z
06 FEVRAL / 2024 / 10:57
2023-cü il təmir-tikinti və yenidənqurma işləri baxımından məhsuldar olub. Dəmir-beton konstruksiyaların istehsalatı sahəsində müasir yanğın təhlükəsizliyi siqnalizasiya sistemi və yanğına qarşı avadanlıqlar quraşdırılıb. Bu isə metropoliten üçün mühüm əhəmiyyət kəsb edən sahədə təhlükəsizlik meyarlarını daha da artırıb və müasirləşdirib. Betonqarışdıran qurğuların müasir və avtomatlaşdırılmış sistemlərlə əvəzlənməsi xüsusi qeyd olunmalıdır.
İstehsalatla bağlı işlərə gəlincə, metropolitenin təmir-yenidənqurma və tikinti işləri aparılan əraziləri 22 min 500 kub metr əmtəə betonu ilə təmin olunub. Sahədə 20 FBC-4 bloku, 16 səki daşı, 20 dəmir-beton quyu, 15 dib quyusu və 60 dəmir-beton örtük tavası, müxtəlif ölçülərdə 660 kvadrat metr metal tor, 53 dəmir-beton blok istehsal edilib.
Dəmir-beton konstruksiyaları istehsalatı sahəsində müasir Süzgəc sexi müvafiq avadanlıq dəstləri ilə təchiz edilib. Sexdə istehsal edilən hava süzgəcləri sayəsində ölkə xaricindən hazır məhsulun alınaraq gətirilməsi və ona çəkilən əlavə xərclərin qarşısı alınıb. Burada 15 min maşinist, 3 min sərnişin salonu süzgəci istehsal gücü var.
2023-cü il Bənövşəyi xəttin Cəlil Məmmədquluzadə küçəsində yerləşən “B-04” şərti adlı stansiyasının inşaat mərhələlərinin ən mürəkkəbi də geridə qalıb. 2021-ci ilin üçüncü rübündə əsas inşaat işlərinə başlanmış stansiyanın 4-cü səviyyəsinin inşa olunmaqla tamamlanma mərhələsinə başlanıb. Bu mərhələ üzlük işləri, keçidlərin inşası ilə əlamətdar olacaq.
4 səviyyədən ibarət stansiyanın mezonin (orta) qatında hesabat dövründə 674 kub metr beton işi görülüb, 154 ton armaturdan istifadə olunub. Sonuncu səviyyədə isə döşəmə örtüyünün izolə edilməsi məqsədilə 4600 kvadrat metr geomembran təbəqə vurulub və 241 kub metr betondan istifadə olunub. Döşəmə tavasının betonlanması üçün 8,584 kub metr məhlul və 1248 ton armatur, həmçinin hamarlayıcı beton qat üçün 120 kub metr məhlul sərf edilib.
Burada sərnişin platformasının dəmir-beton konstruksiyası üçün 1117 kub metr məhlul və 186 ton armatura ehtiyac duyulub. Kassa zalı, keçid, mezonin, platforma və platformaaltı səviyyələrdə isə monolit dəmir-beton sütunların qurulması 599 kub metr beton və 51 ton armatur hesabına yerinə yetirilib. Dəmir-beton konstruksiyalar 87 kubmetr beton məhlulla quraşdırılıb.
Stansiyada bütün səviyyələr üzrə 3 tip üzrə pilləkənlər monolit dəmir-beton qaydası ilə inşa olunur. Pilləkənlər və onların meydançalarında xidməti məqsədlilər üçün 135 kub metr beton məhlulu, 23 ton armatur, təxliyə üçün nəzərdə tutulanlarda 218 kub metr beton məhlul, 30 ton armatur, sərnişinlərin istifadə edəcəyi 2 və 3 saylı pilləkənlərdə isə 52 kub metr beton məhlulu, 13 ton armatur sərf edilib. Bunlardan əlavə, platforma səviyyəsindən yer səthinə qədər təxliyə pilləkəninin 351 kub metr məhlul, 32 ton armatur və 564 kvadrat metr geomembran hesabına tikinti-quraşdırması aparılıb.
Bütün səviyyələrdə bördürlər və suaxar novçalarında 56 kub metr beton məhlul işi görülüb.
Stansiya hidrogeoloji ağır şəraitdə yerləşir və qrunt sularının daimi təsiri altındadır. Burada suyun toplanması üçün 7 metr dərinlikdə 3 xüsusi suvurma quyusu qazılıb. Quyuların dəmir-beton konstruksiyası üçün 147 kub metr beton məhlulu və 13 ton armatur lazım olub.
