z
27 APREL / 2022 / 00:00
“Bakı Metropoliteni” QSC-nin ölkənin ali və ixtisaslaşmış təhsil müəssisələrinin kollektivləri, xüsusən tələbələrlə görüşləri davam edir. Bakı metropoliteninin 55-illik yubiley tədbirləri çərçivəsində “Gələcəyə bizimlə addımla” layihəsinin növbəti görüşü Azərbaycan Texniki Universitetində (AzTU) keçirilib.
Tədbiri Azərbaycan Texniki Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov açıb. O, Bakı metropoliteninin kollektivini 55 illik yubiley münasibətilə təbrik edərək, tələbələrə şəhər üçün xüsusi əhəmiyyətə malik metropolitenin karyera perspektivləri baxımından da əlverişli müəssisə olduğunu bildirib və tələbələri müzakirələrdə fəal olmağa dəvət edib.
Metropolitenin Təlim-tədris mərkəzinin rəisi Rüfət Qədəşov və mərkəzin rəis müavini Rizvan Bayramov video-slayd vasitəsi ilə tələbələrə ətraflı məlumat veriblər.
Əvvəlcə qeyd olunub ki, AzTU metropoliteni ən çox kadr ehtiyatı ilə təmin edən təhsil ocağı kimi xüsusi çəkiyə malikdir. Bu ali təhsil ocağının məzunları metropoliten işçilərinin 8 faizindən çoxunu təşkil edir.
Təqdimatda metronun tarixi, metrodakı peşələr barədə ətraflı məlumat verilib. Son illərdə həyata keçirilən yeniliklər, tətbiq edilən innovativ texnologiyalar insan resurslarına, kadr seçiminə baxışın dəyişməsi zərurətinin də yaradıb. Kadr seçimindəki yeniliklərə məhz son dövrlərdə müasir texnologiyaların tətbiqinin genişləndirilməsi əsaslı təsir göstərib.
Qatarların əsaslı təmiri, elektrik mühərriklərinin təmiri sexlərinin, unikal diaqnostika kompleksinin istifadəyə verilməsi, depo yollarında ən müasir sistemlərin tətbiqi və onunla bağlı yeni tipli mərkəzləşmə məntəqəsinin qurulması və s. yeniliklər yüksək texnologiyaları mənimsəmiş kadr bazasının yaradılmasını tələb edir. Bu səbəbdən tələbələrlə keçirilən görüşlər onların yaxın gələcəkdə karyera quruculuğuna da təsir edə bilər.
Verilən məlumatlar tələbələrin diqqətini çəkib və görüş maraqlı müzakirə şəraitində keçib. Gələcəkdə maraqlı layihələrlə ünsiyyətin, tələbələrin metropolitenlə tanışlığının daha da dərinləşdirilməsi də görüşün müzakirə mövzularından olub.
“Gələcəyə bizimlə addımla” layihəsi çərçivəsində növbəti görüş aprelin 28-də Memarlıq və İnşaat Universitetində təşkil olunacaq. Buna qədər metropolitençilər Aviasiya Akademiyası, eləcə də Neft və Sənaye Universitetində tədbir keçiriblər.