z

Ən mühüm yarımstansiyalardan biri yenidən qurulub

Ən mühüm yarımstansiyalardan biri yenidən qurulub

03 MART / 2022 / 15:53

Bakı metropoliteninin fəaliyyətində əsas sahələrdən sayılan elektrik təchizatı sistemində son illərin ən mühüm layihələrindən biri də uğurla reallaşıb. Qatarların hərəkətinin təşkilində əhəmiyyətli rol oynayan yarımstansiyalardan biri tamamilə yenidən qurularaq ən müasir standartlar səviyyəsinə çatdırılıb.
Yenidənqurma prosesinin başa çatdırıldığı daha bir yarımstansiya “Gənclik-Qara Qarayev” sahəsi boyunca hərəkət edən qatarları dartı elektrik gücü ilə təmin edir.
Təmir müddətində Qırmızı xəttin qeyd edilən sahəsində qatarların fasiləsiz və etibarlı hərəkətini təmin etmək üçün bütün ehtiyat tədbirləri görülüb. Yarımstansiyanın təmir-bərpa işləri binanın bütün sahələrində, o cümlədən xidməti otaqlarında aparılıb. Bu xüsusda döşəmə, tavan və divarlar müvafiq qaydada təmir olunub, üzləmə işləri görülüb. Pilləkən marşları, məhəccərlər, qapı və pəncərələr yenilənib. Yarımstansiyanın sanitar və kommunikasiya xətləri yenilənib. Hər mərtəbə üzrə avadanlıqların yerləşdiyi sahələrdə döşəməyə epoksid boya  vurulub. Binanın damında müvafiq izolyasiya işləri aparılıb.
Yarımstansiyanın fiziki cəhətdən köhnəlmiş bütün avadanlıqları yenilənib və bunları “Siemens” şirkətinin məhsulları əvəz edib. Yenidənqurma tədbirləri çərçivəsində müasir dövrün standartları və texnologiyaları xüsusi nəzərə alınıb. Bu xüsusda burada yeni qurğuların prinsipial iş sxemi Bənövşəyi xətdə tətbiq edilən sistemdən istifadə olunmaqla qurulub. Bu da yarımstansiyadan giriş və çıxış xətlərini bir-birindən ayırmağa imkan verib.
Yenidənqurmadan sonra əvvəlki 3 düzləndiricinin işini indi müasir 4 düzləndirici yerinə yetirir. Xətt ayırıcıların sayı isə 4-dən 8-ə çatdırılıb. 4 fider avtomatına 5-ci də əlavə olunub. Əlavə olunan ehtiyat fider digər 4 fiderin hər birini əvəz edə bilir. Yeni quraşdırılan düzləndiricilərdə diod və qoruyucuların sayı xeyli azdır. Köhnə düzləndiricilərdə 288 diod və 144 qoruyucu var idisə, indi onları 12 diod və 6 qoruyucu əvəz edir.
Qeyd edilənlər  nəticəsində yarımstansiyanın hər sahə və bölməsində ehtiyat tədbirlər də əlavə olunmaqla sığortalı fəaliyyət və təhlükəsizlik tələbləri optimallaşdırılıb. Yekunda qatarların dartı enerjisi ilə təmin edilməsinin keyfiyyəti də artırılıb.
Müasir avadanlıqların daha yığcam və optimal olması, yeni nəsil texnologiyalarından istifadə olunduğundan onların baxış, qulluq və təmiri daha  sadədir. Bu isə işçi əməyindən daha səmərəli istifadə etməyə şərait yaradacaq. Yeni yarımstansiya SCADA sistemləri vasitəsilə teleidarəetmə ilə dispetçer mərkəzinə qoşulub. Bu isə öz növbəsində, yarımstansiyanın vahid mərkəzdən avtomatik idarə edilməsinə şərait yaradıb.
Yarımstansiya binasının fasadı və yerləşdiyi ərazinin hasarında da yenilənmə işləri aparılıb. Ətraf ərazidə abadlıq işlərinə başlanılıb. Bu işlər davam etdirilərək gələcəkdə ərazi də yenidən qurulacaq.
Son illərdə yarımstansiyaların yenidən qurulması sayəsində və metropoliten xətlərinin elektrik enerjisi ilə təminatında etibarlılığın artırılması baxımından əhəmiyyətli işlər aparılır. Bu xüsusda infrastrukturu yeni sahələrlə  genişləndirilən “Nərimanov” elektrik deposunda enerji ehtiyaclarını tam ödəyən iki müasir yarımstansiya inşa olunub. Xətlərdə “İçərişəhər”, “Sahil”, “Gənclik”, “Koroğlu”, “Elmlər Akademiyası” yarımstansiyalarından qidalanan sahələrin fasiləsiz və keyfiyyətli enerji ilə təchiz olunması məqsədilə yenidənqurma işləri həyata keçirilib, müasir avadanlıqlar quraşdırılıb. Bununla etibarlılığa, səmərə və təhlükəsizliyin artırılmasına zəmanət yaranıb.