z

Daha 12 perspektivli gənc “Təcrübəçi” layihəsi çərçivəsində işlə təmin edilib

Daha 12 perspektivli gənc “Təcrübəçi” layihəsi çərçivəsində işlə təmin edilib

31 OKTYABR / 2023 / 11:59

“Bakı Metropoliteni” QSC-nin ixtisaslı və bacarıqlı gənc kadrların işə cəlb edilməsi istiqamətində yüksək effektivliyi ilə uğur qazanmış layihələrindən biri olan “Təcrübəçi” kursları üzrə növbəti mərhələyə yekun vurulub. 2023-cü ilin birinci yarısında ali təhsilini başa vurmuş daha 12 gənc metropolitenin müxtəlif sahələrində işlə təmin edilib. Daha 8 gəncin təcrübəçi kimi ilkin hazırlığı davam etdirilir.
3 ildir davam edən layihə bu müddət ərzində daha da təkmilləşdirilib. Layihənin əsas məqsədi metropoliten kimi mürəkkəb sahələri özündə birləşdirən və əlaqəli fəaliyyəti təmin edilən müəssisədə ixtisasa malik bacarıqlı gənclərin uğur qazanmasını asanlaşdırmaqdır. Təcrübəçi kimi ilkin bilikləri metropolitenin Təlim-tədris mərkəzində mənimsəyən gənclər daha sonra sahələrdə əmək fəaliyyətinə başlayır. Burada onlar Təlim-tədris mərkəzinin birbaşa nəzarəti və təcrübəli mütəxəssislərin rəhbərliyi altında həm sahə ilə tanış olur, həm də ən qısa müddətdə istehsal və xidmət prosesini mənimsəyirlər. Bu isə onların qısa müddətdə bilik və bacarığının, eləcə də istedadının üzə çıxarılmasına təkan verir. Bununla yanaşı, gənc kadrın digər sahələrlə tanışlığı da təmin olunur. Beləcə gənclər daha geniş karyera yüksəlişi və kollektivə uyğunlaşma imkanı əldə edirlər.
Bakı metropoloitenində 3 il ərzində “Təcrübəçi layihəsi” xətti ilə 60-dan çox gənc müxtəlif sahələrdə işlə təmin olunub. Çilingər kimi təcrübə keçən 30-dan artıq gənc isə karyera yüksəlişinə başlayıb.