z
10 APREL / 2023 / 13:15
Bakı metropoliteninin Bənövşəyi xəttinin hazırda inşası davam edən stansiyasında növbəti mərhələ üzrə işlərə başlanılıb. Şərti olaraq “B-04” adlandırılan stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasında - Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək. Burada tikinti işləri “qruntda divar” üsulu ilə, yəni, yuxarıdan alt qatlara doğru aparılır. Ərazinin relyefindən asılı olaraq, işlər hazırda 29-32 metr dərinlikdə, 4-cü səviyyədə həyata keçirilir. Ümumən qeyd edək ki, “qruntda divar” üsulu yaşayış sahələrində daha səmərəli və rahat, məhdud məkanlara uyğunluğu və effektivliyi ilə seçilir. Bununla yanaşı, texniki təchizat, sərf olunan materiallar, işçi qüvvəsinin cəlb edilməsi baxımından da daha qənaətcildir. Tikinti meydançasında ekoloji tələblərin təmin edilməsi, dinamik titrəyişlərin olmaması, səs-küyün norma hədlərində saxlanması “qruntda divar” üsulunu fərqləndirən keyfiyyətlərdəndir. Buna qədər Bənövşəyi xəttin “Memar Əcəmi” və “8 Noyabr” stansiyaları analoji qaydada inşa olunub.
Tikinti zamanı səviyyədən səviyyəyə enmək üçün qazıntı işləri aparılıb, torpaq qatı çıxarılıb, dəmir-beton konstruksiya qurularaq beton döşəmə təbəqəsi inşa olunub.
Ümumi uzunluğu 170 metr olan stansiya kompleksinin ilk üç səviyyəsində üzlük işlərinin aparılması üçün normativlərə uyğun tədbirlər görülür. Birinci səviyyədə kassa zalı və vestibül yerləşəcək. Avtomobil yolunun hər iki tərəfi nəzərə alınmaqla 4 istiqamətdə olacaq stansiya girişlərinin tikintisi inşaatın norma və qaydalarına uyğun - sonuncu mərhələdə yerinə yetiriləcək. İkinci səviyyə keçid funksiyası daşıyacaq. Burada platforma səviyyəsinə eniş, eləcə də perspektiv Sarı xəttin 6-cı stansiyasına keçid zonası artıq əvvəlcədən nəzərə alınıb. Stansiyada quraşdırılacaq 3 liftdən 2-si bu səviyyədə, biri isə kassa zalında quraşdırılacaq.
Üçüncü səviyyə texniki sahələr üçün nəzərdə tutulub. Burada xidməti otaqlar, 4 havalandırma kamerası tikiləcək.
Dördüncü və yaxud platforma səviyyəsində sağ və sol tunellərin dəmir-beton tübinqlərinin dağıdılması ilə aparılan torpaqqazma işlərinin 90 metrə yaxın hissəsi icra olunub. Digər səviyyələrdə olduğu kimi, yeddivaqonlu qatarları qəbul edəcək 144 m-lik platformada da işlər üç texniki zona üzrə təşkil edilib. Artıq üçüncü zonada platformaaltı döşəmə konstruksiyasının quraşdırılması üçün hazırlıq işləri aparılır, çınqıldan drenaj layı və onun üstündən hazırlıq betonu salınır.
Bakının ağır hidrogeoloji şərtləri burada da özünü büruzə verir. Bu mərhələdə qrunt sularının tikintinin gedişinə təsirini minimuma endirmək üçün 2-ci və 3-cü əsas suvurma qovşagı inşa edilib. Stansiya istifadəyə veriləndən sonra onlar suvurma qurğusu kimi fəaliyyət göstərəcək.
Hər iki tuneldə yol infrastrukturunun qurulması davam etdirilir. Bir tuneldə 700 metrdən artıq, digərində isə 500 metrə yaxın dəmir-beton bloklar üzərində relslər çəkilib. Həmçinin kommunikasiya xətlərinin quraşdırılması istiqamətində də tədbirlər görülür. Qatarlara gərginliyin verilməsi üçün lazım olan təmas relsi sonuncu mərhələdə quraşdırılacaq.
Stansiya infrastrukturunun qurulması üzrə tədbirlərə də başlanılıb. Elektrik yarımstansiyası üçün avadanlıqların istehsalı dünyanın qabaqcıl şirkətlərindən olan Avstriyanın “Siemens” şirkəti tərəfindən sifarişçinin texniki şərtlərinə uyğun olaraq davam etdirilir. Stansiyada bir səviyyədən digərinə keçmək pilləkənlər və 19 eskalatorla mümkün olacaq. Müvafiq kateqoriyadan olan sərnişinlərin ehtiyacları da nəzərə alınıb. Onların xidmətinə 3 lift veriləcək. Eskalatorlar və liftlər dünyanın bu sahədə aparıcı “Thyssen Krupp” şirkətinin (Almaniya) məhsulları olacaq. Bakı metropoliteninə buna qədər gətirilmiş 2 eskalator istisna olmaqla, digərlərinin, eləcə də liftlərin istehsalı prosesi bu ilin sonuncu rübünə kimi sifarişçiyə təhvil veriləcək. Həmin vaxta qədər ventilyatorların tədarükü də yekunlaşdırılacaq.
Ümumən stansiyanın inşaat işləri müvafiq plana uyğun aparılır. Qeyd edək ki, “B-04”, Bakı metropoliteninin 28-ci, xəttin isə 5-ci stansiyası olacaq.