z

Bakı metropolitenində ilin gənci: “İşə başlayanda burada uzun müddət qalacağımı fikirləşmirdim” - MÜSAHİBƏ

Bakı metropolitenində ilin gənci: “İşə başlayanda burada uzun müddət qalacağımı fikirlə...

01 OKTYABR / 2024 / 11:04

“Bakı Metropoliteni” QSC-də Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) təqdimatı və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) qərarı ilə “İlin gənci” seçilən İnsan resursları və layihələrin idarə edilməsi departamentinin aparıcı mütəxəssisi Çiçək İsmayılova 12 ildən çoxdur müəssisədə nümunəvi xidmət göstərən əməkdaşlardan biridir.
Bakı metropoliteninə gəlişiniz maraqlıdır, necə oldu?
- Təsadüfən oldu, əvvəldən fikrimdə yox idi heç. Ailə üzvlərimdən metropolitendə çalışan olmayıb. Müraciət ünvanladım, dəvət etdilər. Müsahibədən sonra metropolitenin Əsaslı təmir xidmətində xəzinədar kimi fəaliyyətə başladım. Pul vəsaitlərinin qəbulu, verilməsi, və s. Sonradan eyni otaqda çalışdığımız üçün mühasibliyə də marağım artdı. Bəzi kurslarda, təlimlərdə iştirak edib biliklərimi artırdım və mühasibatlıq sahəsinə keçməyə qərar verdim. Müxtəlif illərdə QSC rəhbərliyinin dəstəyilə iştirak etdiyim kurslar sahə üzrə peşəkar mütəxəssis kimi formalaşmağıma çox kömək oldu. 2015-ci ildən bu yana müxtəlif mühasibatlıq və ofis proqramları seminarlarına qatılıram, sertifikatlar almışam. Həmişə riyaziyyata marağım olub. Ona görə bu sahədə çalışmaq çətin olmadı. Əvvəllər departamentin daxilində mühasib kimi çalışırdım, daha sonra ümumi idarə üzrə Əmək haqqı şöbəsi yaradıldı, işimi mütəxəssis kimi davam etdirdim.
Geridə qalan 12 ildə Bakı metropolitenində nə qazanmısınız, nə öyrənmisiniz, nələr itirmisiniz?
- İtirdiyim heç nə olmayıb, bu, dəqiqdir. Qazandıqlarım… Çox şey olub, təcrübə, böyük kollektivdə işləmək bacarığı, peşəkarlıq və s. Bu sahə mənə çox maraqlı gəlir. Bildiyiniz kimi, zamanla qanunlarda dəyişikliklər olur. Yeniliklər, inkişaf mənim üçün çox maraqlıdır.
Metropoliten ağır, çox məsuliyyətli və strateji sahədir. Xüsusən xanımlar üçün işləmək asan deyil…
- Bəli, amma burada atmosfer, iş fəaliyyəti, gənclərə göstərilən diqqət mənə xoş təsir göstərir. Əslində, işə başlayanda burada uzun müddət qalacağımı fikirləşmirdim. Düşünürdüm ki, müəyyən qədər təcrübə toplayıb gedərəm. İşlədikcə müşahidə etdim ki, burada gənclərə ciddi diqqət göstərilir, yer verilir. Ona görə fikrimdən yayındım.
Metropolitenin adı gələndə ətrafımızdakı insanların çoxunda "yerin altında nə edirsiniz?" sualı yaranır. Sizdə də olub belə?
- Mənə də həmin sual verilir. Hətta soruşurlar ki, növbətçisiniz? Deyirəm ki, metropolitendə iş yalnız yerin altında olmur, idarə şəraitində də işləyirik. Metropoliten deyildiyi zaman çox vaxt əksəriyyətin ağlına tunel, qatar, stansiyada dayanan növbətçilər gəlir.
Böyük kollektivdə işləmək çətindir?
- Çətin olduğunu deməzdim. Bəlkə də işi bildiyim üçün mənə rahat gəlir. Praktik fəaliyyət çox önəmlidir. Təbii ki, əvvəl az müddət işləmiş Çiçəklə indiki arasında çox fərq var.
Bütün əməkdaşların əmək haqları üzrə mütəxəssis sizsiniz…
- Bəli, elədir. Maaşların, mükafatların hesablanması, yoxlanılması, ümumiləşdirilməsi, banka göndərilməsi və s. kimi işlərdə çalışıram.
Rəqəmlər sizi yormur?
- Xeyr, yormur. Çox maraqlıdır, işimi sevirəm.
İşçilər əmək haqlarının hesablanması, vergilərin tutulması ilə bağlı sizə narazılıqlarını bildirirlər?
- Təbii ki, belə hallar olur. Məsələn, iki əməkdaş öz aralarında maaşlarını müqayisə edir. Bir də görürsən, deyirlər ki, biz ikimiz də eyni işləmişik, amma onun maaşı daha çox çıxıb. Biz bütün müraciətləri araşdırırıq. 
İşlədiyiniz bu 12 ildə maaşların hesablanmasında heç səhv etməmisiniz? Nəzərə alaq ki, hesablama metodikası son illər dəyişib, elektronlaşdırılıb, əvvəllər belə deyildi.
- Bəlkə də sizə inandırıcı gəlməyəcək, amma həqiqətən olmayıb. Həssas sektorda çalışıram, tələsmək olmaz. Mən, ümumiyyətlə, tələskən də deyiləm, hər hesaba nöqtə-vergülünə qədər diqqət edirəm. Hesabladıqdan sonra bir dəfə də təkrarlayıram. Bizim işimizdə ən əsas məsələ yoxlanışın aparılmasıdır.
2023-cü ilin yekunlarına əsasən, "İlin gənci" seçildiniz. Bu barədə nə deyə bilərsiniz?
-Bu ada layiq görülməyim münasibətilə başda QSC rəhbərliyi olmaqla Metropoliten İşçiləri Həmkarlar İttifaqının rəhbərliyinə təşəkkür edirəm. Gənclərə göstərdikləri diqqət və qayğıya görə minnətdaram. Belə diqqət insanda çox xoş təəssüratla yanaşı, əlavə məsuliyyət yaradır. Burada bütün kollektivmizin xidməti, zəhməti var.
Qarşıdakı illər üçün hədəfiniz var?
- Əlbəttə insan tək qazancla kifayətlənməməlidir. Hər kəsin arzusu, istəyi var.
Metropolitençilərə verdiyimiz ənənəvi sualı sizə də ünvanlayaq: necə düşünürsünüz, metroda ən ağır sahə hansıdır?
- Məncə, tuneldə çalışanların işi olduqca ağırdır.
Metropolitendə işləmək istəyən gənc kadrlara, xüsusən xanımlara, universitetdən yeni məzun olmuş gənclərə cəlbedici nə məsləhət görə bilərsiniz?
- Böyük kollektivdə peşəkar heyətlə işləməyin əla olduğunu, həmkarların bir-birinə diqqət göstərməsini, gənclərə yaradılan imkanlar, mehribanlıq və s. bir çox müsbət məqam qeyd edə bilərəm. Eyni zamanda, burada təşkil edilən layihələr, tədbirlər çox maraqlıdır, çox şeylər öyrədir.