z

Vətən müharibəsinin metropolitençi qəhrəmanı: “Çalışmışam ki, daim öz bacarığımla, biliyimlə, savadımla irəli gedim …”

Vətən müharibəsinin metropolitençi qəhrəmanı: “Çalışmışam ki, daim öz bacarığımla, bili...

26 AVQUST / 2024 / 15:32

“Bakı Metropoliteni” QSC-də Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) təqdimatı və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) qərarı ilə “İlin gənci” seçilən Depolar üzrə iş dapartamentinin mühəndisi Orxan Xurşudzadə əmək fəaliyyətində fərqlənən nümunəvi işçilərdən olmaqla yanaşı, 44 günlük Vətən müharibəsinin aktiv iştirakçılarından biridir.
Döyüşlərdə rəşadəti ilə ilə seçilən qazimiz Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ümumilikdə 5 medala layiq görülüb.
Orxan Xurşudzadə, həmçinin, “Metropolitendə işləyən şəhid ailələrinə və Qarabağ müharibələrinin veteranlarına yardım mərkəzi”nin İdarə heyətinin fəal üzvlərindən biridir.
Bakı metropolitenində 2019-cu ilin fevralından çalışan qəhrəmanımızın daha əvvəlki fəaliyyəti, əmək uğurları və keçdiyi ağır döyüş yollarını dilindən eşitmək qərarına gəldik.
Bir az özün haqqında danış.
- 1997-ci ildə Lənkəran şəhərində doğulmuşam. Orta məktəbi bitirib, 2014-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elektroenergetika mühəndisliyi fakültəsinə daxil olmuşam. Universiteti 2018-ci ildə başa vurub təhsilimi magistraturada davam etdirmiş və 2018-2020-ci illərdə ali təhsil ixtisasım istiqamətində magistr dərəcəsini Azərbaycan Texniki Universitetində almışam. 2018-ci ilin iyulundan yanvarına qədər özəl şirkətdə operator vəzifəsini icra etmişəm. 2019-cu il fevralın 20-də isə "Bakı Metropoliteni" QSC-də işə düzəlmişəm.
Niyə məhz Bakı metropoliteni, səni buraya çəkən nə oldu?
- Əvvəllər metropoloiten haqqında heç bir məlumatım yox idi. Maraqlı gəlirdi mənə. Əsas həvəsim burdan yarandı. Magistraturada ikinci ixtisasım daha çox dəmiryol üzrə olub, yəni, dəmiryol sahəsinin elektrik təchizatı. Hazırlaşıb sənədlərimi bura vermək qərarına gəldim. Digər şirkətlərdə çalışmaq təklifi almışdım, lakin oraya maraq göstərə bilmirdim. Beləliklə, metropolitençi olmaq fikrimi qətiləşdirdim. Artıq 6 ildir burada fəaliyyət göstərirəm.
Atmosfer, mühit, iş səni qane edir?
- Əlbəttə, yoxsa burada 6 il çalışmaq olmaz. Metropoliten çox spesifik sahədir. 
Və işə yeni-yeni öyrəşdiyin vaxtda Vətən müharibəsinə yollandın…
- 2020-ci ilin iyulunda həqiqi hərbi xidmətlə əlaqədar burada işdən azad edildim, yəni möhlət verildi. Gəncədə hərbi xidmətdə idim, 2 ay 10-cu günündə müharibə başladı. Bizi Murova göndərdilər. Həmin istiqamətdə 16 gün, daha sonra 2 gün Füzulidə, 1 həftə Cəbrayılda, 12 gün də Qubadlıda olduq. Noyabrın 3-dən 4-nə keçən gecə Laçına yola düşdük. Müharibənin ilk günündən 40-cı gününə qədər orada olmuşam.
Müharibədə tam olaraq nə iş görürdün, hansı vəzifəni icra edirdin? Sirr deyilsə…
- Pulemyotçu-əsgər kimi aktiv olaraq müharibənin gedişatında - Cəbrayıl, Qubadlı və Laçın istiqamətlərində xidmət edirdim. Digər istiqamətlərdə daha çox artilleriya işləyirdi. Bizsə, əsasən, kəndləri mühafizə edirdik. Tapşırıq verilmişdi ki, komendant saatları ərzində növbədə olmalıyıq. Mənim iştirak etdiyim sırf açıq döyüş Cəbrayılda baş tutmuşdu.
O günləri indi necə xatırlayırsan?
