z
30 AVQUST / 2024 / 14:30
“Bakı Metropoliteni” QSC Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə qeyd edilən “Yaşıl dünya naminə həmrəylik ili” və ölkəmizdə keçiriləcək dünyanın ən mötəbər tədbirlərindən bir olan BMT-nin iqlim dəyişiklikləri konvensiyasının tərəfdaş ölkələrinin konfransına (COP29) dəstək çərçivəsində vahid platformada bir neçə aksiyanı özündə birləşdirən xüsusi sosial layihə həyata keçirəcək.
Altı aksiyanın vəhdətindən teatrallaşdırılmış səhnəciklər formasında təqdim edilən layihə ekoloji mühitimizin hər kəs üçün adi və sadə görünən, ümumi biliklərimiz və məlumatlılığımız həddində olan bir sıra faktlar, rəqəmlər əsasında hazırlanıb. Layihənin özəlliyi ondan ibarətdir ki, hər kəsə bəlli, lakin böyük əksəriyyətin diqqqət etmədiyi mühüm məsələlər uşaqların dili ilə ictimaiyyətə çatdırılacaq. Bununla ekoloji məsələlərə, təbiətin qorunmasına, insanlığı pis vərdişlərdən, bəşəriyyəti texnoloji inkişaf adı altında mənfi təsirlərdən qorumağa səsləyən layihədə metropolitençilərin övladları və nəvələri səhnəciklərin əsas qəhrəmanları olacaqlar.
“Təbiəti düşünək, o bizi düşünən kimi” adlı layihə məşhur Azərbaycan şairi və ziyalısı Hüseyn Arifin şeirinə istinadən hazırlanıb. Dramaturgiya nümunəsi kimi hazırlanmış səhnəciklərin ərsəyə gətirilməsi məqsədilə bir ay ərzində seçim prosesinə qatılmış hər bir uşağın özünə məxsus rol müəyyən edilib və məşqlərə başlanılıb.
Uşaqlar onlar üçün nəzərdə tutulmuş rolları həvəslə ifa edir, təşəbbüs göstərirlər.