Bununla yanaşı, 2023-cü ildə 170 metr uzunluğunda inşaat meydançasından ibarət styansiyanın ilk infrastruktur işlərinə də başlanılıb. “B-04” stansiyasını “8 Noyabr” stansiyası ilə birləşdirən 1010 və 1021 metr uzunluqlarında iki tuneldə dəmiryol şəbəkəsi qurulub. Burada 2990 kub metr beton məhlul, 59 ton armatur və 111 ton rels istifadə olunub. Qeyd edilməlidir ki, “Memar Əcəmi-8 Noyabr” və “Xocəsən-Avtovağzal” tunel mənzillərində olduğu kimi, burada da müasir ballastsız yol infrastrukturu qurulub. “Bakı Metropoliteni” QSC-nin özünün istehsalat sahəsinin məhsulu olan dəmir-beton bloklar üzərində qurulan yollarda ən müasir tipli digər üstquruluş elementləri tətbiq ediləcək. Bu sistemlər, eləcə də yeni tipli təmas relsləri daha səmərəli, qulluğu asandır. Üstəlik, təmas relslərinin elektrik enerjisinə 25 faizə qədər qənaətcilliyi də xüsusi qeyd olunmalıdır.
Hər iki yolda tunellərin gücləndirilməsi məqsədilə tədbirlər də yerinə yetirilib. Bunun üçün 81 kubmetr beton məhlulu və 36 ton armatur lazım olub. Bundan savayı, demontaj kamerası ilə birləşmə çərçivəsinin monolit dəmir-beton konstruskiyasına 8 kubmetr məhlul və 2 ton armatur işlədilib. Tunellərdə piyada yolunun quraşdırılması 234 kub metr məhlulla təmin edilib. Tunel və tunellərarası keçidlərin işıqlandırılması məqsədilə 3600 metr, tunellərdə mənzil boyunca 3200 metr, xarici elektrik təchizatı üçün 700 metr kabel xətti çəkilib.
Stansiya ərazisinə daxil olan müvəqqəti avtomobil yolunun betonlanması, sutəmizləyici qurğunun konstruksiyasının quraşdırılması, ümumilikdə, 71 kubmetr beton məhlulu və 1 ton armatur hesabına başa gəlib.
2024-cü ildə digər infrastruktur işlərinə də başlanılacaq. Bu mənada eskalatorların və güclü ventilyatorların artıq Bakıya gətirilməsini də qeyd etmək lazımdır. Ventilyasiya tunellərinin tikinti-quraşdırma işləri də davam edir. Burada 1173 kubmetr beton məhlulu, 110 ton armatur, 1612 kvadrat metr geomembran sərf olunub.
Keçidlərin inşası da cari il aparılacaq. Burada birinci keçidin inşasına başlanılıb və ötən müddətdə 626 kub metr beton məhlulu, 62 ton armatur, 797 kvadrat metr geomembran işlədilib.
2024-cü il ərzində qatarların hərəkətini təmin edən sistemlərin də quraşdırılmasına başlanılacaq. Bir sözlə, məhz bu il “B-04” stansiyasının qurulması baxımından həlledici il olacaq.
Ümumilikdə, 2023-cü il ərzində stansiyanın inşaat prosesinə 17 min 684 kub metr beton məhlulundan, 2 min 47 ton armaturdan, 111 ton rels, 7 min 657 kvadrat metr geomembran təbəqəsi materialı, 7 min 550 metr uzunluğunda kabellər sərf olunub.
Tikinti sahəsi hazırda istismar olunan obyektlərdə də fəaliyyət göstərib. Yaşıl xəttin “Cəfər Cabbarlı” stansiyasının daha bir yolunda yenidənqurma ilə bağlı ən çətin işlər tamamlanıb. Yol çətirinin və divarının, sərnişin platformasının və platformaaltı sahənin tamamilə yenidən qurulması və sütunların gücləndirilməsi, orta paylayıcı tuneldə çətirin və divarların, tunel infrastrukturu üçün həlledici konstruksiya olan 6 diafraqmanın söküntüsü və yenidən qurulması 2023-cü ildə yerinə yetirilib. Sərnişin platformasının monolit dəmir-beton əsaslı yeni konstruksiyası metropolitendə ilk dəfə 139 m uzunluğunda olmaqla icra edilib. Ən ağır, lakin vacib məsələlərdən biri kimi 6 pilon, demək olar ki, tamamilə yenidən qurulub.
İl ərzində stansiyanın platforması qurulmaqla yanaşı, axıntıların qarşısının alınması, korroziyaya uğramış hissələrin yenilənməsi, dəmir-beton konstruksiyaların gücləndirilməsi kimi işlər başa çatdırılıb. 2024-cü ildə stansiyada üzlük işlərinə başlanılmaqla, infrastruktura daxil olan sahələr də inşa ediləcək.
“Nərimanov” elektrik deposunda təkəryonma sexinin konstruksiyasının əsas 36 metr uzunluğunda olan hissəsi və dəzgah quyusu qatarların giriş istiqamətindən 28 metrlik hissədə də tam hazırdır. Son mərhələdə 90 metr uzunluğunda sahənin inşasının aparılmasına başlanılıb.