- Çox sevindiyim, fəxr etdiyim, xoş, həm də məyus olduğum xatirələrim var. Oktyabrın 17-si - ad günümdə Cəbrayılda kəndə gəldik. Həmin vaxta qədər 3-4 gün idi ki, ac və susuz idik. Bizim bölmənin ilk şəhidi, mənimlə növbəyə çıxan döyüş yoldaşım vardı. Ətrafı gəzdiyimiz vaxt həm də yerə göz gəzdirirdik ki, bəlkə su tapa bilərik. Səhər açıldı, ermənilərin qoyub qaçdığı balaca daxmada xeyli su, şokolad, siqaret, dəftər, qələm və s. tapdıq. 6 nəfər yoldaşla gedib onları götürdük. 100-ə yaxın əsgər gətirdiklərimizdən yedi, sudan içdi. Həmin günü belə yola verdik. Həmin ərazilərə ərzaqların gəlməsi bir az çətin idi. Noyabrın 3-dən 4-nə keçən gecə - Laçına getdiyimiz zaman əsgərlərimiz çay suyunda duş alırdılar. Həmin şəhid olan döyüş yoldaşım da mənə dedi ki, başıma su tök. Mən də dedim ki, hava soyuqdur, xəstələnərsən. O da israrla dedi ki, sən tök. Həmin günün səhəri, döyüş zamanı şəhid oldu…
Sən özün də yaralanmışdın…
- Laçın rayonu, Səfiyan kəndində zirvəni təmizlədik. Bir gün ərzində Aşağı Fərəcan kəndini azad etdik. Müəyyən qədər orada ərazilər bizim nəzarətimizə keçdi. Orada digər bölmənin əsgəri, tanıdığımız yoldaşlar şəhid olmuşdular. Səhər açıldı. Ağır artilleriyadan, pulemyotlardan, snayperdən atəşə məruz qaldıq, onda yaralandım. Erməni kanallarında videokadrlar da var, lentə almışdılar. Həmin videonu sonralar "Telegram"da tapmışdım. Güllə yarası almışdım. Cənab Prezidentin Sərəncamı ilə ümumilikdə 5 medala layiq görülmüşəm. İlk medalımı 2021-ci ilin iyulun 26-da - Silahlı Qüvvələr Günü ilə əlaqədar təqdim etdilər. Sonra "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Vətən Müharibəsi İştirakçısı" medalları ilə təltif edildim. 3-cü qrup Qarabağ müharibəsi əliliyəm.
Müharibə başa çatandan sonra özünə gəlməyin üçün çox zamana ehtiyacın oldu?
- Düzü, özümü alışdırmışdım, müharibədə hər şey ola bilər, hazır idim. Həm də bilirəm ki, hər bir insan ölümü dadacaq. Rahat qəbul etmişdim ki, qismətimə orada ölmək yazılıbsa, olacaq. Ona görə döyüş vaxtı içimdə əminlik, rahatlıq, sanki mənə heç bir şey olmayacaq hissi var idi. Elə bil, kənardan hansısa İlahi qüvvə bunu mənə deyirdi. Açıq döyüş zamanı bunları daha çox hiss etdim. Üzbəüz döyüşdə idik, bizi vururdular, toz-duman ərşə qalxmışdı deyə onları görmürdük, atəş aça bilmirdik. Amma o anda da özümüzü o qədər güvənli, inamlı hiss edirdik ki…
Yəqin ki, müharibədən qayıdıb işini bərpa edəndən sonra özünə qarşı daha çox diqqət, qayğı gördün.
- Əslində, mən işimə o cür yanaşmıram. Təbii ki, rəhbərliyin, iş yoldaşlarımın diqqəti, qayğısı məni çox sevindirir, bu, öz yerində. Lakin heç vaxt bu addan istifadə etməyi, fərqlənməyi istəməmişəm. Çalışmışam ki, daim öz bacarığımla, biliyimlə, savadımla irəli gedim. Bunu nə qədər bacaracağım özümdən asılıdır.
Depolar üzrə iş departamentində çalışırsan. Tam olaraq nə iş görürsən orada?
- İstehsalat texniki şöbəsində mühəndisəm.
Qarşını qoyduğun məqsədlərin nədir?
- İnşallah, bu istiqamətdə daha da irəliyə doğru addımlamaq istəyirəm. Əsas iş yerim buradır. Bundan öncə çalışdığım şirkətdə 6 ay çalışmışam və sırf iş xətrinə işləmişəm. Sadəcə, həvəsim olmayıb. Su istehsalı şirkəti idi. Yəni, maraqlı, fərqli heç nə yox idi.
