağlı maraqlı müzakirələr aparılıb.
Aprel ayı ərzində daha 3 ali tədris ocağında görüşlər keçiriləcək. Aprelin 20-də Dövlət Neft və Sənaye Universitetində, ayın 26-da Texniki Universitetdə, aprelin 28-də Memarlıq və İnşaat Universitetində tələbələrlə geniş formatda görüşlərin keçirilməsi planlaşdırılır.