Bu il metropolitendə “İlin gənci” seçilən 2 əməkdaşdan biri sən oldun. Bu haqda təəssüratların necədir?
- Bu, metropoliten rəhbərliyinin, xüsusən sədr Zaur Hüseynovun mənə və işçilərə olan diqqət və qayğısıdır. Mükafatı müharibə, qazilik və ya veteranlıqla əlaqələndirmirəm. Əlbəttə, məni iş fəaliyyətimə görə bu mükafata layiq görüblər. Daim bacardığımdan artığını etməyə çalışmışam. Hər zaman məqsədim olub. Burada işləməyə başlayandan 1 il sonra artıq mühəndis idim. İdarə rəhbərliyinin, həmkarlar təşkilatının zəhmətimi dəyərləndirməsi sevindiricidir. Hamısına təşəkkür edirəm.
Gördüyün kimi, son illər Bakı metropoliteni gəncləşdirmə siyasətində öncül müəssisələrdəndir. Burada yeni işə başlayan, çalışmaq arzusunda, həvəsində olan gənclərə stimul verə biləcək nə deyə bilərsən?
- İşə, həyata öz düşüncələri ilə yanaşsınlar. Məsələn, fikirləşməyəsən ki, Orxan 1 il ərzində mühəndis oldu, mən də elə etməliyəm. Biliklərini artırmalıdırlar. Müharibədən qayıdandan sonra işimə fəhlə kimi davam edə bilərdim. Kimsə məni həvəsdən sala bilməzdi. Lakin bu, mənim öz zəifliyimin göstəricisi olacaqdı. İşi görmək və onu göstərmək məsələsi önəmlidir. Hər ikisi birlikdə olmalıdır.
Səncə, metropolitendə ən çətin sahə hansıdır?
- Bizim departamentin adını çəkərdim (gülür). Düzdür, deməzdim ki, metropolitendə asan sahə var. Ümumiyyətlə, həyatda asan iş yoxdur.
İşlədiyin xidmətin çətinliyini, ağırlığını nədə görürsən?
- Gün ərzində minlərlə sərnişin daşıyan qatarların hərəkətə çıxması sırf bizim işimizdən asılıdır. Qatarların keyfiyyətli təmir edilməsi çox vacib məqamdır. İnsanların taleyində birbaşa məsuliyyət daşıyırıq. Əsas vəzifəmiz təhlükəsizliyi təmin etməkdir. Sözsüz ki, digər departamentlərin də çətinliyi və önəmi var. Sadəcə, öz sahəmdə daha çox gördüyümdən danışıram. Maşinist olsaydım, bəlkə onu önə çəkərdim, yaxud başqa sahəni.
2022-ci ildə metropolitendə Şəhid ailələrinə, müharibə veteranlarına yardım mərkəzi yaradıldı. Sən də İdarə heyətinin 5 üzvündən birisən. Mərkəzdə hansı işləri görürsüz?
- Bəli, Mərkəz 2022-ci ilin aprelində yaradılıb. Adından göründüyü kimi, məqsəd burada çalışan şəhid ailələrinə, müharibə veteranlarına mümkün qədər yardım göstərmək və bunu ədalətli formada etməkdir. Aidiyyəti kateqoriyadan olanların məişət problemləri, xəstəliklər, ölüm hadisələri və s. müraciətlərini araşdırıb kömək etməyə çalışırıq. Qəbul edilən ərizələrə vaxtında baxılır, doğru qiymətləndirilir, cavablandırılır və lazım olan məbləğ ayrılır.
İdarə heyətinə üzv seçkilərində böyük əksəriyyətin istəyi ilə seçilmişdin. İşlədiyin sahənin verdiyi fiziki yorğunluğu nəzərə alsaq, Mərkəzin fəaliyyətinə necə vaxt, diqqət ayıra bilirsən?
- İstiqamət veririk, burada tarazlığı qorumağa çalışırıq. Mənə səs verən yoldaşların 90 faizini tanımırdım. Elə onlar da məni tanımırdılar. Geridə qalan 2 ildən çox müddətdə Mərkəzin fəaliyyəti göz qabağındadır. Bakı metropolitenindən başqa hardasa belə bir qurumun olduğunu eşitməmişəm. Çalışırıq ki, yardımların hamısı ədalətli şəkildə həyata keçirilsin. Bütün müraciətlərə baxırıq, ardıcıllığı qoruyuruq. İdarə heyətinin 2 aydan bir iclasları keçirilir, qərarlar verilir.